08 Sentyabr 2024
İdman

Federasiya prezidenti: “Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik”

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədovun müsahibəni təqdim edirik.

– Bir neçə gün öncə Azərbaycan Bilyard Federasiyasına prezident təyin olundunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı…

– Çox sevindirici haldır, eləcə də böyük məsuliyyətdir. Federasiyanın prezidenti olmaq bütün yükü öz üstünə götürmək deməkdir. Bilyard idman növünü Azərbaycanda yüksək səviyyəyə qaldırmaq üçün böyük işlər görülməlidir. İnanıram ki, buna gücüm çatacaq. İstəyim ölkədə bilyardı inkişaf etdirməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm. Güclü komanda yığmışam. Bu yükün altına girməkdən çəkinmədim.

– Son vaxtlar Azərbaycanda bilyard sanki bir qədər kölgədə qalıb. Bu idman növündəki durğunluğun səbəbini nədə görürsünüz?

– Bilyard elə idman növüdür ki, onun üzərində ciddi işləmək lazımdır. Bizdə insanlar bilyarda əsasən əyləncə kimi baxırlar. Gəldin, bir saat oynadın və çıxıb getdin. Əslində belə olmamalıdır. Bütün dünyada bilyard idman növü kimi tanınır. Bizdə isə vəziyyət fərqlidir. İnsanlar bununla peşəkar səviyyədə məşğul olmaq istəmirlər. Məqsədimiz bilyardı həvəskar səviyyədən peşəkar statusa keçirməkdir.

– Bu istiqamətdə hansı işlər nəzərdə tutulub, nə kimi planlar var?

– Özümüz üçün strategiya müəyyənləşdirmişik. Bu il çempionat və turnirlərin sayını artırdıq. Səkkiz ölkə çempionatı nəzərdə tutulub. Regionlarda bəzi işlər görmək, həmçinin turnirlər təşkil etmək istəyirik. Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıq etməyi düşünürük. Uşaqları bu idman növünə cəlb etmək üçün məktəblərdə seminarlar təşkil etmək olar. Lazım olsa, uşaqları federasiyaya dəvət edib, onlar üçün master-klas da keçə bilərik. Onları həvəsləndirməliyik. Planda gənclər üçün bilyard məktəblərinin açılması da var. Hazırda bilyard valideynlərin öz uşaqlarını yazdırmaq istədiyi bəlkə də ən axırıncı idman növüdür. Bunu daha çox əyləncə kimi görürlər. Bu cür problemləri həll etməyə çalışacağıq. Azərbaycanda bilyardı sıfırdan yaratmaq istəyirik.

– Əlbəttə. Amma inanıram ki, bunu bacaracağıq. Əsas odur ki, işini sevəsən. Məndə də bilyarda tükənməz sevgi var. Bu idman növünü inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.

– Bu işdə sizi ən çox motivasiya edən nədir?

– Mən gözümü açandan bilyard görmüşəm. Atam bu federasiyanın ilk prezidenti olub. Uşaqlıqdan məndə bu idman növünə sevgi var. Atam dünyasını dəyişəndən sonra bilyardda durğunluq yarandı. 2000-ci ildə federasiya yenidən fəaliyyətini bərpa etdi. Mən də milli komandaya qoşulub idmançı karyerama başladım.

– Federasiya prezidenti seçildikdən sonra karyeranızı başa vurmağı düşünürsünüz? Yoxsa hələ də peşəkar səviyyədə bu idman növü ilə məşğul olmağa davam edəcəksiniz?

– Federasiya prezidenti olsam da, bilyardla peşəkar səviyyədə məşğul olacaq idmançılar hazırlayacağam. Bilyardın inkişafı üçün bu amil çox önəmlidir. Hətta beynəlxalq turnirlərə də qatılacağam.

– Bu il Azərbaycanda beynəlxalq bilyard yarışlarının təşkili planlaşdırılır?

– Bəli, planlar var. Azərbaycanda dünya çempionatı keçirmək istəyirik. Yarışın bu il və ya 2025-ci ildə təşkil olunması planlaşdırılır. Amma ortada hələ dəqiq bir şey yoxdur. Sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, lakin inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik.

– Fevralda ilk dəfə bilyardın daxili qarışıq piramida növü üzrə ölkə çempionatı olacaq. Həmin yarışa maraq hansı səviyyədədir?

– Maraq çox böyükdür. Bir məqamı qeyd edim. Bakıda kifayət qədər yaxşı bilyard klubları var. Hansına getsəniz, kifayət qədər insanın bilyard oynadığını görərsiniz. Amma bayaq da qeyd etdiyim kimi, bu, hələlik həvəskar səviyyədədir. Elə etməliyik ki, buna idman növü kimi yanaşsınlar. Yarışa da böyük maraq var. Təqribən 60-a yaxın idmançının iştirakı nəzərdə tutulub. Gəncədən çox yaxşı idmançılarımız var. Digər regionlardan da bilyardla məşğul olan şəxsləri bu yarışa cəlb etmək lazımdır.

– Regionlarda bilyard idman növünün təbliği və inkişaf etdirilməsi üçün hansı addımlar atılacaq?

– Bilirsiniz ki, bu il Quba şəhəri “idman paytaxtı” seçildi. Orada bütün idman növləri üzrə yarışlar keçiriləcək. Biz də öz Quba Kuboku turnirini təşkil edəcəyik. Gəncə, Sumqayıt və Şəkidə də analoji yarış keçirmək istəyirik. Hazırda regionlarla bağlı başlıca problem bilyard klublarının az olmasıdır. Ona görə də hər regionda turnir təşkil edə bilmirik. Amma problemlərin həlli istiqamətində işlər davam etdirilir. Gənclər və İdman Nazirliyi də bu işdə bizə yaxından dəstək olur.

– Sponsor məsələsi nə yerdədir? Danışıqlar apardığınız, bu işə maraq göstərən şirkətlər varmı?

– Bəli, var. Amma hələ adlarını çəkmək istəmirəm. Təsdiqləndikdən sonra hər kəs biləcək.

– Azərbaycan bilyardçıları bu il beynəlxalq turnirlərdə də iştirak edəcəklər. Maraqlıdır, milli komandanın heyəti necə müəyyənləşəcək?

– Yığmaya düşmək üçün şərtlər tez-tez dəyişdirilir. Sonuncu dəfə tələb belə idi ki, idmançı milli komandaya düşmək üçün iki ölkə çempionatında nəticə verməlidir. Dünya və Avropa çempionatlarına hazırda yığmada olan bilyardçılar gedəcəklər. Əlavə yer olarsa, seçim üçün yenidən daxili yarış keçiriləcək.

– Hazırda Azərbaycanda bilyardla peşəkar səviyyədə məşğul olan neçə idmançı var?

– Dəqiq say demək çətindir, amma az deyil. Məsələn, yarış keçirəndə kifayət qədər çox idmançı müraciət edir. Bizdə bilyardın üç növü – “piramida”, “pool” və “snooker” daha populyardır. “Piramida”nın qeyri-rəsmi adı “rus bilyardı”dır. XVIII əsrdə Rusiyada yaranıb. “Pool” “amerikan bilyardı”, “snooker” isə “ingilis bilyardı” adlanır. Çünki vətəni həmin ölkələrdir. Hər üç növdə fərqli idmançılar iştirak edirlər. Hazırda yığmamızda “piramida” və “pool” üzrə 17 idmançı var.

– Milli komandaya yeni məşqçilər təyin olunub?

– Hazırda bunun üzərində işləyirik. Hələlik dəqiq deyil. Bu həftə ərzində təsdiqlənəcək.

– Yerli mütəxəssislər olacaq, yoxsa əcnəbi məşqçi dəvət etmək istəyirsiniz?

– Hələlik yerli məşqçilərlə işləyəcəyik. Amma gələcəkdə əcnəbi mütəxəssis dəvət etmək fikrimiz var.

– Ölkənin ən tanınmış bilyardçısı kimi bu idman növü ilə bağlı insanlara nə demək istərdiniz?

– Bilyard çox gözəl idman növüdür. Bəzən deyirlər ki, idmanda bədəni gücləndirmək üçün hərəkət olmalıdır. Bu, bilyardda da var. Beş dəqiqə bilyard oynayanda stolun ətrafında xeyli gəzirsən. Şarı vurmaq üçün əyilib-qalxırsan. Bu idman növündə ən önəmli orqan gözdür. Hətta görmə qabiliyyəti zəif olan insan bilyard oynayanda gözləri aktivləşir. Burada beyin, göz və qol bir-biri ilə əlaqəli işləyir. Beyin qola siqnal ötürür. Qol isə şara zərbə vurur. Bilyard da şahmat kimidir. Burada növbəti addımları hesablamalısan. Beyin daim aktiv işləyir, ona görə də bu orqan yorulur. Bu səbəbdən bilyard kənardan göründüyü qədər sadə idman növü deyil. Bunun da öz çətinliyi var. Burada psixoloji hazırlıq da vacibdir. Uşaqlar bilyardla məşğul olsalar, çox bəyənəcəklər və aralarından yaxşı idmançılar çıxacaq. Nəticə vermək istəyirsənsə, məşğul olduğun idman növünü sevməlisən. Mən bu idmana sırf bilyard oynamaq üçün gəlməmişdim. Məqsədim var idi. Bunun üçün gündə 8 saat məşq edirdim. Bir il ərzində gənclər arasında Azərbaycan çempionu olduqdan sonra məni böyük yaş kateqoriyasına keçirdilər. 1,5 il ərzində qarşıma qoyduğum hədəfə nail oldum. Bundan sonra karyeramda daim yüksəliş oldu. Nəyə görə? Çünki bilyardı sevirəm. Söz verirəm ki, federasiya prezidenti kimi bu idman növünü Azərbaycanda yüksək səviyyəyə çatdıracağam.

– Türkiyədə bilyard populyar idman növü sayılır. Qardaş ölkənin Semih Sayqıner kimi kifayət qədər tanınan idmançısı var. Gələcəkdə Azərbaycan bilyardında Türkiyə təcrübəsi tətbiq oluna bilərmi?

– Semih Sayqıner bilyardın “karambol” növü ilə məşğuldur. Bu növ bizdə yoxdur. Bu oyunda 3 şar olur ki, maksimum xal yığmalısan. Azərbaycanda bu növ inkişaf etməyib. Hələlik əlimizdə olanları inkişaf etdirək, gələcəkdə digər növlərə də keçərik. (Azertac.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43