Ölkə futbolu

FİFA “Neftçi”dən nə tələb etdi?

"Neftçi"nin sabiq hücumçusu Emil Mpenzanın Belçikanın “Eendracht Aalst” klubuna keçidində heç bir problem qalmayıb.

Sözügedən ölkə təmsilçisi bu barədə FİFA-dan razılıq alıb. Ali futbol qurumu Mpenzanın lazımi sənədlərinin həmin kluba göndərilməsi üçün "Neftçi"yə tapşırıq verib.

Bu barədə “Eendracht Aalst”  klubunun prezidenti Kris Yanssen yerli mətbuata açıqlamasında deyib:

“FIFA qərara alıb ki, Mpenza “Eendracht Aalst” klubunda oynaya bilər. “Neftçi” oyunçunun bütün sənədlərini yollamağa borcludur. Bu, yeddi günə qədər çəkə bilər”.

Məlumat üçün deyək ki, ötən ilin aprelində Mpenzanın meneceri "Neftçi"dən müqaviləyə birtərəfli şəkildə xitam verildiyinə görə, geridə qalan 18 ay üçün 700 min təzminat tələb etmişdi. Lakin sonradan futbolçunun klubdan öz istəyi ilə getdiyi barədə FİFA-ya məktub göndərilmişdi.

Belçika millisinin sabiq üzvü “Eendracht Aalst”lə müqavilə imzaladığı zaman azad agent olmasını təsdiq edən sənədlərin olmadığı ortaya çıxıb.

Buradan aydın olur ki, “Neftçi” ilə Mpenza arasında müqaviləyə birtərəfli şəkildə xitam verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43