İdman

Hamı istirahətdə, onlar üçün fasilə yoxdu – YAZI

Futbol azarkeşlərinin, ən əsası da İngiltərə futbolunu izləyənlərin səbrsizliklə gözlədiyi "Boxing Day" artıq start ərəfəsindədir. Bəs, görəsən bu 1 həftə ərzində komandalar hansı nəticələri verəcəklər və ya bu müddətə hazırdılar? İlk öncə klubların qarşılaşacağı rəqibləri qeyd edib, nəzərdən keçirək.

İlk pillənin şərikli liderlərindən olan "Liverpul"un işləri asan deyil. İlk rəqibi "Mançester Siti", ardınca isə "Çelsi"dir. Ən pisi bu olmaqla bitmir. Hər iki oyunu səfərdə keçirəcək. 3-cü rəqib isə "Hall Siti"dir. İlk 2 rəqiblə oyun çox çətin olacaq. Bu bəlli məsələdir. Sonuncu rəqibə isə səfərdə 3-1 hesabı ilə məğlub olmuşdu. "Liverpul"un nə edə biləcəyi çox maraqlıdır. Güman ki, bu oyunlardan sonra mövqeyində dəyişiliklər olsun.
Digər şərikli lider "Arsenal" klubudur ki, onun da rəqibləri "Vest Hem" (səfər), "Nyukasl" (səfər) və "Kristal Pelas" (ev) klublarıdır. Son zamanlar gözlənilən oyunu verə bilməyən "topçular"ın ilk sınağı "London derbisi"ndə olacaq. Ardınca "St James' Park"a səfər edəcəklər. Göründüyü kimi rəqibləri ciddi olmasa da, oyunlar çətin keçəcək. Sonuncu rəqiblə evdə qarşılaşacağını nəzərə alsaq, qələbə qazanmaq ehtimalını yüksək qiymətləndirmək olar.
3-cü pillədə 35 xalla qərarlaşan "Mançester Siti"nin işləri qismən asandır. Baxmayaraq ki, yuxarıda qeyd olunduğu kimi ilk rəqibi "Liverpul" olacaq. "Ettihad Stadium"da baş tutacaq oyunda "şəhərlilər"in məğlub olacağı çox da inandırıcı görsənmir. Digər 2 rəqib "Kristal Pelas" (ev) və "Suonsi Siti" (səfər) klublarıdır. Sonuncuların da qeyri-sabit çıxışı Mançester təmsilçisinin işinə yarıya bilər.
4 və 5-ci pillələri "Çelsi" və "Everton" klubları tutur. Bu rəqibləri ilk pillədən cəmi 2 xal ayırır. Maraqlıdır, elə deyilmi? Birincilərin rəqibləri "Suonsi" (ev), "Liverpul" (ev) və "Souzhemptun" (səfər) klublarıdır. "Everton"un rəqibləri isə "Sunderland" (ev), "Southampton" (ev) və "Stok Siti" (səfər) klublarıdır. "İrislər"in"S"-lərlə oyunda elə də çətinliklərlə üzləşəcəyi inandırıcı görünmür.
"Nyukasl" və "Tottenham" 6-ci və 7-ci pillələrdə qərarlaşıb. "Sağsağanlar"ın rəqibləri "Stok Siti" (ev), "Arsenal" (ev) və "Vest Bromviç Albion" (səfər), "şpor"ların isə "Vest Bromviç Albion" (ev), "Stok Siti" (ev) və "Mançester Yunayted" (səfər) olacaq. "Nyukasl" son oyunlarında qeyri-sabit nəticələr əldə etməsi, ilk 2 oyunda "baş ağrısı" ilə nəticələnə bilər. "Tottenhem"in məşqçi dəyişiliyindən sonra nələr edəcəyi maraq doğurur. İngiltərə mediası Tim Şervudun "şpor"lar üçün "Robin Qud" olacağına inanmır.
"Mançester Yunayted" 8-ci pillədə qərarlaşıb. Rəqibləri "Hall Siti" (səfər), "Norviç" (səfər) və "Tottenham" (ev) olacaq. İlk oyunda David Moyes "Mançester Y"in əfsanəvi oyunçularından olmuş Stiv Brusin komandasına qarşı olacaq. Onu da bildirək ki, "qırmızı şeytanlar"in məşqçi işləyən eks-oyunçularından heç biri indiyə kimi komandası üzərində qələbə qazana bilməyib.
Ramid Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43