Müsahibə

Ermənistan millisinin futbolçusu “Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox” – MÜSAHİBƏ

"İnter"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Moldova "Tiraspol"unun şərəfini qoruyan Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturovun müsahibəsi

– "Tiraspol" – "İnter" matçından nə gözləyirsiz?

– Biz bu oyuna yaxşı hazırlaşmışıq və Bakı komandasını keçmək istəyirik. Qələbəyə oynayacağıq. Amma hər şeyə Azərbaycanda aydınlıq gələcək.

– "İnter" haqda nə bilirsiz?

– Yaxşı komanda olduğunu bilirəm. Atletikdilər, texnikalıdılar. Bizə çətin olacaq. Amma istənilən halda biz ilk mərhələni keçmək istəyirik.

– Bakıdakı cavab oyununa gələcəksiz?

– Hələ bilmirəm. Amma mənə elə gəlir ki, gələrəm.

– Yəqin ki, bu, Azərbaycana ilk səfəriniz olacaq…

– Bəli. İsti qarşılanacağımı gözləyirəm. Bilirəm ki, ölkələrimiz arasında müharibə şəraiti hökm sürür. İnanın ki, bu, mənim xoşuma gəlmir. Normal insan müharibəyə gedəndə, ürəyi ağrıyır. Ümumiyyətlə, mən insanları milliyətinə, dininə görə fərqləndirməyi xoşlamıram. Əsas insan olmaqdı.

– Düşünmürsüz ki, Bakıda yerli azarkeşlərin pis münasibəti ilə qarşılaşa bilərsiz?

– Bu, onların şəxsi işidi.

– Qorxmursuz?

– Hələ ki, yox.

– Hələ ki?

– Zarafat edirəm. Nədən qorxmalıyam ki? Mən ora futbol oynamağa gəlirəm, müharibə etməyə yox.

– "Tiraspol"a mərhələ keçmək nə dərəcədə çətin olacaq?

– Əgər qələbə qazanmaq istəməsək, meydana çıxmağa dəyməz. Bir yox, bir neçə mərhələ keçmək istəyirik.

– Sizcə, FİFA və UEFA Azərbaycan yığmasını, klublarını püşkatmalar zamanı ayırmaqla düzgün addım atır?

– Məncə, beynəlxalq qurumlar bununla təhlükəsizliyi düşünürlər. Bu, düzgün seçimdi. Futbol insanları bir-birinə düşmən etməməlidi. Çünki bu, idmandı.

– Sizcə, Azərbaycan və Ermənistan yığmaları bir-biri ilə oynasaydı, üstünlük hansında olardı?

– Bunu oyun göstərərdi. Fikrimcə, şanslar bərabərdi.

– Azərbaycan komandaları haqda nəsə bilirsiz?

– Yığmanızın Rusiyaya qarşı oyununu izləmişəm. Çox yaxşı komandadı. Baş məşqçiniz də səhv etmirəmsə, Berti Foqtsdu.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43