Milli komanda

“Futbolçularda güc hiss etdim” – millimizin baş məşqçisi

“İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi”.

Bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Millimiz İspaniya toplanışının sonuncu günündə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoldaşlıq oyununda rəqibinə 0:2 hesabı ilə uduzub. Məğlubiyyəti şərh edən gənc mütəxəssis bu cür rəqiblərə qarşı 70 dəqiqə azlıqda oynamağın çox çətin olduğunu bildirib:

“Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim”.

Bu təlim-məşq toplanışının komanda üçün faydalı olduğunu söyləyən V. Məmməd güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətləri üzə çıxardıqlarını söyləyib: “Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43