“Açığı, İsveçə məğlub olacağımızı gözləmirdim. Ən azından bir xal qazana bilərdik. Oyundakı penalti qırılma nöqtəsi oldu. Əgər penaltini qola çevirsəydik, psixoloji üstünlüyə yiyələnərdik və ikinci hissə daha rahat oynayardıq”.
Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq üzvü Vurğun Hüseynov yığmanın Millətlər Liqasında keçirdiyi İsveç və Slovakiya görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Slovakiya oyununda çox zəif oynadıq, onlar hər tərəfli bizi üstələdi. Rəqiblərə baxanda bizimlə səviyyə fərqi açıq görsənir. Futbolçuları müqayisə etməyə dəyməz. Ancaq qarşıdakı oyunlarda daha yaxşı nəticə qazana bilərik. Geridə qalan iki oyundan sonra baş məşqçi barədə də nəsə demək tezdi. Çünki Fernandu Santuş yeni gəlib, futbolçuları tanımaq üçün vaxt lazımdır. Ən azı xarakterlərini bilməlidir. Ancaq təbii ki, milli məğlub olubsa, hər kəsdə günah var.
Məşqçinin heyət seçimi ilə bağlı ciddi bir narazılıq demək olmur. Klublarda önə çıxan oyunçuların hamısı yığmaya dəvət almışdı. Yalnız bir oyunçu var ki, onu da çağırmaq olardı. “Sumqayıt”dan Rüfət Abdullazədə. Bu futbolçu da çox yaxşı formadadı”.
Millimizin sabiq üzvü Slovakiya qarşısında yaxşı oyun keçirməyən Amin Seydiyev barəsində də danışıb:
“Düzdür, Amin çox zəif çıxış etdi. Amma bir oyuna görə onu silə bilmərik. Seydiyev gələcəkdə milliyə çox kömək edəcək. Üstünə çox getmək doğru deyil. Ən azından qardaşımızdı, azərbaycanlıdı”.
Həsən Quluzadə