İdman

Futbol sevgisi

Artıq neçə illərdir ki, dostlardan və tanışlardan ibarət tipik bir məhlə komandası yaradıb futbol oynayırıq. Əvvəl güc bəla ilə bir neçə nəfər yığılıb, kiçik və uçuq məhlə meydançasında oynayırdıq. Sonradan oynamaq istəyənlərin sayı çoxaldı və nisbətən böyük meydançaya keçmək zərurəti yarandı.

Komandanın təşkilati məsuliyyəti mənim üzərimdədir. Bazar ertəsindən etibarən heyət fomalaşdırmalıyam. Həftəiçi həvəskar komanda üzvləri həyəcanlı anlar yaşayır. “Whatsapp” və “Facebook”um sual dolu ismarıclardan şişib partlamaq həddinə gəlir. Əvvəlki dövrlərdən fərqli olaraq, internetin və sosial şəbəkələrin operativ üstünlüyü məni hamıya ayrı-ayrılıqda xəbər göndərmək əziyyətindən xilas edir. Şərti adı “Vətən oğulları” olan qrup düzəltmişəm. “Messeger”lə “bu həftə futbol oynuyursan?” sözünü həmin qrupa göndərirəm, vəssalam.

Hal- hazırda oynadığımız, geniş sahədə ərazisi olan stadion bir böyük və vahid meydançadan ibarətdir. Bizim kimi həvəskar komandalar üçün ortadan 2 bərabər, nisbətən kiçik hissəyə bölünüb. Ancaq həftəsonları burda peşəkar oyunlar keçirilir. Əvvəllər bu meydançanın futbol üçün o qədər də əlverişli olmayan köhnə “rezin” örtüyü daha sonradan müasir görünüşlü və daha rahat olan süni ot örtüyü ilə əvəz edildi. Amma bu süni örtüyün də yagışlı havada çox sürüşkən olması kimi mənfi xüsusiyyəti var.

Oyun günü səhər idman formamı və butsumu çantama yığıram. Evdə həmişəki kimi xoşəgəlməz bəzi kiçik təzyiqlərlə üzləşirəm.

“Bu yaşda da futbol oynayarlar?” və yaxud “küləkdi, gedib yenə özünü soyuğa verəcəksən?!” Həmişəki kimi anam narazıdır. Heç nə deməyib yavaşca aradan çıxıram.

Meydançanın kip örtülmüş dəmir darvazasını açmaq üçün bi az güc sərf etməlisən. Hava toranlaşan kimi yandırılan projektor hər tərəfi ağımtıl, gözqamaşdırıcı işiğa bürüyüb. Artıq hamı toplaşıb. Bölgü zamanı hər biri 7 nəfərdən ibarət 2 bərabər güclü komanda yaratmağa səy göstəririk. Çalışırıq ki, burda nisbətən güclü və zəif oyunçuların balansı qorunsun. Bölgüdən sonra hər komanda kiçik məşvərət və məsləhətləşmə keçirir, oyunçular mövqelər üzrə vəziyyətlərini dəqiqləşdirir.

Nəhayət, fit səsi eşidilir və oyun başlayır. Vahid forma olmadığından, burada hər kəs öz azarkeşi olduğu komandanın və ya oyunçunun formasını geyinib: “Qarabağ”, “Qəbələ”, “Real”, “Barselona”, “Qalatasaray”, Messi, Ronaldo, Vüqar Nadirov, Arda və s. Qısası, aləm bir birinə qarışıb. Oyunu idarə edən hakimlər olmadığından burda məhlə futbolunun bütün klassik qayda və spesifik leksikonu tətbiq edilir:

– Vahid qapıçı yoxdur və hər qoldan sonra dəyişir.

– Cərimə zərbələri, penal baş verdikdə yaxud top ələ dəydikdə tez-tez mübahisələr düşür, kimsə cığallıq edir.

– Adətən, ən sürətli fint və driblinq etməyi bacaran oyunçular hücuma, qabaritli ve texnikası zəif olanlar müdafiəyə meyl edir.

– Əgər top meydançadan xeyli kənara düşərsə, onu zərbəni vuran oyunçu gətirməlidir və s.

Nəhayət, qarşılıqlı hücümlar şəraitində keçən bu prinsipial, güzəştsiz idman mübarizəsi sona çatır. Daha çox əzm və iradə göstərən, oyuna konsentrasiya olan komanda qələbə qazanır.

Oyundan sonra, boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı “razdevalka”da, yəni soyunub-geyinmə otağında əhval-ruhiyyə fərqlidir. Kətil üzərində oturub əynimi dəyişir və uşaqları müşahidə edirəm. Uduzan komandanın oyunçuları (təəsüf ki, mən də o siyahıdayam) kefsiz və məyus halda oturub gözlərini məchul nöqtəyə zilləyiblər. Səs-səmir gəlmir. Elə bil qurbağa gölünə daş atmısan. Digər tərəfdə isə tam fərqli vəziyyətdir. Ağız deyəni qulaq eşitmir.Qələbə qazanan tərəf yüngül eyforiyanın təsindən vəcdə gələrək zarafatlaşır, qızğınlıqla və səs-küylə başa çatmış oyunu, nəticəni müzakirə edirlər. Kimisi oyundaşının ötürməsini tərifləyir, digəri yaralı dizini göstərib özünə qarşı edilən kobudluqdan şikayətlənir…

Ən kütləvi idman növü və milyardlarla izləyicisi olan ecazkar futbol həm də bir komanda oyunudur.O yeni emosiyalar gətirir və həyata stimul verir. Məşhur futbol mütəxəssisi Arriqo Sakkinin bu sözləri yada düşür: “Bütün vacib olmayan işlərin içində futbol ən vacibidir”. Futbol oynayın və sağlam olun.

Daimi oxucumuz Vüsal Bağırlı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43