25 Fevral 2020
Kateqoriyasız

“Etimadı bacardığım qədər doğrultmağa çalışacağam” – “Zirə”nin yeni transferi

“Zirə”nin yeni transferi Yovan Krnetanın klubun rəsmi saytına müsahibə verib. İdmanxeber.az həmin müsahibəni təqdim edir.

– Yovan, yenidən səni “Zirə”də görmək xoşdu. Evinə xoş gəlmisən. “Zirə”də olmadığın bir il yarım müddətdə də azarkeşlər də səni unutmamışdı. Sosial şəbəkələrdə də tez-tez yenidən səni komandada görmək istədiklərini bildirirdilər. Bununla bağlı nə deyə bilərsən?

– Bunu eşitmək çox xoşdur. Təbii ki, 3 il “Zirə”nin şərəfini qorumuşam. “Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. “Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməyi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəyəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onlarınn dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.

– İlk olaraq, qış toplanışı ilə bağlı fikirlərini bilmək maraqlı olardı…

– Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın başlamasını səbrsizliklə gözləyirik.

– Sən əvvəl də “Zirə”də çıxış edəndə hazırkı baş məşqçi Zaur Həşimov da komandada idi. Onunla işləmək sənə nə dərəcədə rahatdır?

– Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandır. Buna baxmayaraq, üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidir. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacağam.

– Sənin ilk dəfə “Zirə”də birlikdə oynadığın futbolçuların əksəriyyəti artıq komandada yoxdur. Yeni kollektivə uyğunlaşma necə gedir?

– Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardır. Düşünürəm ki, əgər məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.

– Qarşıda bizi iki dövrə gözləyir. Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandamızı yenidən qitə səhnəsində görə biləcəyikmi?

– Növbəti oyunlara yaxşı köklənmək lazımdır. Nəzərə alsaq ki, qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.

Oxşar xəbərlər

“Neftçi” “Bakcell Arena”ya qayıtdı

admin

Əliyar Ağayev Avroliqanın pley-off oyununda

admin

“Qarabağ” – “Neftçi” oyununun vaxtı müəyyənləşdi

admin