28 Sentyabr 2024
Müsahibə

“Fuad Musayev hədə-qorxu gəldi ki, səni futboldan birdəfəlik silərəm” – MÜSAHİBƏ

Onu çoxumuz tanımırıq. Tanıyanların isə əksəriyyəti unudub. Etiraf edirəm ki, həmin unutqanlardan biri də mən idim. Vaxt var idi, Azər İsayevin adı gələndə futbol azarkeşlərinin gözlərinin önünə bəstəboylu, sürətli, çevik, texnikalı hücumçu gəlirdi. İndi isə…

Azəri futbolçu kimi sonuncu dəfə harada gördüyümü, hansı oyununa baxdığımı xatırlamıram. Bir neçə ay əvvəl uzun fasilədən sonra “İnter Arena”da rastlaşanda tanımadım. Gənc futbolçulara məşq keçirdi. Məşqçinin kimliyini soruşanda, dedilər ki, Azər İsayevdi. 80-ci illərin sonunda Azərbaycanın ən istedadlı və perspektiv vəd edən gənclərindən biri. Azər doğrudan da çox istedadlı futbolçu olub. İnanmırsız? Elə isə bir neçə faktla sübut etməyə çalışacam. Üç il SSRİ-nin aşağı yaş qruplarından ibarət yığmalarının əsas heyət oyunçusu olub. 14 yaşında “Neftçi”nin əvəzedici heyətində rəsmi oyuna çıxıb. Azərbaycan milli çempionatları tarixində iştirak etdiyi 156 oyunda 73 qol vurub. Orta hesabla hər oyunda 0,47 qol. Fikrimcə, əla göstəricidi. Maraq üçün qeyd edim ki, Azər bu nəticə ilə milli çempionatlar tarixində 7-ci yerdə qərarlaşıb. 100-dən çox oyunun iştirakçıları olan futbolçulardan ən yaxşı nəticə isə Nazim Əliyevə məxsusdu – 0,78 qol. Bəs nəyə görə Azər İsayev “Neftçi”nin əsas heyətinə cəlb olunmayıb? SSRİ-nin aşağı yaş qruplarının əvəzolunmaz hücumçusu hansı səbəbdən milli komandaya dəvət almayıb? Və yaxud SSRİ dağılandan sonra bir çoxları kimi ölkə xaricinə getməyib? Bütün bu suallar müsahibə götürməmiş mənim üçün də sual olaraq qalırdı. Hamısının səbəbi var. Amma bir qədər sonra. Əvvəlcə Azər haqqında bir qədər məlumat verim.

Azər İsayev 1967-ci ildə Buzovna qəsəbəsində, fəhlə ailəsində anadan olub. Zülfüqar kişinin ailəsində 6 uşaq böyüyüb. Azər 5 bacının tək qardaşıdı, sonbeşikdi. Qəsəbədəki orta məktəbdə təhsil alan balaca Azər 10 yaşında Boris Tibilovun rəhbərliyi ilə futbolda ilk addımlarını atmağa başlayıb. 1982-ci ildə 14 yaşında Azərbaycan yığma komandasının heyətində Moskvada gənc futbolçular arasında təşkil olunan turnirdə iştirak edib və SSRİ yığmasının məşqçilərinin diqqətini cəlb etməyi bacarıb. Azərbaycan yığması qrupda 2-ci yeri tutaraq final mərhələsində oynamaq imkanı qazanıb. Azər isə qrup mərhələsinin bombardiri olmaqla yanaşı, bu mərhələnin ən yaxşı futbolçusu seçilib. Bu uğur final mərhələsində də təkrar olunub. Həm bombardir, həm də ən yaxşı futbolçu adına layiq görülən İsayev SSRİ yığma komandasına dəvət alıb. Üstəlik, 1982-cü ildə, 14 yaşında “Neftçi”nin əvəzedici komandasına da cəlb edilib. İlk baxışdan futbolumuzda gələcəyi parlaq görünən bir gəncin yetişdiyini düşünmək olardı. Amma sən saydığını say, gör fələk nə sayır.

“Əsgərlikdən qayıdandan sonra tamam başqa Azər olmuşdum”

– Azər, o vaxt SSRİ yığmasında hansı məşhur futbolçularla birgə çıxış etmisən?

– İqor Dobrovolski, Andrey Kiryakov, İqor Kolıvanov, qapıçı Dimitri Xarin… Adlarını çəkdiyim futbolçular hamısı sonradan məşhur oldular. Üç il ardıcıl yığmanın əsas heyət oyunçusu kimi demək olar ki, bütün oyunlara, toplanışlara dəvət alırdım.

Haşiyə: Azərin adlarını çəkdikləri hücumçular ondan fərqli olaraq uğurlu karyeraya malik olublar. İqor Dobrovolski “Dinamo” (Moskva), “Cenoa” (İtaliya), “Servett” (İsveçrə), “Marsel” (Fransa), “Atletiko” (Madrid) kimi klublarda oynayıb. SSRİ yığmasında 25 (7 qol), MDB yığmasında 4 (1), Rusiya yığmasında isə 18 (2) oyun keçirib. Seul olimpiadasının qalibi olmaqla yanaşı, “SSRİ idman ustası” fəxri adına layiq görülüb. Futbolu bitirdikdən sonra məşqçiliklə məşğul olmağa başlayıb. 2006-2009-cu illərdə Moldova millisini çalışdırıb. Son iş yeri Yunanıstanın “Veris” klubu olub.

İqor Kolıvanovun oynadığı klublar – “Dinamo” (Moskva), “Foca” və “Bolonya”dı (hər ikisi İtaliya). SSRİ yığmasında 19 (2), MDB yığmasında 5 (1) və Rusiya yığmasında 35 (12) matçda iştirak edib. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, Rusiyanın əməkdar məşqçisidi. Məşqçi demişkən, 2002-2010-cu illərdə Rusiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarının məşqçisi olub. Hazırda “Ufa”dadı.

– Bəs, nəyə görə bu qədər üzdə ola-ola babat bir komandaya götürmədilər?

– Niyə ki? 1985-ci ildə Dobrovolski ilə məni Moskva “Dinamo”su istəyirdi. İqor getdi, məni isə qoymadılar.

– Kim?

– Fuad Musayev. “Dinamo”dan başqa eyni hadisə “Spartak”la da (Moskva) baş verdi. Fuad Musayev məni kabinetinə çağırıb dedi ki, sənin yerin Azərbaycandı. Bizim gələcəyimizsən. Nə gizlədim, hətta hədə-qorxu da gəldi ki, səni futboldan birdəfəlik silərəm, bir də futbol oynaya bilməzsən. 17-18 yaşım var idi, qorxub səsimi çıxara bilmədim. Hətta Ağasəlim Mircavadov və dünyasını dəyişdiyinə görə adını çəkmədiyim tanınmış məşqçilərimizdən biri də mənə qarşı çıxdı. Elə bil, paxıllığımı çəkirdilər. Hətta həmin o rəhmətlik mənim haqqında elə bir xasiyyətnamə hazırladı ki… Guya məşqlərə gəlmirəm, nizam-intizamı pozuram və s.

– Və göndərdilər hərbi xidmətə…

– 1986-cı ildə əsgərliyə getdim. 19 yaşım var idi. Bir il Gürcüstanda hərbi xidmət keçdikdən sonra Bakıya – OİK-ə qaytardılar.

– Azər İsayevi digər futbolçulardan fərqləndirən cəhətlər var idimi?

– Həm sürətli, həm də texniki cəhətdən güclü idim. Bu da məndə elə-belə yaranmamışdı. Məşqlərdə həmişə öz üzərimdə işləyirdim, məşqçilərin verdiyi bir tapşırığı iki dəfə edirdim. Qısası, məşqə çıxanda elə bilirdim ki, oyundayam. Amma bu həvəsi öldürdülər. Əsgərlikdən qayıdandan sonra tamam başqa Azər olmuşdum. Əməlli-başlı “sönmüşdüm”. OİK-dən sonra 1988-ci ildə SSRİ birinciliyinin 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” komandasına çağırdılar.

– Nəyə görə “Neftçi” yox, “Xəzər”?

– “Neftçi”də də oynamışam. 14 yaşım olanda artıq komandanın əvəzedici heyətinə cəlb edilmişdim. Rəhmətlik Anatoli Banişevski məşqçimiz idi. Adətən oyunun qurtarmasına 10-15 dəqiqə qalmış məni meydana buraxırdılar. Buna baxmayaraq, mövsüm ərzində 8 qol vurmuşdum. “Zenit”, “Jalgris”, Tiflis və Kiyev “Dinamo”larına vurduğum qollar hələ də yadımdadı.

– Əvəzediciləri anladım, bəs hansı səbəblərdən əsas komandaya duşə bilmədin? Axı SSRİ yığmasında da oynamağın əlavə təkan ola bilərdi?

– Vallah, kimdəsə səhv axtarmaq fikrində deyiləm. Əsas səbəb özüm idi. Yəqin ki, hansısa məqamda zəiflik göstərmişəm, formada olmamışam, ona görə. “Neftçi”də oynamaq mənim uşaqlıq arzum olub. Düzdü, Azərbaycanda yeganə futbolçu olmuşam ki, 3 il ardıcıl həmyaşıdlarım arasında SSRİ yığmasının əsas heyətində oynamışam. Bir neçə turnirin bombardiri olmuşam, ən yaxşı oyunçusu seçiblər. İtaliyadakı turniri misal gətirə bilərəm. Bundan başqa, İqor Dobrovolskidən sonra komandanın ikinci kapitanı idim. Özünüz bilirsiz, kapitanlıq sarğısını elə-belə adama vermirdilər. İllah da azərbaycanlıya. İqordan zəif deyildim. Bəlkə də ondan daha bacarıqlıydım. Bunu İqorun özü də deyirdi. Sadəcə, o, rus olduğuna görə kapitanlığı ona vermişdilər. Nə bilim, bəxtim gətirmədi.

– Dobrovolski ilə əlaqən var?

– İqorla çox yaxın münasibətlərim olub. Bir otaqda qalırdıq. Həmişə mənə dəstək olmağa çalışırdı. SSRİ dağılana kimi əlaqə saxlayırdıq, hal-əhval tuturduq. Sonradan o, xaricə getdi, əlaqələr itdi. 90-cı illərin axırında bizim Vladislav Qədirovdan məni xəbər almışdı.

“Ona verdiyim ötürmələr halalı olsun”

– Mənim yadımda “Xəzər”li Azər kimi qalmısan…

– Hə, SSRİ birinciliyində 1991-ci ilə kimi “Xəzər”də oynadım. O vaxt komandada xeyli tanınmış futbolçular var idi – Vaqif Sadıqov, Nazim Əliyev, Yaşar Vahabzadə, Mehman Yunusov, Azad Mütəllimov…

– “Xəzər”də oynayanda da başqa klublardan təklif var idi?

– 9-cu zonada əsasən Gürcüstan komandaları çoxluq təşkil edirdilər. Onlardan “Quriya”, “Alazani” məni heyətinə cəlb etmək istəyirdi. Özü də “Alazani”nin baş məşqçisi məşhur futbolçu Otari Qabeliya idi.

– Niyə getmədin?

– Gürcüstanda müharibə gedirdi. Ona görə.

– Müharibə demişkən, Qarabağda vuruşmusan?

– Bir ay. Ona da iştirak demək olarsa. İnstituta imtahana gedirdim. Mərdəkan dairəsində “oblava”ya düşdüm. 90-cı illərin əvvəllərində Azərbaycanda vəziyyət gərgin idi. Yararlıları küçənin ortasında tutub müharibəyə aparırdılar. Tələbə olmağıma baxmayaraq məni də tutub əvvəl Şəmkirə, ardınca təlim keçmək üçün Gəncəyə apardılar. Sonuncu yerim Ağdamın Gülçülük sovxozu deyilən yer idi. Orda rəhmətlik Allahverdi Bağırovla rastlaşdım. Allahverdi müəllim məni yaxşı tanıyırdı. Görən kimi qayıtdı ki, Azər sənin yerin müharibə yox, futbol meydanıdı. Onun tapşırığı ilə ordudan təxris elədilər.

– “Xəzər”də ilk oyunun və ilk qolun xatirindədi?

– Bütün qollarım yadımdadı. İlk qolumu Gürcüstan komandasına vurmuşdum. Hər mövsüm 20-25 qol vururdum. Qollardan da çox məhsuldar ötürmələr verirdim. Ümumiyyətlə, çoxlarından fərqli olaraq qol vurmağı yox, ötürmə verməyi xoşlayırdım. Dəfələrlə olub ki, yüz faizlik imkanım olduğu halda komanda yoldaşımın fərqlənməsinə şərait yaratmışam.

– Neçə il “Xəzər”də oynamısan. “Xəzər” Azərə nə qazandırdı? Maliyyə tərəfini nəzərdə tuturam.

– Heç nə. “Quru” maaş. Adımız zavodda fəhlə kimi gedirdi. Maaşımız da elə fəhlə maaşı idi – 210 rubl idi. İndiki dövrdə oynasaydım, milyonlarım var idi. Düzü, o vaxt bizi pul yox, daha da irəli getmək maraqlandırırdı.

– Yaxşı, SSRİ dağılandan sonra yenə də “Xəzər”də idin. Yenə də “quru” maaşa oynayırdın?

– Yox. Maaşımı qaldırdılar, bir otaqlı ev verdilər. 1994-cü ilin sonuna kimi “Xəzər”də oynadım.

– İlk birincilikdə “Neftçi”yə ən layiqli rəqib sizin komanda idi. Doğrudan çempion olmaq mümkün deyildi?

– “Neftçi” çox güclü idi. Onlar da, biz də SSRİ çempionatına hazırlaşırdıq. Elə oldu ki, SSRİ dağıldı, öz birinciliyimizi keçirməyə başladıq. Futbolçular da komandanı tərk etmədilər. Baxmayaraq ki, onlar çempion oldular, amma “Neftçi”dən zəif deyildik. Hətta Sumqayıtdakı oyunda “Neftçi”yə 3:0 hesabı ilə qalib gəlmişdik. Qolların da birini mən vurmuşdum. O birilərini isə Vaqif Sadıqovla Nazim Əliyev.

– Eşitdiyimə görə, Nazim Əliyevin 2 qolundan 1-nin ötürməsini sən vermisən.

– Nazim taran tipli futbolçu idi. Başla yaxşı oynayırdı, qol vurmaq hissiyatı güclü idi. Məndə isə texnika və sürət. Bir-birimizi tamamlayırdıq. Çox vaxt cinahlardan hücum edib Nazimə ötürmə verirdim. Özü də təsdiq edə bilər. Ötürmələrin sayına gəlincə, bəlkə də 50-dən çox epizodda qol vurmaq imkanı qazanmağıma baxmayaraq, Nazimin fərqlənməsinə şərait yaratmışam. Buna rəğmən, adımda 73 qol var. Məncə, pis nəticə deyil (gülür).

– Nazim müəllimlə əlaqə saxlayırsan?

– Əlbəttə. Nazim çox gözəl insandı, əsl dostdu. Çətin vaxtlarımda həmişə vəziyyətimlə maraqlanıb. Hətta kömək də edib. Ona verdiyim ötürmələr halalı olsun. Karyeram ərzində bir neçə komandada oynamışam. Heç kim məndən narazı qalmayıb.

– Azərbaycan müstəqillik qazananda 24-25 yaşın var idi. Xaricə getmək olmazdı?

– Nə gizlədim, o vaxt təklif yox idi. Vaxtında getmək lazım idi. 17-18 yaşında yaxşı potensialım var idi. Ona görə də təklif göndərirdilər. “Quriya”ya getmədiyimə görə o qədər peşmanam ki. Əvvəl Fuad Musayev imkan vermədi. Sonra da özüm səhv qərar qəbul etdim. Gərək, Gürcüstana gedəydim.

– O vaxt yeni qurulan milli komandaya hansı səbəbdən düşə bilmədin?

– Səbəblərini bilmirəm. O vaxt özümü millidə oynayan hücumçuların heç birindən zəif hesab etmirdim. Hamısı ilə dost münasibətim var idi. Nazim Süleymanovla “Neftçi”yə bir yerdə gəlmişik. Hətta bir otaqda qalırdıq. Samir Ələkbərovla SSRİ dövründə respublikanın yığma komandasında oynayırdıq. Bizim oyunumuz çox oxşar idi. Hətta bir dəfə Riqada bir oyunda bizə qol vurdular. 17 yaşımız olardı. Necə hirsləndiksə, mərkəzdən başlayan kimi topu götürüb iki nəfərə qol vurduq. O da aldatmağı bacarırdı, mən də. Yenə təkrar edirəm, özümü ovaxtkı hücumçuların heç birindən zəif saymırdım. Hər bir futbolçunun karyerası şansdan və bəxtdən çox asılıdı. Mənim şanslarım çox oldu. İstifadə etmədim. Bəxtdən isə danışmağa dəyməz.

– “Xəzri”yə gəlişin necə oldu?

– “Xəzri” 1993-cü ildə yaradılmışdı. Mənə də bir buzovnalı kimi təklif göndərmişdilər. Həmin ərəfədə “Xəzər”də vəziyyət o qədər də ürəkaçan deyildi. Maaşlar gecikdirilirdi, verilmirdi. “Xəzər”lə müqaviləm olduğu üçün Buzovna kulubuna gələ bilmirdim. 6 ay “Xəzri”dən oynamaya-oynamaya maaş aldım. Onda komanda 1-ci dəstədə çıxış edirdi və 1994-cü ildə yüksək liqaya vəsiqə qazanmışdı. Komandadan bir neçə futbolçu “Neftçi”yə keçdi, Vaqif Sadıqov karyerasını bitirdi. Mən isə 1994/95-ci illər mövsümünün ikinci yarısında “Xəzri”yə gəldim. Düzü, “Xəzər”dən buraxmaq istəmirdilər Amma fikrimdə qəti idim. “Xəzri”də 3 ildən çox oynadım. 1995/96-cı illər mövsümündə gümüş medalları qazandıq. “Neftçi”dən 3 xal az toplamışdıq. Medalı da, diplomu da saxlayıram.

– Yəqin ki, avrokubokda Polşanın “Qurnik” komandasına məğlubiyyət yadındadı…

– Yaddan çıxası hadisədi? İlk dəfə idi ki, Avropa səhnəsində oynayırdıq. İlk hissədən sonra hesab açılmamışdı. İkinci hissədə bir də o vaxt ayıldıq ki, hakim oyunu bitirib və 9 top buraxmışıq. Uşaqların hamısı çaş-baş qalmışdı. Heç kim özündə deyildi. Polşalılar hündürboy idilər. Topların çoxunu başla vurdular. Bəhanə gətirmirəm. İndi də fikirləşəndə biabırçı məğlubiyyətin səbəblərini tapa bilmirəm. Bakıdakı oyunda isə bir az özümüzə gəlmişdik, 2:2 oynadıq.

“Yaşar Vahabzadəylə Əsgər Abdullayev milyon da versə…”

Azər İsayev 1997-ci ildə “Qarabağ”a keçib. Ağdam klubunda ona qalan “Kəpəz”ə 0:2 hesabla məğlub olduqları kubokun finalında aldığı diplom olubb. Daha sonra 2 il Sumqayıtın “Kimyaçı”sında futbol oynayan bəxtsiz İsayev karyerasını 2000-ci ildə bitirib.

1990-cı ildə ailə həyatı quran Azərin 2 övladı var – 1 qızı və 1 oğlu. Qızını köçürüb, 1 nəvəsi var. Oğlu isə sənətini davam etdirməyib. Heç buna görə təəssüflənmir də. 1994-cü ildə qəbul olunduğu Bədən Tərbiyəsi İnstitutunda təhsilini başa vura bilməyib. 4-cü kursda demək istəmədiyi səbəblər üzündən ordan uzaqlaşıb. Hələ bu harasıdı? Futbolçu həyatından sonra məşqçilik etmək qərarına gəlib. Gəl ki, burda da bəxti gətirməyib. Ötən il “C” kateqoriyası imtahanları ərəfəsində el dilində desək, “paraliç” keçirib, sol tərəfi iflic olub. Uzunmüddətli müalicələrdən sonra indi bir az özünə gəlib.

Azərdən dolanışığı ilə maraqlandım. “İnter Arena”da azyaşlı futbolçulara fərdi məşq keçməklə başını qatır. Dediyinə görə, aralarında istedadlı gənclər var. Məsələn, dönə-dönə Rəsul Babazadənin adını çəkdi. Fərdi məşqlərdən qazandığı ilə ailə saxlamaq çox çətindi. Klublarda isə məşqçi kimi işləmək üçün kateqoriya tələb olunur. Yenidən imtahan vermək fikrindədi. Hətta lazım olan məbləği birtəhər tapıb ödəyib də. Bəlkə ondan sonra iş təklif eləyən ola.

Müsahibədən əvvəl Azərdən köhnə şəkil gətirməsini xahiş etmişdim. Cəmi bir şəkillə gəlmişdi. Dedi ki, qalanlarını uşaqlar cırıblar. “Buna da şukür” deyib, şəkildəkilərin kimliyini soruşdum. Solunda dayanan “Xəzri”nin adminstratoru Səfər Haşımovdu. Səfər müəllim hakim Ceyhun Haşımovun atasıdı. Sağındakı isə qapıçı Tahir Əliyevdi. Tahir indi futboldan çox uzaqdı. Azərin təbirincə desəm, “krosna ustası”dı. Hətta AFFA-nın məsul vəzifədə olan məmurlarından birinin evində antena quraşdırıb. Pulunu isə hələ də ala bilməyib. Söhbət 80 manatdan gedir. Azər həmin adamın adını söyləsə də, bilərəkdən vermirəm. Bəlkə xəbər tutar, utanıb fəhləyə olan borcunu ödəyər. Sənət demişkən, söhbətin sonunda Azərin yaxşı “malyar” olduğu üzə çıxdı. Demə, futbolu buraxdıqdan sonra neçə il ailəsini suvaq vurmaq, “oboy” çəkməklə dolandırıb.

“Kimin evində pulsuz işləməyə hazırsan? Və ya kimin evində milyon da versələr işləməzsən?”. Son iki sualıma Azərin cavabı belə oldu:

“Kasıbın, imkansızın evində pulsuz işləməyə həmişə hazıram. Futbol ictimaiyyətinə gəlincə, kim çağırsa, işini görə bilərəm. Özü də keyfiyyətli. Samir Ələkbərov, Nazim Əliyev və Vəli Hüseynovdan pul almaram. Amma Yaşar Vahabzadə ilə Əsgər Abdullayev milyon da versələr, əlimi ağdan-qaraya vurmaram. Hər ikisi vaxtilə mənə çox yaxın olublar. Müəyyən məqamlarda onlardan ümid gözləmişəm. Ümidimi puç etdilər”.

İlqar Tağıyev, “Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43