30 Sentyabr 2024
Kateqoriyasız

FİFA-nın yeni prezidenti: “DÇ-da 40 yığma komandanın mübarizə aparmasını istəyirəm”

Canni İnfantinonun FİFA-nın yeni prezidenti seçilməsi haqda məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, İnfantino FIFA prezidenti kimi ilk açıqlamasını belə verib:

“Dəyərli dostlarım… Hazırda hansı hissləri keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Görəcəyimiz işlərə görə, hər kəs bizimlə fəxr edəcək. Mən tək FİFA-nın deyil, hamınızın prezidenti olmaq istəyirəm. Bəli, 209 federasiyanın prezidenti. Gecəmizi gündüzümüzə qatıb, çalışacağıq. Hər birinizə təşəkkür edirəm”.

Yeni prezident ilk açıqlamasında DÇ-2026 haqda da qısaca danışıb:

“Həmin çempionatı yüksək səviyyədə keçirəcəyik. 2026-cı ildə keçiriləcək dünya çempionatında 32 ölkənin deyil, 40 ölkənin yığma komandasının mübarizə aparmasını istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43