21 Sentyabr 2024
Ölkə futbolu

“Fernandu Santuşun millidə hansı sistem tətbiq edəcəyi hamıya maraqlıdır”

“Milli komandanın qarşıdakı oyunları barədə indi nəsə demək çox çətindi. Yeni baş məşqçi ilə ilk görüşlərimizə çıxacağıq. Heç bir yoldaşlıq oyunu keçirmədən belə bir turnirdə iştirak edəcəyik. Fernandu Santuşun millidə hansı sistem tətbiq edəcəyi hamıya maraqlıdır”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov milli komandamızın Millətlər Liqası çərçivəsində keçirəcəyi İsveç və Slovakiya görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Rəqiblər çətin komandalardı. Əlbəttə, asan olmayacaq. Amma bizim futbolçular da yaxşı formadadırlar. “Qarabağ”da çox yaxşı çıxış edirlər. Avrokuboklarda da bunu gördük. Məncə, iki oyunda da mübarizə aparmaq olar. Hər kəs bu görüşlərdən millinin xal qazanacağını gözləyir.

Bu gün rəqiblərlə bizim səviyyəmizi müzakirə aparmağa dəyməz. Yaxşı bilirik ki, onların heyətində yüksək liqalarda çıxış edən futbolçular var. Bir çoxu böyük ölkələrdə legioner həyatı yaşayır. Bizim oyunçularımız da pis təsir bağışlamır. Bu səbəbdən də ümidliyik”.

Təcrübəli mütəxəssis gələcəkdə millinin heyətində “Şamaxı”dan futbolçu olacağına inandığını bildirib:

“Milliyə futbolçu çağrılanda turnir cədvəlinə də baxılır. Ümid edirəm ki, yaxın gələcəkdə “Şamaxı”dan da futbolçu olar yığmada. Oyunçularım yaxşı performans göstərsələr, yaxın vaxtda milliyə dəvət ala bilərlər”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43