Ölkə futbolu

Filip Ozobiç: “Özümü “Qəbələ”də çox yaxşı hiss edirəm”

Azərbaycan Premyer Liqanın 12-ci turunda “Zirə” ilə oyunda “Qəbələ”yə  3 xal qazandıran qolun müəllifi olan Filip Ozobiç görüş haqda fikirlərini klub saytına açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi ilk növbədə qələbənin vacibliyini vurğulayıb:

“Hər iki komanda üçün çətin oyun oldu. Layiqli qələbə qazansaq da, bu, asan başa gəlmədi. “Zirə”nin yaxşı komanda olduğunu çox yaxşı bilirdik. Rəqibimiz bunu  meydanda da göstərdi. Amma istəyimizə çatıb, lazım olan nəticəni qazandıq. “Qəbələ”də çox yaxşı kollektiv formalaşıb. Biz meydanda vahid komanda, dostlar kimi mübarizə aparırıq. Bu matçda da belə oldu. Hər oyunçu bacarığının 100 faizini ortaya qoydu və nəticədə 3 xal əldə etdik. Sevinirik ki, lazım olan nəticəni qazandıq. Çempionatdakı növbəti oyunumuz “Qarabağ”a qarşıdır. Bu qələbədən sonra növbəti turun matçına yüksək əhval-ruhiyyədə yollanacağıq. Həmin görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək. “Qəbələ”nin lider mövqeyində qalması üçün bacardığımız hər şeyi edəcəyik. Bu qarşılaşma nə qədər vacib olsa da, həlledici deyil. Çünki qarşıda hələ çox oyun olacaq”.

“Qəbələ”də 7-ci, Premyer Liqada 5-ci qolunu vuran Ozobiç karyerasının ən məhsuldar mövsümünü keçirir. Yarımmüdafiəçi matçın taleyini həll edən qol və məhsuldarlığı haqda da fikirlərini bölüşüb: “Qol epizodunda yaxşı mövqedə olduğumu görürdüm. Vəziyyəti  qiymətləndirib, həmin nöqtədən yaxşı zərbə endirməyin mümkünlüyünü fikirləşdim. Belə də etdim və hər şey istədiyim kimi alındı. Məhsuldar çıxış etməyim onunla bağlıdır ki, özümü “Qəbələ”də çox yaxşı hiss edirəm. Bundan sonra da komandam üçün daha çox qol vurmaq istəyirəm”.

Ozobiç UEFA Avropa Liqasının noyabrın 24-də keçiriləcək “Anderlext”lə görüşü haqda da danışıb. O, qrup mərhələsinin V turunda qələbə qazanmağa iddialı olduqlarını qeyd edib: “Anderlext”lə matçda yaxşı oynayıb, xallar qazanmaq niyyətindəyik. Son ev oyununda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Belçika klubu çox güclü komandadır. Lakin biz də yaxşı oyun nümayiş etdirib, qələbə qazanmağa çalışacağıq. Hər bir futbolçu özünün ən yaxşı oyununu göstərsə, istəyimizə çata bilərik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43