Kateqoriyasız

Hər bir ailədə kaprizli övlad olur” – Qurban Qurbanov

Azərbaycan Kubokunun ¼ finalında keçirilən “Qarabağ” – “Qəbələ” (3:1) sonra təşkil edilın mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Həm rahat, həm çətin oyun idi. “Qəbələ”yə həmişə ciddi yanaşmışıq. Bütün oyunlarda çox aqressiv, aktiv, hücum futbolu oynayırlar. Belədə ilk hissədə çətinlik oldu. Ümumən, komanda qalib gəlmək üçün hər şeyi etdi. İstər-istəməz səhvlər olur, bu, qaçılmazdı. Düşünürəm ki, komanda oyundan oyuna daha fəal olacaq, səliqəli oynayacaq. Buraxdığımız bir qol inanıram ki, faydamıza olacaq, komanda daha məsuliyyətli yanaşacaq.

– “Səbail”lə matçdan sonra bildirmişdiz ki, Gerye bir müddətlik cəzalanıb. Birdən-birə o, komandadan getdi. Düşünmürsüz ki, Gerye komandadan getmək üçün belə bir oyun qurub?
– O, çox ağıllı insandı. Geryüni çox yaxşı tanıyıram. Belə düşüncəsi olsa, buna imkan vermərəm. Həm də o, komandaya, bizə qarşı belə etməz. Bizim razılığımız olmasa, bu addımı ata bilməzdi. Klub olaraq futbolçulara qarşı yaxşı münasibətimizi göstərdik. Onsuz da, yaxın günlərdə oynamağı sual altında idi. Özünün xəbəri yox idi, təklif daha çox bizə gəlmişdi. Baxmayaraq ki, cərimələmişdik, rəhbərliklə danışıb razılaşdıq, getməsinə, karyerasını davam etdirməsinə şərait yaratdıq.

– Onun pulsuz getməsi kluba necə təsir edəcək?
– Maddi heç nə qazanmadıq. Belə düşüncəmiz də yox idi. Həmişə istəyirəm ki, komandada atmosfer tam qaydasında olsun. Hər bir ailədə kaprizli övlad olur, futbolda da belədi. Bu da komandaya, kollektivə təsir edir. Düşünürəm ki, həm bizim üçün, həm Gerye üçün ən doğru variant onun getməsi oldu.

– Emil Balayev uzun fasilədən sonra oynadı. Asan qələbə qazanacağınızı düşündüyünüz üçün onu meydana buraxmışdız?
– Rahat qələbə barədə düşünmürdük. Hər matça qələbə üçün çıxırıq. Dəfələrlə demişəm ki, qapıçılar arasında fərq görmürəm. Sadəcə, futbolun qanunudu ki, kimsə digərindən daha çox oynamalıdı. Bu gün onu əsas heyətdə gördük deyə, meydana buraxdıq.

– Geryenin boşluğunu doldurmaq nə qədər çətin olacaq?
– Bunların hamısını gözə almışıq. Bəlkə, təsir edən bir məqam olar. Oyunçu çatışmazlığı yaşana bilər. Bu gün Toral o mövqaedə heç də pis təsir bağışlamadı. Əvvəlki matçda itkilərimiz var idi, Medina yox idi, Elvin oynaya bilmirdi. Əvvəllər də rotasiyalar etmişik. Geryedən başqa tələblərimiz var idi, Toraldan, Maksimdən, Elvindən fərqli tələblərimiz olur.

– UEFA Nurlan İbrahimovla bağlı apelyasiya şikayətinizi təmin etmədi. CAS-a müraciət edəcəksiz?
– Bizim şikayət etməyimizin faydası yoxdu. Sadəcə, mənəvi borcumuz kimi bu addımı atmışdıq. Mənim düşüncəmə görə heç bir nəticəsi olmayacaqdı. Bu gün pulu düşünmürük. Bizim əməkdaşımız futboldan uzaqlaşdırıb. Əsas təsir edən məqam bu oldu. Belə hallar klubun adına mənfidi. Hər dəfə şikayət etdikcə bir qədər antipatiya yarana bilər deyə, narahat oluram. Cərimələr hər yerdə var. Sadəcə, kluba olan mənəvi zərbə bizə təsir edir. Ona görə belə addım atmışdıq. Pulun yox, Nurlanın gedişi bizə daha çox təsir etdi. “Qarabağ” adını bir azərbaycanlı olaraq hər birimiz qoruyub saxlamalıyıq. Pul cəzası rəhbərlik üçün mənfi ola bilər, amma onlar da mənim kimi düşünür, əsas problem Nurlanla bağlı məsələ oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43