16 Sentyabr 2024
Ölkə futbolu

“Frankfurtda gördüklərimizin hamısını burada tərtib etmək çox çətindi” – Səməd Nəsibov

“AFFA və UEFA akademiyasının təşkilatçılığı ilə Almaniyada seminarda olduq. Onun birinci hissəsi Bakıda olmuşdu, ikinsi hissəsi isə Almaniyada oldu. Bakıdakı seminar da çox faydalı olmuşdu. İkinci seminarda isə çox önəmli klubların kilid mövqelərdəki insanların seminarlarına qulaq asdıq. “Arsenal” analiz departamentindən mütəxəssis var idi. “Ayntraxt”, “Bayer” (Leverkuzen) kimi komandaların idman direktorları, mütəxəssislərinin təqdimatlarına qulaq asdıq. Çox faydalı oldu”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Turan Tovuz”un direktoru Səməd Nəsibov deyib.

Klub rəsmisi Almaniyanın Frankfurt şəhərində qatıldığı “Elite Club Programme” təhsil layihəsinin ikinci mərhələsi barədə danışarkən daha sonra sözlərinə bunları əlavə edib:

“Futbolun beşiyi olan ölkələrdə futbolu necə idarə edirlər, nələrə toxunurlar, hansı məqamlarda necə davranmaq lazımdı, onları belə həm nəzəri, həm də praktiki necə həll edirlər, gördük. Orada gördüklərimizin hamısını bizim ölkə şərtlərində eyni cür tərtib etmək çox çətindi. Təbii ki, qeydlərimizi götürdük. 3-cü belə seminar gələn il olacaq. Belə bir tədbirin baş tutmasına görə, bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Bu kimi seminarlar çox vacibdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43