21 Sentyabr 2020
Müsahibə

“Futbolçulardan sevgi təklifi almışam, ancaq…” – MÜSAHİBƏ

Hər kəsə məlumdur ki, bizim dövlətdə, daha doğrusu mentalitetdə qadının futbolla maraqlanması və məşğul olması biraz qəribə qarşılanır. Hər bir futbola aid xanim “qız nədi, futbol nədi” deyimini eşitməmiş olmaz. Bunu istər tanışlar, istərsə də qohumlar tərəfində mütləq eşitmiş olar. Ancaq bu gün bizlər futbol üçün çalışırıqsa, demək bu mental düşüncəni yenib, kişilər kimi, biz qadınlar da futbol üçün nəsə etməyə çalışırıq. Deyərdim kişilərdən heç də geri qalmayan xanımlar var. Onlardan biri bu gün müsahibimdi. Bu idman jurnalisti Kəmalə İsmayılovadır. İki xanımın futbol müzakirəsini buyurub oxuya bilərsiz…

– Kəmalə, necə oldu ki, futbola marağın yarandı və idman mətbuatına gəldin?
– İlk dəfə 1998-ci ildə, 10 yaşımda ikən “Yuventus” – “Qalatasaray” oyununu izləmişəm. Matç 2:2 hesabı ilə bitmişdi. Elə o vaxtdan həm futbol həvəskarıyam, həm də “Qalatasaray” azarkeşiyəm.

– Xanımların əksəriyyəti futbola nifrət edir. Xüsusi ilə də Azərbaycanda. Ancaq futbolla maraqlanan xanımları qadınlar qınasa da, kişilərin diqqət mərkəzində olurlar. Sənə qarşı reaksiyalar necə olur? Ümumiyyətlə, futbolun qadın həyatında rolunu necə xarakterizə edərdin?
– Çox vaxt qınaq obyekti olmuşam. Deyiblər qız hara, futbol hara?! Belə söhbətlərə reaksiya verməmişəm. Elə insanlara dar düşüncəli kimi baxmışam. Necə ki, kişilərin aşpaz və ya gözəllik salonunda işləməsi normaldı, eləcə də qadının futbol ilə maraqlanması. Burada fövqaladi bir şey görmürəm. O ki, qaldı futbolun qadın həyatında roluna – bu əlavə rəngdir. Futbol ilə maraqlanan qadınlar şablon həyat tərzi keçirmirlər. Məsələn mənim üçün futbol hobbi yox, həyat tərzidir.

– Bir anlıq düşün həyatında futbol yoxdur. Özünü başqa hansı mövqedə, peşədə görürsən?
– Özüm peşəkar idmançıyam. 9 ildən çox karate ilə məşğul olmuşam. Dərəcəm var. Çox güman ki, elə bu sahəni davam etdirərdim. Bir də həmişə sistem işçisi olmaq istəmişəm. Uşaqlıq arzum olub. Amma heç də hamımız uşaqlıq arzularımızı gerçəkləşdirmirik.

– Hazırda jurnalistikanı hansı səviyyədə davam etdirirsən? Bəzən yoxa çıxırsan mətbuatdan, bəzən isə geri dönürsən…
– Hazırda mətbuatdayam. Azərifootball.com saytında çalışıram. Arada istirahət lazım olur. Ancaq mətbuatdan ara-sıra ayrılsam da, futboldan ayrıla bilmirəm.

– Səncə, idman mətbuatının hazırki durumu qənaətbəxşdir?
– İdman mətbuatı çox acınacaqlı vəziyyətdədir desəm yanılmaram. Hazırda bu işlə peşəkarlardan çox həvəskarlar məşğul olur. Ona görə də zövgümü korlamamaq üçün oxuduğum tək-tük sayt və qəzet var. İdman mətbuatında işləmək üçün ancaq futbol biliyi kifayət etmir, yazı yazmaq qabiliyyəti, analitiklik bacarığı olmalıdır. Bu keyfiyyətə indiki mətbuat işçilərində nadir hallarda rast gəlinir.

– Mətbuatın bu günə düşməsində səbəbi nədə görürsən?
– Bacarıqsızlıqda. Çoxları idman mətbuatını asan qazanc yeri kimi görür. Sayt və ya qəzet açır, 1-2 klubdan reklam alır. Vəssalam. İnkişaf ve yenilik etmək istəyən yoxdur. Belə saytlara və ya qəzetlərə reklam verən klublarda da günah var.

– Demək klublar özləri cığır açıllar? Klubların belələrinə pul tökməsində nəsə səbəbləri olmalıdır…
– Klubların şəxsi maraqları var. Reklam verdiyi saytlar həmin klub haqda tənqidi yazılar yazmaqdan çəkinir, lazımlı-lazımsız informasiyalar yazmaqla gündəmdə saxlayır. Bu təbii ki, bütün saytlara aid deyil. Özünə və işinə hörmət edənlər də var. Amma azdılar. Bir çoxları artıq klubların rəsmi fan səhifəsi kimi fəaliyyət göstərir.

– Belə çıxır kı, artıq mətbuat pula satılıb. Bəzən jurnalistlər özlərinə və işlərinə hörmət qoyulmadığından şikayətlənirlər. Bəlkə də bu şəraiti “jurnalist”lər yaradıblar ki, bu gün qurunun oduna yaş da yanır. Klub rəsmisi də düşünür ki, hər bir jurnalist pul ilə susanlardandı…
– Nəinki mətbuatda, digər sahələrdə də pula satılan insana hörmət qoyulmur. Hazırda idman mətbuatına yuxarıdan aşağı baxılmasında, hörmət qoyulmamasına səbəb də budur…

– Bu gün idman mətbuatında oxuduğun yazarlar kimlərdir? Gənclərdən kimi daha operativ, perpektivli sayırsan?
– Nail Nurəddinoğlu və Rəşad Ergünün yazı stilini hər zaman bəyənmişəm. Rəşad həm də çox yaxşı redaktordur. Gənclərdən isə fərqlənənini görmürəm.

– Mətbuatın qeybətini etdik. Keçək biraz da futbolumuza… (gülür)… Futbolumuzun hazırki durumunu necə qiymətləndirirsən?
– Futbolumuz plastik əməliyyat etdirmiş qadını xatırladır. Xarici görünüşü dəyişib, gözəlləşib, daxili isə olduğu kimi qalıb. Bəlkə də mətbuatda olmasaydım, futbolumuzun inkişaf etməsindən geninə-boluna danışardım. Əvvəl sərmayə yox idi. Hər kəs bundan gileylənirdi. İndi isə pul var, ancaq yeyinti çoxdur. Karyerasını bitirmiş türk futbolçusu Sərgən Yalçından soruşublar ki, necə oldu türk futbolu inkişaf etdi? O, cavabında deyib ki: “Əvvəllər futbola ayrılan 10 % pulun 8%-i kimlərinsə cibinə, 2%-i inkişafa gedirdi. Bu əksinə olduqdan sonra Türkiyədə futbol inkişaf etməyə başladı”…

– Bizdə çıxış yolunu nədə görürsən?

– Futbol ilə sırf futbol adamlarının məşğul olmasında. Kreslo və ya pul davasına sərf etdikləri enerji və vaxtı Azərbaycan futboluna sərf etsinlər.

– Mətbuatın bu qədər tənqidinə baxmayaraq, hər kəs göndəriləcəyini gözlədiyi təqdirdə millimiz yenə Berti Foqtsun öhdəsində qaldı. Səncə, bundan sonra millimizin aqibəti necə olacaq?
– Foqtsun millimizdə bundan sonra ciddi bir uğur qazanacağına inanmıram. Məncə, o bacardığını bu illər ərzində edib. Ona yetərincə zaman, şərait və pul verilmişdi.

– Ölkə çempionatında hansı komandanın çıxışını bəyənirsən və çempionluğa real namizəd sayırsan?
– Çempionluq mübarizəsi “Qarabağ” və “Qəbələ” komandaları arasında olacaq. Hər iki komanda yaxşı heyət və baş məşqçiyə malikdir. Fikrimcə, “Qarabağ” bu il çempion olacaq. “Qarabağ” ölkəmizi Avropada layiqli təmsil edə biləcək komandadır.

– Ölkə xaricində bəyəndiyin klublar, milli və futbolçular hansılardı?
– Avropada dəstəklədiyim klub təbii ki, “Qalatasaray”dı. Azarkeşi olduğum yığma isə Almaniya millisidi. Bəyəndiyim futbolçular Səlçuk İnan, Filip Lam və Jese Rodrigezdır.

– Bəs Azərbaycan Premyer Liqasında bəyəndiyin yerli və legioner futbolçular var?
– Oyun üslubunu bəyəndiyim yerli futbolçular: Rəşad Sadıqov, Ruslan Abışov və Rauf Əliyevdi. Legionerlərdən isə Reynaldo və Kalonas.

– Xanımlar daha çox geyimə fikir verirlər. Azərbaycanda ən yaraşıqlı və necə deyərlər “stilni” futbolçu kimi görürsən?
– Fikrimcə, ən dəbli futbolçu Ruslan Abışovdur. Brend markalara üstünlük verir və zövqlə geyinir. Stilnidi… (gülür)…

– Futbolçular arasında dostların var? Gözəl xanımsan və illərdir futboldasan. Heç futbolçu tərəfindən sevgi təklifi almısan?
– Futbolçular arasında dostlarım və xətrin istədiklərim var. Həm legioner,həm yerli futbolçulardır. Sevgi təklifi almışam, amma nədənsə belə münasibəti ciddi qəbul etmirəm.

– Hansısa futbolçu “elçi” gəlsə ailə qurarsan?
– Futbolçu ilə ailə quraram. Məsələn, Selçuk İnanla… (gülür)…

Röya KƏRİMLİ, Pressing.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Miçel Madera: “O, heç vaxt artistlik etməz”

admin

Bədavi Hüseynov: “Uşaq səhvləri etdik” (MÜSAHİBƏ)

admin

Elmir Vəliyev: “Bunu komandamız və azarkeşlərimiz üçün hədiyyə hesab edirəm”

admin