Müsahibə Ölkə futbolu

“Göstərdik ki, “Makkabi”dən geri qalmırıq” – “Zirə”nin kapitanı

“Zirə”nin kapitanı Qismət Alıyevin İdmanxeber.az saytına müsahibəsi

-“Makkabi” ilə iki fərqli “Zirə” izlədik. Bunun səbəbi nə idi?

-İlk oyunda görüşə yaxşı başladıq. Sadəcə, bir-iki xırda səhvlərimiz oldu. Rəqib də bu səhvlərdən maksimum istifadə etdi. O qədər də pis çıxış etməmişdik. Topa sahibi olmada, hücumda “Makkabi”dən geri qalmırdıq. Biz də imkanlardan istifadə etsəydik, Bakıdakı oyun fərqli ola bilərdi. Cavab qarşılaşmasında isə daha yaxşı oynadıq. Göstərdik ki, onlardan geri qalmırıq.

-Konfrans Liqasında mübarizəni ilk turda dayandırmağı uğursuzluq saymaq olar?

-Açığı, uğursuzluq deməzdim. Hamımız belə turnirlərdə iştirak etmək istəyirik. Bu il belə alındı. Bunu bizim üçün bir addım da saymaq olar. Gələcəkdə istər Avropa Liqasının, istərsə də Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik.

-Yeni mövsümdə “Zirə”nin hədəfi nədir?

-Əlbəttə, yuxarı pillələrdə olmaq, çempionluğa oynamaqdır hədəf. Bunu hər komanda istəyər. Ötən mövsüm necə ki avrokuboklara vəsiqə qazandıq, yenə də buna cəhd edəcəyik. Artıq çempionatda 10 komanda var. Baxırsan ki, hər zamankından daha fərqli bir mövsüm bizi gözləyir. Hamı iddialıdır. Məncə, yeni mövsüm bütün komandalar üçün çətin olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etməliyik. Dediyim kimi, hədəfimiz avrokuboklara qatılmaqdır.

-Digər komandalarla müqayisədə “Zirə”nin heyəti yenidən avrokuboklara qatıla biləcək səviyyədədir?

-Biz artıq neçə ildir birlikdə mübarizə aparırıq. Formalışmış, kollektiv heyətimiz var. Lazım olarsa, yeni transferlər də olacaq. Əlbəttə, buna baş məşqçi, rəhbərlik qərar verər. Məncə, adı olsun deyə, transfer edilməməlidir. Alınan oyunçuların komandaya faydası görsənməlidir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43