Müsahibə Ölkə futbolu

“Hədəfim böyük liqalarda oynamaqdır” – Musa Qurbanlı

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Turan Tovuz”la matçdan sonra İdmanxeber.az-a müsahibə verib.

– Təlim -məşq toplanışından birbaşa bura gəldiniz. Yəqin ki, çətin oldu…

– Əlbəttə, çətin idi. Artıq 20 gündür ki, evdən uzaqda məşq keçirdik. Bunların hamısı çempionata daha yaxşı hazırlanmaq üçün idi. Oyun çox çətin keçdi. Bütün komandalar yaxşı hazırlıq keçiblər. “Turan Tovuz” da həmçinin. Çox yaxşı müqavimət göstərdilər. Son dəqiqədə vurduğumuz qolla qalib gəlməyi bacardıq.

– Bölgədə futbol oynamaq nə qədər çətindir?

– Belə atmosferdə oynamaq mənim üçün çox yaxşıdır. Azarkeşlərin komandalarını dəstəkləmələri, stadionu doldurmalarından biz də həzz alırıq. Meydanda bu atmosferi görmək xoşdur. Hər nə qədər rəqib azarkeşləri olsalar da, çox yaxşı görsənir. Yenə də bəzi çətinliklər oldu. Oyunun vaxtı tez, meydança süni idi. Qalib gəldiyimiz üçün sevincliyik.

– Polşanın “Poqon” klubu ilə adın hallanırdı…

– Açığı, bu məsələ ilə heç maraqlanmadım. Klubumuz, baş məşqçimiz bu işlərlə məşğul olurlar. Mənə bu barədə heç bir məlumat verilməmişdi. Necə məsləhət idi elə də oldu. Mən hazırda ancaq “Qarabağ” haqqında düşünürəm.

– Yaxın gələcəkdə legioner həyatı yaşamaq fikrin var? Bunun üçün dil biliyi hansı səviyyədədir?

– Əlbəttə, bütün futbolçular daha yaxşı komandaya getmək istəyər. Mənim də məqsədim, arzularımdan biri böyük liqalarda oynamaqdır. Bunun üçün çalışıram. Necə olacağını zaman göstərək. Dil bilgim də pis deyil. İngilis dili də, rus dili də yaxşı səviyyədədir.

– Kadi Borgesin yeri görünür komandada?

– Əlbəttə, Kadi bizim üçün önəmli oyunçu idi. Çox istəyirdik onu. O bizə, biz də ona öyrəşmişdik. Amma futbolda belə hallar olur. Futbolçu ancaq bir klubda qalası deyil. Kadi artıq getdi, ona uğurlar arzulayırıq. Biz də əlimizdən gələni etməliyik ki, yoxluğu bilinməsin.

– Artıq “9 nömrə” ilə oynayırsan. Bunun nəsə xüsusi bir səbəbi var sənin üçün?

– Bu sırf hücumçu nömrəsidir. Mən də uşaqlıqdan bunun arzusunda olmuşam. Atam da “9 nömrə”də oynayıb. Onun üçün də, mənim üçün xoş oldu. Əlavə motivasiya oldu mənə.

– Bombardlik yarışında Ramil Şeydayevlə yarışırsan. Bu haqda heç aranızda atmacalar, zarafatlar olur?

– Açığı, belə hallar olmur. Ramili çox istəyirəm, o da məni eyni şəkildə. Onun uğurlarına sevinirəm. Çalışırıq ikimizdə komandaya xeyir verək.

– Yəni bombardirlik hədəfin yoxdur?

– Hamının bir hədəfi var. Ancaq bu o demək deyil ki, Ramil qol vuranda mənə xoş olmasın. Məqsəd komandanın udmasıdır. Bu gün ikimiz də qol vurduq və qələbə qazandıq. Əgər birimiz fərqlənə bilməsəydik, hesab belə olmayacaqdı.

– İstirahət vaxtı Parisə getmişdin. Bunun özəl səbəbi var idi?

– Mənim üçün maraqlı şəhər idi. İstəyirdim gedim görüm. Elə xüsusi bir səbəbi yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43