Müsahibə

Fariz Nəcəfov: “Çatışmazlıqları görmək üçün mütəxəssis olmaq lazım deyil”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı cavab matçından (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com sizi həmin müsahibə ilə tanış edir:

– Asan qələbə qazanacağınız gözləyirdiniz?

– Belə asan qələbə qazanacağımızı gözləmirdim. Uşaqlar 90 dəqiqə ərzində əsl bizə lazım olan kimi futbol sərgilədilər. Bu rəqibi keçəcəyimizə inanırdıq. Komandamız oynamağı bacardığını sübut etmək istəyirdi. Futbolçulara yarımfinalda uğurlar arzulayıram.

– İstədiyiniz “Qəbələ”ni görə bildiniz?

– Çatışmazlıqları görmək üçün mütəxəssis olmaq lazım deyil. Amma görmək istədiyimiz oyuna yaxınlaşdığımızı demək olar.

– Sizə elə gəlmir ki, “Qəbələ” tədricən dirçəlir?

– Görünür, bu, bizim ənənəmizdir. İlin bu vaxtında dirçəlirik (gülür).

– Bu gün tribunalara azarkeşlər çox gəlmişdi…

– Bildiyiniz kimi, yeni aksiyaya başlamışıq. Fikrimcə, bundan sonra tribunalara toplaşan azarkeşlərimizin sayı daha çox olar.

– Azarkeşlər Cavid Hüseynovun da ad gününü unutmadılar…

– O, bizim komanda üçün uğurlu oyunçu olub. Azarkeşlər də bu üzdən onu unutmurlar və yaddaşlarında saxlayıblar. İnanırıq ki, Cavid azadlığa çıxacaq və günahsız olduğu sübut olunacaq.

– Rəşad Eyubovun çıxışı sizi qane edir?

– Əsas odur ki, baş məşqçimiz ondan razı qalsın.

– “Qəbələ” böyük ehtimalla avrokuboklara vəsiqə qazanacaq. Avrokuboklarda qarşıya hansı hədəflər qoyulacaq?

– Yenidən qrup mərhələsində oynamaq istəyirik. Bunu ənənəyə çevirməliyik. Düzdür, Avroliqanın yarımfinalına kimi irəliləmək üçün gücümüz yoxdu. Amma qrupa düşə bilirik. 10 il əvvəl futbolumuzda belə hallar olmurdu. Futbolumuz inkişaf edir. Biz də bu inkişafdan geri qalmamalıyıq.

– Futbolçuların maaşları azaldılıb?

– Xeyr. Müqavilələrindəki şərtlərə görə məvaciblərini alırlar. Ola bilər ki, yeni müqavilədə az maaş təklif edək.

– Yayda daha səviyyəli oyunçular almağı planlaşdırırsınız?

– Biz daim bu yöndə çalışmalarımızı davam etdiririk. Marat İzmaylov, Aleksey Qay kimi futbolçuların transferi də bunun nəticəsidir. Amma bizim sistemimizə cavab verən, baş məşqçimizin istədiyi oyunçuları almaq lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43