Müsahibə

Fariz Nəcəfov: “Bacardığımız budu” (MÜSAHİBƏ)

UEFA Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilir. 

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Qəbələ” evdə Rusiya “Krasnodar”ına 0:3 hesabı ilə uduzaraq, qrup mərhələsini sonuncu yerdə başa vurub.

“Bakcell Arena”dakı matçdan sonra Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

– Fikrimcə, daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qollar buraxdıq. Ümumilikdə, oyun maraqlı keçdi. Futbolçularımıza əzmkarlığa və sona qədər mübarizə apardıqlarına görə təşəkkür edirəm. Oyunçularımıza bu bir neçə ayda bizə və bütün ölkə futbolsevərlərinə Avroliqa həyəcanı yaşatdıqları üçün də təşəkkür edirəm. Ümumiyyətlə, komandadan bu səviyyədə oyunu, qrupa düşməyi gözləmirdik. Mən “Qəbələ” ilə fəxr edirəm. Baxmayaraq ki, qrupda axırıncı yeri tutduq, növbəti mərhələyə çıxa bilmədik, ancaq mən komandamla qürur duyuram.

– Sonluğun daha fərqli olacağını gözləyirdik. Ən azından “qapını bərk çırpmaq” olardı…

– Futboldu, hər şey olur. Biz də gözləyirdik. Uşaqlar əllərindən gələn hər şeyi etdilər. Hamı gördü ki, nə bacardılarsa, onu da göstərdilər. Bacardığımız budu, yəni bundan artığını bacarmırıq.

– Komanda sanki meydana çıxanda artıq məğlubiyyəti qəbul etmişdi. Çox həvəssiz görünürdü…

– Mən elə deməzdim. İlk qolu buraxana kimi çox yaxşı oynadıq.

– Klubun prezidenti Tale Heydərov komanda ilə görüşdü. Paltardəyişmə otağında nə baş verdi?

– Avroliqadakı axırıncı oyunumuz idi. Qrupa düşdüyümüzə və keçirdiyimiz oyunlara görə komandaya təşəkkür elədi. Futbolçulardan bundan sonra əsas diqqətləri daxili çempionata yönəltməyi istədi. Qarşıdakı oyunlarda xallar qazanmaq lazımdı.

– Qarşıdan qış transfer mövsümü gəlir. Eşitdiyimizə görə, komandada bəzi dəyişikliklər olacaq. Bəzi futbolçularla vidalaşmaq fikrindəsiniz…

– Bu barədə hələ məşqçi ilə heç bir söhbət etməmişik. Ola bilər…

– Ümumiyyətlə, builki Avrokuboklarda qazanılmış uğurun növbəti il də əldə olunması üçün nə etməyi planlaşdırırsınız?

– Sizinlə razıyam. Görüləsi işlər çoxdu. Bu turnir bizim üçün böyük təcrübə oldu. Futbol baxımından bütün işlərlə məşqçilər korpusu məşğuldu. Çatışan və çatışmayan şeyləri onlar müəyyənləşdirəcəklər. Rəhbərlik olaraq əlimizdən nə gəlirsə, eləməyə çalışacağıq ki, növbəti mövsüm daha uğurlu çıxış edək.

– Bu mövsüm məcburiyyətdən ev oyunlarını Bakıda keçirməli oldunuz. Gələn il də Avrokuboklarda çıxış etsəniz, stadion məsələsini necə həll etməyi düşünürsünüz?

– Stadionla bağlı işlər görülür. Layihə hazırlanır. Deyə bilmərəm ki, gələn mövsümə qədər çatdıracağıq, ancaq ən azından növbəti Avrokubok mövsümündə qrupa düşsək, çalışacağıq ki, oyunlarımızı orada keçirək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43