Müsahibə

“Empoli”nin hücumçusu: “Əgər Azərbaycanda qorxu olmasa…” (MÜSAHİBƏ)

Gürcüstan millisinin və “Empoli”nin forvardı Levan Mçelidze müsahibə verib:

– Yığmanın heyətində Almaniya ilə qarşılaşdın. Matç haqda hansı fikirdəsən?
– Almaniya ilə matçda pis oynamadıq. Sadəcə, dayana bildiyimiz qədər dayandıq. Almanlar iki qol vurub, istəyinə çatdı. Ancaq görünürdü ki, özləri də bizdən çəkinirlər. Ehtiyatlı oynayırdılar. 

– Yeni baş məşqçiniz Kaxaber Sxadadze ilk rəsmi görüşünə çıxmışdı. Ancaq onu da sevindirə bilmədiz…
– Biz də istəyirdik ki, uğurlu nəticə qazanıb, onu sevindirik. Amma alınmadı. Azarkeşlər uduzmağımıza baxmayaraq, bizdən narazı qalmadılar. 

– Kaxanın “İnter”də işlədiyini, yəqin ki, bilirsən
– Bəli, “İnter”də çalışdığını bilirəm. Mənim üçün də maraqlı komandadı. Onlara uğurlar arzu edirəm.  

– “İnter” haqda məlumatlı olduğunu söylədin..
– Elədi. Düzdü, Azərbaycan Premyer Liqasını və futbolçularını çox da tanımırlar. Amma gürcülər Avropada tanınır. Hər halda millinin heyətində olarkən, Aleksandr Amisulaşvili ilə danışırdım, “İnter” haqda söhbət edirdi. Deyir, Azərbaycan futbolunun səviyyəsi yüksəlir. 

– Kaxaber Sxadadze haqda hansı fikirdəsən?
– O, çox yaxşı futbolçu olub. İndi də yaxşı məşqçidi. Üstəlik, futbolçularla münasibəti pis deyil. Yaxşı insandı. Böyük və əfsanəvi addı. Öz işinə çox bağlıdı. Komanda üçün hər şey edir. Gürcüstan xalqı üçün çox çalışır.

– İtaliya futboluna bələdsən. Azərbaycan və İtaliya komandaları AÇ-2016-nın seçmə mərhələsində eyni qrupda mübarizə aparır. Bu haqda nə deyəcəksən?
– Bir qrupda olmağınızdan məlumatlıyam. İtaliya ilə eyni qrupda olmaq çətin məsələdi. Deməli, ağır qrupdasız. Biz də onlarla bir neçə dəfə oynamışıq. İtalyanlara qarşı oynamaq çox çətindi. Məncə, Azərbaycan bütün komandalara qarşı oynaya bilər. Sadəcə, rəqibdən qorxmaq lazım deyil. Qorxu olmasa, Azərbaycan hər bir rəqibə qarşı oynaya bilər.

– İlk matçda İtaliyaya səfərdə 1:2 hesabı ilə məğlub olmuşuq. Təsadüfən bu oyunu izləməmisən?
– Xeyr, baxmamışdım. Ola bilər, hesab 1:0 ya 2:1 olub. Onlar, adətən, belə qazanır. İtaliya hər zaman güclü oynayır və rəqiblərə hörmətlə yanaşır. 

– İkinci görüş də Bakıda olacaq. Bu oyunda Azərbaycan millisinin şanslarını necə görürsən?
– Bu oyun haqda bir söz deyə bilməyəcəm. Ümid edirəm ki, Azərbaycan İtaliya önündə yaxşı oyun göstərəcək. Amma İtaliya önündə uğurlu nəticə qazanmaq çox çətindi.

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43