Müsahibə

“Hafiz Məmmədovun əsas tələbi…” – MÜSAHİBƏ

Bir müddət öncə “Bakı”nın U-15 komandası Fransanın “Lans” futbol klubunun düşərgəsində ikihəftəlik təlim-məşq toplanışı keçib. Artıq komanda ölkəmizə qayıdıb.

Bu gün isə U-14 komandası İspaniyaya yola düşəcək. Dekabrın 20-ə kimi davam edəcək toplanış “Atletiko” Madridin futbol akademiyasında baş tutacaq. Səfər öncəsi “Bakı” futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu klbun rəsmi saytına həm öncəki toplanış, həm də gələcək planlar haqda danışıb.

– Öncə Fransa səfəri haqda təəssüratlarınızı bölüşərdiniz.

– “Lans” klubunun akademiyasında baş tutan toplanış futbolçularımızın yeni mühit, yeni futbol ölkəsi ilə tanışlıq baxımından faydalıdır. Xüsusilə də, sosial və futbol fəlsəfəsi baxımından onların dünyagörüşlərində irəliləyiş oldu. Hətta uşaqların bir çoxu həyatlarında ilk dəfə təyyarəyə minib, xarici ölkəyə gedirdilər. Bu səfər həmin uşaqlar üçün önəmli həyat təcrübəsidir. Yetirmələrimiz bacardıqları qədər bu imkandan yararlandılar.

– Təbii ki, Fransa futbolu adından söz etdirməyi bacarır. Belə durumda azərbaycanlı futbolçular yerli mühitə alışmaqda nələr yaşadılar?

– Düzdür, Azərbaycan və Fransa futbolu arasında böyük fərq var. Biz qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsi hesabına bu fərqləri aradan qaldırmaq və “Bakı”nın yetirmələrini ən yüksək səviyyəyə qaldırmaq istəyirik. Bu işləri görmək üçün vaxtımız az olsa da, əlimizdən gələni edib, boşluğu qısa müddətdə aradan qaldırmağı düşünürük.

– Yetirmələrinizin futbol fəlsəfəsində hansı çatışmazlıqları müşahidə etdiniz?

– Bizim uşaqların futbol anlayışı və məşqləri fransızlarla, demək olar ki,  eynidir. Amma futbolçuların rejimində fərqlər çox aydın sezilir. Onlar daha vitaminli qidalar yeyirlər, daha sağlam böyüyürlər. İnkişafın birinci şərti düzgün məşq, ikincisi isə düzgün rejimdi. Tekniki-taktiki yöndən sıxıntımız olmadı. Keçirdiyimiz yoldaşlıq görüşlərində “Lans”ın yetirmələrinin daha güclü olduğu hiss olunurdu. Üstəlik, oyunçuların təbii fiziki göstəricilərində də də fransızlar üstün idi. Müasir futbolda belə bir qayda var: Güc hər zaman texnikanı üstələyər.

– Bu gün U-14 komandamız İspaniya yola düşəcək. Orada hansı istiqamət üzrə işləyəcəksiz?

– İspaniyada da eyni plan üzrə məşqlər keçəcəyik. Həm sosial, həm də texniki-taktiki çalışmalar əsas götürüləcək.

– Bir müddət öncə “Bakı”nın 5 yetirməsi 3 illik təlim-tədris almaq üçün “Atletiko” Madridin düşərgəsinə yollandı. Bununla bərabər “Lans”ın futbol akademiyasına futbolçu göndəriləcəkmi?

– Oxşar əməkdaşlıq “Bakı” və “Lans” arasında da nəzərdə tutulub. Bu işi qarşı tərəfin uşaq məşqçiləri həyata keçirir. Onlar fərqli tərkiblərlə, fərqli vaxtlarda bura gəlir, bizim uşaqları yoxlayırlar. Klubumuzun strateji inkişaf planına əasasən, xaricə yollanan uşaqların sayı artacaq. Ancaq tələsmək də lazım deyil. Klubumuzun prezidentimiz Hafiz Məmmədovun əsas tələbi yerli uşaqların xarici ölkələrdə təlim görüb, orada inkişaf etməsidir.

Onu da əlavə edim ki, növbəti ilin yanvar ayında U-19 və U-17 komandalarımız da Fransada təlim-məşq toplanışı keçəcək.

– Fransada təlim-məşq toplanışı keçdiyiniz müddətdə hansısa futbolçumuzu bəyənib, orada qalmasını istəyənlər oldumu?

– Bu, bizim iş formatımızda olmayıb. Olsa belə, Hafiz Məmmədovun izni olmadan onlar Fransada qala bilməzdi. Heyyətdə texniki hazırlığı əla, ancaq fiziki göstəriciləri zəif olan futbolçularımız çox idi. Yoldaşlıq görüşlərində də bu, aydın hiss olunurdu. Üstəlik, futbolçularımız “Lans”ın özlərindən bir yaş yuxarı qrupları ilə oyunlar keçirdilər. Belə durumda fransızların üstünlüyü sezilirdi. Burda bir məqamı da əlavə edim ki, Fransada səfərdə olduğumuz müddətdə bizi tərcüməçi kimi müşayiət edən Baba Həsənov artıq “Lans” klubunda işə qəbul olunub. Səfərimizin daha bir faydasını gördük, təlim-məşq toplnatımız Fransada yaşayan azərbaycanlı gəncin özünə yeni imkanlar açan iş yeri tapması ilə də əlamətdar oldu.

Son 2-3 ay içində artıq 5 komandamız Fransa və İspaniya kimi aparıcı dünya ölkələrində təlim keçirlər, uşaqlar bu yüksək şəraiti yaradan klub prezidentimiz Hafiz Məmmədova təşəkkür etməklə yanaşı söz verdilər ki, bu qayğının nəticəsində əzmkarlıqla çalışaraq, bunun qarşılığını yaşıl meydanlarda verəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43