İdman

“Gəncə” Azərbaycan basketbolunun gələcəyi üçün fədakarlıq göstərir”

Basketbol üzrə “Xəzri” komandası mövsümə pis başlamayıb. Klub hazırda 18 xalla 3-cü pillədə qərarlaşıb. Bakı təmsilçisi lider “Sabah”dan cəmi bir xal geridə qalır.

“Xəzri”nin cari mövsümkü çıxışını komandanın təcrübəli oyunçusu Amil Həmzəyevlə danışdıq. Onun İdmanxeber.az saytına müsahibəsini təqdim edirik:

– Mövsüm “Xəzri” üçün pis başlamayıb. Liqada 3-cü yerdə gedirsiz. Belə start gözlənilən idi?

İşlər bizim üçün gözlədiyimizdən daha yaxşı gedir. Ancaq bundan da yüksək səviyyəyə qalxacağıq. Düzdü, güclü rəqiblərimiz var. Hamı iddialı heyət yığıb. Ancaq həm kubokda, həm çempionatda layiqli yer tutacağımıza əminəm.

– Sonuncu turda “Neftçi” ilə görüş bu mövsümkü ən məhsuldar oyununuz oldu. Həmin matçda 22 xal atdınız…

– Mövsümü yaxşı keçirirəm. Hər oyun komandam üçün əlimdən gələni etməyə çalışıram. Eyni zamanda milli komanda üçün özümü hazır vəziyyətdə, formada saxlamağa çalışıram. Ümid edirəm belə davam edəcəm. 

Baş məşqçi Murat Dikmenlə münasibətiniz necədir? Türkiyəli mütəxəssislə çalışmaq rahatdır?

Münasibətimiz çox yaxşıdır, təcrübəli məşqçidir. Uzun illər Türkiyədə yaxşı səviyyədə çalışıb və belə məşqçilərlə işləmək rahatdır. Davamlı nəsə öyrənirsən. Komandanın inkişafı üçün onun məşqləri, tapşırıqları önəmlidir.

– Ötən mövsüm çıxış etdiyiniz “Gəncə”nin vəziyyəti o qədər də yaxşı deyil. Kubok qazanan və çempionatda finala yüksələn komandada niyə belə eniş yaşanıb?

Ötən mövsüm heyət çox güclü idi. Şəhər də, azarkeşlər də buna öyrəşmişdi. “Gəncə” azarkeşləri hər zaman yaxşı nəticələrə layiqdir. Bu il heyyətdəki köklü dəyişiklik komandaya təsir edir. Ancaq sevindirici hal budur ki, gənclərə daha çox vaxt verilir, onlar yaxşı təcrübə qazanır. Deyərdim ki, “Gəncə” klubu bu il Azərbaycan basketbolunun gələcəyi üçün fədakarlıq göstərir.

Elnur İsmayılov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43