Köşə yazıları

Hamamda konfrans, “facebook”da lotuluq

“Neftçi”nin “lotuluq” fışqıran futbolçuları siyahısına Cavid İmamverdiyev də qoşulub. Ümumiyyətlə “Neftçi”də lotuluq dəbdi və edənlər çoxdu. Yəni cəza verən olmadığı üçün istədiklərini edirlər.

Araz Abdullayev iki qadını vurdu, birini öldürdü, birini yaraladı (Ə, bunu 10 dəfə demisən deyə bilərsiz, düzdü, Araz Abdullayev cəzalanana qədər imkan düşdükcə deyəcəm) gözünün üstündə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb olunmadı, hələ üstəlik hadisənin üstündən bir həftə keçməmiş əsas heyətdə oyuna çıxdı.

Mahir Şükürov “Qəbələ”ylə oyunda onu söyən azarkeşlərə “orta barmaq” göstərdi. Mən azarkeşlərə haqq qazandırmıram, ancaq Mahirə də heç nə qazandırmıram. Hansı cəzanı verdilər ona? Bəlkə əvəzedici heyətə göndərdilər, ya pul cəzası verdilər? Heç biri…

İndi də Cavid İmamverdiyev. “Simurq”la oyunda boş qapıya topu göndərə bilmədiyi üçün sosial şəbəkələrdə azarkeşin biri Cavidlə məzələnib. Məzələnərlər də… Cavid də boş qalmayıb bu azarkeşi hədələyib, təhqir “bacarığını” göstərib…

Bunlar hamısı Güloğlanın tələbələridi. Ondan dərs alıblar. Lotu dəstəsi qurublar. Allah axırını xeyir eləsin…

Azərbaycan futbolunda belə lotu hadisələr çox olur, hərdən komik hadisələr də olur.  O gün “Futbol+” qəzetinin muxbiri I Divizionda “Şuşa” – “Şahdağ” oyununu izləməyə gedib. Qardaş oyundan sonra soruşub ki, mətbuat konfransı harda olacaq? Deyiblər gəl “1” nömrəli otağa get. Qardaş deyib yəqin mən tək olduğum üçün çay süfrəsi falan olacaq. Gəlib qapını açıb girib içəri. Əvvəl elə bilib ki, səhv gəlib. Sonra başa salıblar ki, ayə, yox, elə düz gəlmisən. Mətbuat konfransı burda olacaq. Mətbuat konfransı olan otaq “HAMAM” imiş. Gülməyin!

 Hər dəfə ironiya ilə yazacam deyə bir şey yoxdu. Ciddi yazı yazıram artıq. Siz də haqlısız, mətbuat konfransı “HAMAM”da baş tutan bir ölkənin futbolundan ciddi nəsə yazmaq İbrahimoviçin vurduğu qollara hörmətsizlik göstərməkdi.

İbrahimoviç demişkən, görürsüz də adamın qollarını? Şərab kimidi… Qocaldıqca vurduğu qollar gözəlləşir. Oyununa baxdıqca zövq alırsan.

Zövq dediksə, ümumiyyətlə, gərək Azərbaycan futboluna baxmayaq. Adamın bütün zövqü məhv olur. Futbol haqda sual eşidəndə, “Mən Azərbaycan futboluna qarışmıram” deməyim gəlir…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43