Layihə

Futbolu məhvə sürüklənən bölgəmiz (YAZI)

Mingəçevirli
azarkeşlərin həsrətinə nə vaxt son qoyulacaq?

“Toxucu”,
“Avtomobilçi”, “Kür-Nur”, “Energetik” – heç şübhəsiz bu adlar mingəçevirli
futbolsevərlər üçün doğmadır.Bu bölgənin Azərbaycan futbolunda özünəməxsus yeri
var. SSRİ dönəmindən indiyə kimi müxtəlif təmsilçiləri ölkədaxili
çempionatlarda çıxışını davam etdirsə də, hazırda Mingəçevirdə futbolun inkişafı
adına heç bir şey görünmür. Hansı ki, bu bölgə vaxtilə Azərbaycan futboluna
Ramiz Məmmədov, Ruslan Əmircanov, Mehman Alışanov, Ədəhim Niftəliyev,  Mehman Baxışov, Elbrus İsmayılov kimi bir çox
tanınmış simalar bəxş edib…

Mingəçevirdə
futbolun yaranma tarixi rəsmi qaynaqlarda 1966-cı il göstərilir. Ərazisi,
tarixi qədim olsa da 1954-cü ildə Respublika tabeli şəhər statusu alan Mingəçevir
həmin vaxtlarda yeni formalaşdırıldığından futbol da yavaş-yavaş
populyarlaşmağa başlayıb. Şəhərin ilk peşəkar futbol klubları “Toxucu” və
“Avtomobilçi” hesab olunur. Həmin illərdə futbol ənənəsi yeni qoyulmasına baxmayaraq
Mingəçevirdə yetişən futbolçular qısa zamanda sözünü deməyi bacarırdılar. Bir
vaxtlar futbolçu bazalarından hesab olunan, “Neftçi” kimi komandaların daim nəzərində
saxladığı oyunçular yetişdirən şəhərdə bu gün çox təəssüf ki, futbol məhvə
sürüklənir…


Ötən
günlərimi qaytaraydılar…

Sovet
dönəmində Mingəçevir təmsilçiləri əsasən aşağı dəstələrdə çıxış edib. Buna
baxmayaraq kifayət qədər əzmkar və güclü potensiala malik olublar. Təsadüfü
deyil ki, Azərbaycanın “Kəpəz”, Turan” kimi məşhur komandaları ilə oyunlar həmişə
gərgin mübarizə şəraitində keçib. Belə desək, güclüləri özləri ilə hesablaşmağa
məcbur ediblər. Azarkeşlik baxımından da geri qalmayan mingəçevirlilərin oyunlar
zamanı stadionu ağzınacan doldurması öz yerində. Əslində, söz açdığımız bölgədə
futbolun populyarlaşmasına təkan verən məqamları da unutmamalıyıq. Məsələn
SSRİ-nin tanınmış qapıçılarından olan Yuri Romenski birvaxtlar məhz “Toxucu”nun
şərəfini qoruyub. Əfasanəvi Anatoli Banişevskinin də Mingəçevir futbolu ilə
bağlılığı var. Tolik məşqçi kimi “Avtomobilçi”ni də çalışdırıb.Bu üzdən
Banişevskini sözügedən bölgədə daim hörmətlə anılır.

Müstəqillik
dönəmindən sonra Mingəçevir Azərbaycan çempionatlarında“Kür-Nur”la təsil
olunmağa başladı. Elə komanda ilk uğurunu da məhz 1992-ci ildə qazanıb. Həmin
il yüksək dəstədə 7-ci yeri tutsa da ölkə kubokunda finala qədər irəliləməyi
bacarıb. Amma finalda Bakı “İnşaatçı”sına 1:2 hesabı ilə məğlub olub. 3 il
sonra yenidən ölkə kubokunun finalına qədər yüksəlsə də bu dəfə onu “Neftçi”
dayandırıb. Qeyd edək ki, qərb təmsilçisi həmin mövsümdə yüksək dəstədə 5-ci
pilləni tutub. Qalan illərdə, yalnız yarımfinala qədər gəldiyi və “Qarabağ”la
oyundan sonra mübarizəni dayandırdığı 1997/98 mövsümü istisna olmaqla ölkə
kubokunda 1/8 final mərhələsindən irəli gedə bilməyib. Ümumiyyətlə statistikaya
nəzər salsaq Mingəçevir təmsilçiləri elə yarandıqları gündən həmişə yüksək yerlər
uğrunda oynayıb və azarkeşlərinin sevimlisinə çevrilib. 1999-cu ildə“Kür-Nur”un
fəaliyyəti dayandırılandan sonra bir müddət, bu idman növünə həsrət qalan bölgədə
yalnız 2003-cü ildə futbol canlanmağa başlayıb…

Bərbad
nəticələr, bərbad sponsorluq

Yuxarıda qeyd edilən ildə “Azərenerji”nin himayədarlığı ilə “Energetik” fəaliyyətə
başlayır və aşağı dəstəyə qoşulub. Amma komanda heç də sələfləri qədər yüksəlişə
nail ola bilməyib. Həmin vaxtdan bəri elə aşağı dəstədə başını girələməkdədir. Komandanın
fəaliyyətə başlaması mingəçevirli azarkeşləri ümidləndirsə də bir çox maneələr onun inkişafının
əngəllədi. Düzdür, çempionata qoşulduğu ilk illərdə o qədər də pis çıxış etmirdi.
Ancaq, birinci dəstədə iştirakçılarının sayının artması ilə “Energetik”in geriləmə
dönəminə start verildi. Bəs bunun səbəbləri nə oldu? Niyə bu idman növündə ənənəsi
olan bir bölgədə futboluninkişafının qarşısı alınır? Əvvəla onu qeyd edək ki, bunun
əsas səbəblərindən biri maliyyədir. Bir çox ənənəsi olan amma maliyyə problemləri
yaşayan komandalar kimi “Energetik” də bu cəhətdən ciddi əziyyət çəkir. “Azərenerji”nin
isə adı sponsordu. Çox güman dövlətdən hansısa imtiyazlar almaq üçün “xalaxətrin”
qalmasın deyə klubu himayədarlığa götürən və dilənçi kökündə saxlayan “Aəzrenerji”nin
bu biganəliyi mingəçevirli azarkeşləri də futboldan soyudub. Maraqlısı budur ki,
əslində komanda üzvlərinin heç biri futbolçu kimi qeydiyyatdan keçməyib. Adları qaynaqçı,
fəhlə və sair müxtəlif peşə sahibi kimi qeydiyyata salınan bu futbolçular rəsmi
şəkildə “Azərenerji”nin işçiləri sayılır. Təbii ki, onlara verilən paraların
miqdarı da qaneedici deyil. 100-150 manata futbol oynayıb ailə saxlamağa məcbur
edilən bir futbolçunun komandası necə oynamalıdır ki? Təəssüf ki, şəhər rəhbərliyi
də “Energetik”ə ögey münasibət bəsləyir. Paradan əlavə şəhərdə futbolçu yetişdirən
təcrübəli məşqçilər də yoxdur. Düzdü UGİM var və hər il gücbəla ilə
akademiyadan komandaya bir iki nəfər tapılır. Amma maliyyə çətinliyi ucbatından
məşqçilərin də Mingəçevirdə futbolçu yetişdirməyə marağı yoxdur. Bu kimi səbəblər
üçündən inkişafdan geri qalan bir komandanın hazırda autsayderlər zonasının “əbədi
sakini” statusu alması da təəccüblü olmamalıdır.

Şəhidin
xatirəsi beləmi anılır?

İnfrastrukturun
gözəl olması bir komanda və ya futbolçu üçün həm psixoloji, həm də oyun
baxımından vacib şərtdir. Təbii ki, hər gün palçığın içində futbol oynayan, 90
dəqiqənin sonunda yalnız məğlubiyyətə üzülən insanın özünəinamı itir və növbəti
oyunlara köklənmək üçün həvəsi qalmır. Bu isə ardıcıl məğlubiyyətlərə səbəb
olur. Əslində Mingəçevirin Yaşar Məmmədzadə adlı 16 minlik tutuma malik arenası
mövcuddur. Hansı ki, komanda ev oyunlarını burada qəbuledir. Ancaq təəssüf ki,
stadion da “Energetik”in nəticələri kimi bərbad durumdadır. Düzdü bir neçə dəfə
təmir aparılacağı haqda məlumatlar verilib. Təəssüf ki, verilən sözlər elə söz
olaraq qalıb. Daha doğrusu, bir neçə dəfə kosmetik təmir aparılıb. Amma bu gözdən
pərdə asmaqdan başqa bir şey deyildi. Komada yenə palçıqlı meydanda oynayır, məğlubiyyətlərə
üzülməkdən başqa əlacı qalmır. Məsələ burasındadı ki, bir ara stadion da
“Energetik”ə çox görülürdü. Stadion müxtəlif tədbirlərə qucaq açırdı, ancaq komanda
yeni mövsümə hazırlaşmağa belə yer tapmırdı. Əslində indi də vəziyyət fərqli
deyil. Belə deyək, hər yay və ya qış fasiləsində eyni problemlər yaşanır. “Energetik”ə
orada yalnız ev oyunlarını keçirmək üçün icazə verilir. Komandanın çıxışı bir
yana, stadionun bu vəziyyətdə olması ən azı vətənin azadlığı və bütövlüyü
uğrunda gedən döyüşlərdə həlak olmuş Yaşar Çələbi oğlu Məmmədzadənin ruhuna
hörmətsizlikdir. Bir şəhidin xatirəsi beləmi anılır, bu şəkildəmi əbədiləşdirilir?
Qısası, infrastruktur ətrafdakılara ruh vermək, komandanın ən azından əzmini
yüksəltmək əvəzinə onu daha da məhvə sürükləyir desək doğru olar. Məhz bu kimi
problemlərin nəticəsidir ki, “Energetik” ilk turunda “Neftçala”ya 0:12 uduzduğu
çempionatı sonda elə həmin rəqibə 0:10 hesablı yenilgi ilə bitirdi. Hə, bir məqamı
da qeyd edək. Bu yaxınlarda Mingəçevir futbolunun 50 illiyiidi. Buna yubiley demək
olarsa…

“Sonradan
heç bir dövlət işçisini görmədim ki, Mingəçevir futbolu ilə maraqlansın”

Təbii
ki, yuxarıda deyilənlər bizim fikirlərimiz idi. Bəs Mingəçevir futbolunun
yetirmələri sayılan şəxslər nə düşünürlər? Doğurdanmı Mingəçevirdə indidən sonra
futbolu yüksəltmək çətindir? Bu üzdən onların bir neçəsi ilə danışmaq istəyirdik.
Amma yalnız Ədəhim Niftəliyevin fikirlərini öyrənə bildik:
“Komandanın enişinin səbəbi ona kifayət qədər marağın olmaması idi. Şəhər
və klub rəhbərliyinin futbola əvvəlki diqqəti qalmayıb. Şəhərə idman adamı gəlmədi.
O vaxt Nizami Qocayev Mingəçevirin rəhbər şəxslərdən idi. Onun futbola xüsusi
diqqəti vardı deyə, insanlar stadiona gəlirdi, komandanı dəstəkləyirdi. Sonradan
heç bir dövlət işçisini görmədim ki, Mingəçevir futbolu ilə maraqlansın, bu
oyuna azarkeşlik etsin. Nizami müəllimin vaxtında rəhbərlikdən nümayəndələr gəlib-gedirdi,
elə onun özü də ziyarət edirdi. Yəni şəhər futboluna maraq çox idi.Bu bölgənin
futbol məktəbi həmişə tanınıb. SSRİ dönəmindən bərixeyli sözünü demiş
futbolçular da yetiştirmişik. İndi bizə yaxın olan Qəbələdə futbol var. Oranın
məkəbindəki uşaqların əksəriyyətimingəçevirlidi. Hal-hazırda şəhərinyüksək səviyyəli
komandası olmasa da, burda uşaq yetişir. Maddi tərəfə gəlincə, futbolçularınmaaşları
çox gülməlidi.Mən AFFA-da işləyəndən “Energetik”inoyunçuları 70-80 manat pul
alır. Halbuki buheç futbolçunun geydiyi ayaqqabının pulu etmir. Mingəçevir əsas
meydanda yox ikinci meydanda məşq edirdi. Orada da istənilən şərait yox idi”.

Səbuhi NƏRİMANOĞLU

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”. 





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43