Müsahibə

Həkim travmatoloq: “İdmançılarda bu risk hər zaman qalır” – Müsahibə

Həkim-Travmatoloq, tibb üzrə fəlsəfə doktoru Ramil Nəcəfov İdmanxeber.az saytına müsahibə verib.

-Əvvəlcə sizi tanıyaq ?

-Mən həkim travmatoloq, tibb üzrə fəlsəfə doktoru Nəcəfov Ramil.  Hazırda Daxili İşlər Nazirliyi Hospitalının travmatologiya şöbəsinin rəisiyəm. 2011-ci ildən Azərbaycanda yaşayıram. Aktiv cərrahiyyə ilə məşğulam. Əsas gördüyüm işlər bütün növ travmatoloji əməliyyatlar və idman cərrahiyəsidir.

-İdmançılar sizə ən çox hansı zədələrlə müraciət edirlər ?

-İdmançıların ən çox müraciət etdiyi zədələr topuq və diz nahiyələrindən olur. Ən pisi odur ki, idmançılar həkimlərə çox gec müraciət edirlər. Öz sağlamlıqlarının qaydına daha çox qalmalıdırlar. Adətən elə zədələr olur ki, yüngül müayinədən sonra tam sağala bilər. Ancaq gecikdirdiyin zaman vəziyyət dəyişir. Bərpa prossesi uzanır və zədə ciddiləşir.

-Bəzən idmançının şəxsi həkimi olduğunu eşidirik. Bu, nə dərəcə düzgündür ?

-Hər bir komandanın öz həkimi vardır. Çünki onlar ilkin yardımı çox yaxşı bilirlər. Onlarsız bizim işimiz çox çətin olar. Ancaq daha peşekar şəkildə yardımı biz göstəririk. Klub həkimlərinin ən böyük işi isə diaqnozu düzgün qoymalı və doğru uzmana yönləndirməlidirlər.

-Bildiyimiz qədəri ilə idman növlərindən olan bir çox idmançını əməliyyat etmisiniz. Bu idmançıların hansısa birində xroniki zədəyə rast gəlmisiniz ?

-Azərbaycanla yanaşı Türkmənistan güləş millisinin idmançılarını da müayinə etmişəm. Bunların hamısı çox ciddi travmalarla müraciət etmişdilər. Hamısı da çox gec gəliblər. Müxtəlif prosedurlardan keçəndən sonra onları əməliyyat etmişik. Çox şükür ki, heç birində hər hansı bir problem yaşanmayıb. Və hazırda hər biri öz peşekar karyeralarını davam etdirirlər.

-Heç olubmu ki, hansısa əməliyyat etdiyiniz idmançının zədəsi çox ciddi olmasa da, xeyli əziyyət çəkmisiniz ?

– Hazırda adını xatırlamadığımTürkmənistan güləş millisindən bir idmançı var idi. Diz ön çapraz bağlarından əməliyyat olunurdu. Çox qeyri-adi, qalın bağları var idi. Düzdür, idmançıların diz bağlarında qalınlıq və yoğunluq rast gəlinən haldır. Ancaq belə bir qalın diz bağına indiyə qədər rast gəlməmişdim. Necə bir travma almışdısa, bağları qopmuşdu. Açığı, buna çox təəccüblənmişdim.

-İdmançılar, xüsusən də futbolçular zədədən qaçmaq üçün ən çox nəyə üstünlük verməlidirlər ?

-Əvvəla onu deyim ki, idmançının zədədən qaçması mümkün deyil, azaltması mümkündür. Burada ən vacib olan ilkin tibbi yardımdır. Ancaq dediyim kimi idmançıda bu risk hər zaman qalır. Yarış və ya oyun öncəsi qızınma hərəkətlərini düzgün etsələr zədənin və yaranacaq ağrıların qarşısını nisbətən ala bilərlər.

-Artıq çəki bunda xüsusi rol oynayır ?

-Artıq çəki çox önəmli faktordur. Ancaq idmançılarda artıq çəkiyə çox vaxt rast gəlinmir. Onlar adətən müxtəlif idmanlarda məşğul olduqları üçün sağlam həyat tərzi keçirirlər. Artıq çəki dayaq hərəkət sistemi üçün çox təhlükəlidir. Artıq çəki o zaman təhlükəli olur ki, onun kilosu ilə əzələsi düz gəlmir. İdmançılarda isə adətən belə hallar yaşanmır.

-Futbolçuların boylarına görə hər hansı bir çəkidə olmalaları kimi bir standart var ?

-Xeyr, bunun hər hansı bir standartı yoxdur. Ki, bu boya, bu qədər çəki olsun. Lakin tibbdə belə bir göstərici var ki, 1,70, 1,80 uzunluğunda olanlar 75-80 kq arası olsalar daha yaxşı olar. Futbolçular da isə çəki boydan biraz daha geri qalmalıdır.

-Sadə vətəndaşlarla idmançıların əməliyyatları adətən fərqli olur. Çünki onlar tez bir zamanda toparlanıb, məşqə başlamalıdırlar. Bəs bunun üçün sizdə hansısa xüsusi bir proqram var ?

-Bəli, sadə vətəndaşlarla idmançı arasında fərq var. İdmançılar müayinəyə daha tez cavab verir. Çünki onların əzələləri əvvəlcədən buna hazır olur. Sadə vətəndaşlar isə onlara nəzərən biraz daha gec sağalırlar. Ancaq məsələ burasındadır ki, idmançılar da az-çox sağalan kimi dərhal ağır məşqlərə başlayırlar. Bu çox yanlış və təhlükəli haldır. Normal formunu alsa da, məşqlərə yavaş-yavaş başlamalıdır.

-Əməliyyat sırasında olubmu ki, rentgen göstərici ilə reallıq düz gəlməyib ?

-Bəli, belə hallar çox olur. Dünyanın ən yaxşı rentgen və ya tomoqrafiya aparıtı olsa belə reallığı tam göstərməyə bilər.

 

Oxşar xəbərlər

Riçard Almeyda: “Bizim üçün çox ağır olacaq” (MÜSAHİBƏ)

admin

Rəşad Sadıqov: “Qurban müəllim komandanı fasilədə tənbeh elədi” (MÜSAHİBƏ)

admin

Qış çempionu Röyadan danışdı, atmaca atdı: “Orada biri özünü prokror kimi aparır” – – MÜSAHİBƏ

admin