İdman

Emin Mahmudov: “Topa tərəf qaçanda gördüm ki…”

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib. 

Təcrübəli yarımmüdafiəçi İdmanxeber.com-un da əməkdaşının da suallarını cavablandırıb.

 

– Oyunu necə dəyərləndirərdin?

– Uzun müddətdi qol buraxdıqdan sonra oyunu xilas edə bilmirdik. Bu matçda isə xarakter nümayiş etdirdik. Çünki kollektiv oyun göstərəcəyimiz halda istənilən komandanı yenəcəyimizi bilirdik. 

 

– Bərabərlik qolunda heç nədən Mirabdulla Abbasovun fərqlənməsinə imkan yaratdın. Həmin epizodu necə şərh edərdin?

– Topa tərəf qaçanda gördüm ki, rəqib futbolçu onu qapı qarşısından irəli vurmaq istəyir. Topa çatmağa çalışdım və bu, yaxşı alındı. Sonrası da hamıya məlumdu. 

 

– Səncə, bu epizodda Vitali Vernidubun günahı, yoxsa Mirabdulla Abbasovun əməyinin böyük oldu?

– Bunu deyə bilmərəm. 

 

– Əvvəllər belə oyun göstərməyinizə nə mane olurdu?

– Söhbət nəyinsə mane olmasından getmir. Sadəcə, hərdən lazımınca xarakter göstərmirdik. Qol buraxan kimi əllərimizi yanımıza salırdıq. Bu oyunda isə göstərdik ki, hesabda geri düşəndə də, istənilən vəziyyətdə də oynaya bilərik.

 

– Fasilədə paltardəyişmə otağında nə baş verdi ki, “Neftçi” ikinci hissədə daha parlaq oyun nümayiş etdirdi?

– Baş məşqçi Tərlan Əhmədov bir neçə məsələni diqqətimizə çatdırdı. Əlbəttə, iradlarını da bildirdi və bunlar düzgün nəticə çıxardıq. Baş məşqçimizə qulaq asaraq, onun tələb etdiyi kimi oynadıq. Bununla da nəticə gəldi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43