25 Sentyabr 2024
İdman

“Fənərbağça”da oynamaq xəyalımdır” – “Gəncə”nin oyunçusu

Basketbol üzrə “Gəncə” komandasının oyunçusu Vüqar Məmişovun idmanxeber.az saytına müsahibəsi

– Qarşıda “Neftçi İK” ilə oyununuz var. Görüş barədə fikirlərin maraqlıdır…

– Rəqiblə öz meydanımızda qarşılaşacağıq. Bu, bizim üçün böyük üstünlükdür. Təbii ki, hədəfimiz ancaq qalib gəlməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik. Bu oyunda azarkeşlərdən böyük dəstək gözləyirik.

– Komandanın çempionluq hədəfi var. Hazırda isə 5-ci pillədəsiniz. Səncə, çempionluq gələcək?

– Açığı, şansımızın yüksək olduğunu düşünürəm. Həm yerli, həm də əcnəbi oyunçularımız digər komandalardan üstündür. Məncə, çempion ola biləcək heyətə sahibik. Səviyyəcə heç kimdən geri qalmırıq.

– Ölkədəki basketbola olan maraq peşəkar oyunçu kimi səni qane edir?

– Bu il digərlərinə görə fərqlənir. Maraq xeyli artıb. Ancaq təbii ki, kifayət deyil. Yaxın illərdə daha çox marağın olacağını düşünürəm. Oyunlara gələn azarkeşlərin sayını mütləq artırmalıyıq.

– Basketbola marağın artması üçün hansı işlər görülməlidir?

– Öncə uşaq basketbolu inkişaf etməlidir. Hazırda bununla bağlı federasiyamız yaxşı işlər görür. Ümid edirəm ki, yaxın gələcəkdə bunun nəticələri olacaq. Ancaq basketbola marağın artması üçün telekanallara da böyük iş düşür. Oyunlar daha çox göstərilməlidir.

– Bölgədə yaşamağın əlavə çətinlikləri var?

– Xeyr, deməzdim. Şəhərlə müqayisədə eyni məşq sistemidir. Əksinə, burada daha çox məşqlərə köklənə bilirik. Gəncəyə sırf hazırlıq və oyunlar üçün gəlmişik.

– Karyeranla bağlı danışsaq, hədəflərin nələrdir? NBA və ya Avroliqanı oyunlarını izləyirsən?

– Açığı, gələcək planlar barədə heç nə düşünmürəm. Tək hədəfim ölkə çempionu olmaqdır. Avroliqada “Fənərbağça”ya azarkeşlik edirəm. O klubda oynamaq xəyalımdır. Hazırda bu, əlçatmaz görünür. NBA-da isə “Dallas Maveriks”i daha çox bəyənirəm.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43