23 Avqust 2019
Kateqoriyasız

“Energetik”in prezidenti: “Getmişəm kimlərinsə qapısına ki, 50 manat ver

Ölkənin köklü futbol klublarından sayılan “Energetik”in bugünkü durumu ürəkaçan deyil.

İdmanxeber.az-ın məlumatına görə, son illəri Region Liqasında keçirən klub fəaliyyətini dayandırmaq üzrədi. Buna səbəb isə “Azenco” şirkətinin kluba sponsorluqdan imtina etməsidi. Maliyyə problemləri ilə üzləşən Mingəçevir təmsilçisinin tarixə qovuşmaq ehtimalı böyükdü.

Bu üzdən klubun prezidenti, vaxtilə elə “Energetik”də futbolçu kimi çıxış etmiş Ruslan Həmidovla danışdıq. Ruslan bəy bunları söylədi: “1 ildi bizə ezamiyyətpulu verilmirdi. Bu müddətdə, 150 manat maaş almışam. Halbuki mətbuatda 180-190 manat yazırlar. Belə deyil, indi bütün məlumatları sizə verəcəm. Mən 180-190 manat maaş görməmişəm, yalandı. 2003-cü ildən, 2018-ci ilə qədər 130-150 manat əməkhaqqı almışıq. 180 manatı isə prezident fərman verəndən sonra cəmi 1 dəfə görmüşük. Bu yaxınlarda isə “Azenco”dan zəng vurdular ki, “gəlin ərizələrinizi yazın, əməkhaqqı verilməsi dayandırılır. Zavodun sizi saxlamağa gücü çatmır”. Halbuki həmin “Azenco” şirkəti Qusar “Şahdağ”ına da sponsorluq edir. Futbolçulara ayda 700-800 manat maaş verirlər. Mən onlara heç nə edə bilmərəm, çünki MMC-di. Sadəcə Azərbaycan futboluna ürəyim yanır”.

Həmidov “Energetik”in Region Liqasındakı açınacaqlı durumuna da toxundu: “180 manatı cəmi 1 ay gördük. Allaha and olsun 1 ildi uşaqları oyuna pomidor-çörəklə aparıram, kolbasa-çörəklə gətirirəm. Mingəçevir əhalisi, iş adamları olmasaydı, “Energetik” çoxdan dağılardı. 1 ildi mingəçevirlilər bu uşaqları saxlayır. Rusiyada, digər Avropa ölkələrində yaşayan mingəçevirlilər hesab açdırdılar, biri 1000 rubl verirdi, digəri 50 avro göndərirdi. Bir il ərzində ezamiyyətə 78 min manat pul xərcləmişəm. O da bilirsiz necə? Düşmüşəm qabağa, getmişəm kimlərinsə qapısına ki, “qardaş sabah oyuna yollanırıq, 50 manat ver”. Sağ olsunlar hara getmişəmsə kömək edirdilər. “Azenco”dan dedilər ki, “5-ci günə qədər ərizələri çatdırın, sizi işdən azad edirik”. İndi qalmışam belə. Ayyarım əvvəl, Energetika Nazirliyinə getdim. 20 gün əvvəl, “Azərişıq”ın sədrinin qəbulunda olmuşam. AFFA-ya da məktub yazmışam”.

Klub prezidenti yeganə ümid yerinin “Azərenerji” olduğunu söylədi: “Yeganə ümidimiz “Azərenerji”nin prezidenti Balababa Rzayevdi. Mingəçevirdə futbolu yalnız bu insan qaldıra bilər. Burda QRES zavodu var. Vaxtilə komnandanı maliyyələşdirirdi. Demək istəyirəm ki, burada futbolu yüksəltmək üçün bizə QRES-də 27 nəfərlik ştat verilməlidi. Balababa müəllimin qəbuluna yazılmışam, ondan da xahiş edəcəm ki, Mingəçevirin futbolunu yaşatsınlar. Çünki bura futbol məktəbi olub, veteran futbolçularımız var. Region Liqasında Sumqayıt komandası ilə oyuna 3800 tamaşaçı gəlmişdi. Ümidimiz Balababa müəllimədi. Mingəçevir futbolunun düzəlməsi üçün QRES-dən 27 ştat almalıyıq. Orda minimum əməkhaqqı 450 manatdı. Balababa müəllim gələndən sonra, “Azərenerji”də minimum əməkhaqqını qaldırdılar. Ən zəif, fəhlə maaşı nədisə, mən ona qaneyəm. 26 futbolçunun adını yazsınlar, bununla da Mingəçevir futbolu inkişafa doğru gedəcək. Bunu sizə 100 faiz, əminliklə deyirəm. Baxın, U-17 yığmamıza 3-4 namizədimiz var. Hansı ki, onları yığma səviyyəsinə 150 manat maaşla qaldırmışam”.

“Eneregtik”in sabiq futbolçusu iş adamlarının kluba yaxın durmamasının səbəblərini də dedi: “Bəzi iş adamları var, sponsorluğa dəvət etmişəm. Ancaq deyirlər ki, “tutaq ki, futbola maliyyə yatırdım, bəs mənim qazancım nədi? Nədən azad olacam?”. Cavab verirəm ki, “heç nə”. Deyir ki, “onda niyə baxmalıyam? Vergidən azad olsam baxardım” Belə baxıram ki, düz deyir. Bir komandanın divizionda çempionluğa oynaması üçün ən azı ildə 200 min manat lazımdı. Yəni gəliri olmayandan sonra bu adam hardan qazanc əldə etsin? Elə şey olar ki, kimsə gətirib mənə 200 min manat versin, ancaq özü heç nə qazanmasın? Biz yalnız QRES-dən maliyyələşə bilərik. Ümidimiz Balababa müəllimdi. Bu şeylər olmasa Mingəçevir futbolunun sonudu. Bizə ancaq “Azərenerji” baxa bilər. Bu da olmasa, fərz edin ki, Mingəçevirdə futbolun məzarı qazılıb, indi də basdıracağıq”. (Sport7.az)

Oxşar xəbərlər

AVRO-2020: Ukrayna və İspaniyadan darmadağın – gecənin nəticələri

admin

“Qəbələ” – “Qarabağ” matçı ona tapşırıldı

admin

Slovakiya millisi Bakıda

admin