Müsahibə Ölkə futbolu

“Hamı büdcənin geniş olmasını, yaxşı futbolçuların gəlməyini istəyər”

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin idmanxeber.az saytına müsahibəsi

-Təlim-məşq toplanışı necə gedir? Hava şəraiti mane olmur?

-Hər şey yaxşıdır. Məşqlər plan üzrə gedir. Oyunlardan sonra çoxlu analizlər edirik. Zəif tərəflərimizi düzəltmək istəyirik. Çempionata qədər tam hazır olmağa çalışacağıq. Açığı, yağış bir az problem yaradır. Dünən keçirilən yoxlama matçından öncəki gün topla məşq edə bilmədik. Yağış imkan vermədi. Yenə də hazırlığımızı zalda davam etdik. Ancaq oyun öncəsi stadionda məşq etmək vacibdir. Topu hiss etmək lazımdır. Zalda çalışsaq da, meydança ilə eyni şey deyil. Yaxşı ki, oyun zamanı yağış yağmadı.

-Artıq iki yoxlama oyunu keçirmisiniz. Bir qələbə, bir məğlubiyyətl alınıb. Səncə, hazırda komandada mənfi və müsbət tərəflər hansılardır?

-İlk görüşdə məğlub olduq. Matçdan öncə məşq etməyə vaxt az oldu. Tam hazırlana bilmədik. Yeddisi Antalyaya gəldik, səkkizi məşq edib, ardınca da oyuna çıxdıq. Açığı, bir az yükləmə oldu, istədiyimiz kimi çıxış edə bilmədik. İlk yoxlama matçında ideal formada deyildik. Əsas heyətlə də çıxmamışdıq. Yenə də səhvlərimizi gördük, ikinci matçda da bunları etmədik. Getdikcə daha da düzələcəyik.

-Qarşılaşdığınız rəqiblər səviyyəcə “Turan Tovuz”dan üstün görünürdülər?

-Xeyr, deməzdim. Bizdən elə də üstün görünmürdülər. İki görüşdə də pis mübarizə aparmadıq. Rəqiblərin əzici üstünlükləri yox idi. Dünənki matçda daha yaxşı oynadıq. Bu da normaldı. Artıq neçə müddətdir birlikdə məşq edirik.

-Səncə, komanda istədiyi performansı sərgiləmək üçün nə qədər güclənməlidir?

-Yeni komandayaıq. Uyğunlaşma müddətini də nəzərə almaq lazımdır. Büdcənin geniş olmasını, yaxşı futbolçuların bizə qoşulmasını hamı istəyər. Məncə, heyətdəki oyunçular da pis deyil, əllərindən gələni edirlər. Yeni yığılan heyətlə ciddi nəticə qazanmaq çətindir.  Məşqlərdə, oyunlarda ancaq irəli getmək barədə düşünürük. Bilirsiniz ki, kubokda da yolumuza davam edirik. Bu özü bizim üçün yaxşı motivasiyadır. “Neftçi” ilə mübarizə aparacağıq. Həmin oyuna qədər tam hazır olmağa çalışırıq. Əsas odur ki, qarşımızda məqsədimiz var.

-Kubok oyunundan söz düşmüşkən, səncə, titulu qazanmaq şanısınız neçə faizdir?

-Real danışmaq lazımdır. “Neftçi” bizim üçün güclü rəqibdir. Ölkənin “flaqman”ıdır. Büdcə cəhətdən, heyət baxımından üstünlükləri çoxdur. Ancaq biz də final oynamaq istəyirik. Bu görüş barədə düşünməyə hələ vaxt var. Kubok oyunları çempionatdan fərqli olur. Əsas odur ki, həmin oyuna tam hazır olmalıyıq. Şansımızın neçə faiz olduğunu demək istəmzədim. Amma fərqindəyik ki, qarşıdakı rəqibi keçə bilsək, artıq finaldayıq. Final isə bir oyundan ibarətdir və hər şey mümkündür.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43