12 Avqust 2020
  • Ana səhifə
  • Ölkə futbolu
  • “Hansısa oyunu şərh edirsən və bankdan sənə SMS gəlir ki, sabah kreditin vaxtıdır…” (MÜSAHİBƏ)
Ölkə futbolu

“Hansısa oyunu şərh edirsən və bankdan sənə SMS gəlir ki, sabah kreditin vaxtıdır…” (MÜSAHİBƏ)

– İlin şərhçisi kimi ilk sualda seçimə münasibət bildirməyini istəyirəm. Həm də təəssüratlarını bilək…

– AFFA yanında Media Komitəsinə və mənə səs verən bütün həmkarlara təşəkkür edirəm. Çoxdan fikirləşirdim ki, belə bir qurum mətbuatda olmalıdır. Aydın məsələdir ki, AİJA (Azərbaycan İdman Jurnalistləri Assosiasiyası) ölü bir qurumdur və heç bir fəaliyyəti yoxdur. İAM (İdman Araşdırmalar Mərkəzi) bir ara nəsə eləməyə çalışırdı. Sadəcə, belə bir qurum mütləq olmalı idi ki, jurnalistləri öz arxasınca apara bilsin, problemli məsələlər çıxanda həll etsin. Söhbət sırf səfər məsələlərini həll eləməkdə və ya reklamın verilməsinin təşkil edilməsində deyil. Tutaq ki, uzaq olsun,hansısa bir həmkarımız ağır xəstəlik keçirən zaman ona dəstək olmaq olar. Müəyyən bir günlər var ki, onların qeyd olunmasını təşkil etmək olar.  Mükafata gəldikdə, tədbirdə də dedim ki, bu, təkcə mənim əməyim deyil, “CBC Sport”un, bütün televiziyanın əməyidir. Aydın məsələdir ki, səs rejissoru yaxşı işləməsə, səs də yaxşı çıxmaz. Nə bilim, administrator nəyisə düzgün eləməsə, efir yaxşı alınmaz. Bütün bunların hamısı kollektivin əməyidir  və uğur da bu əməyin sayəsində olur. Başqa həmkarlar var idi ki, onlar da bu ada layiq idilər və seçilə bilərdilər. İndi iş elə gətirib ki, mənə səs veriblər. Veriblərsə də, mükafatdan imtina etmək olmaz (Gülür).

– Belə şablon sual: buna özünü layiq bilirdin?

– Məncə, bilirdim. Hər halda, 1999-cu ildən mətbuatdayam və bu, ilk mükafatım idi. Əvvəlcə qəzetdə reportyorluq etmişəm, sonra televiziyada müxbir işləmişəm, müxtəlif verilişlərin aparıcısı olmuşam və 2009-2010-cu ildən şərhçilik edirəm. Demirəm ki, yüzdəyüz, amma ilk 4 və ya 5-liyə düşmək ehtimalım var idi.

– Səsvermədə özün də iştirak etsəydin, kimə verərdin üstünlüyü?

– Bilirdim ki, bu sual veriləcək. İndi kiminsə adını çəksəm, o birini unudacam. Sonra uşaqlar məni görəndə İstanbulda darbeyə uğramış əsgərlərin gününə salacaqlar. Yaxşısı budur, heç kimin adını çəkməyərək neytral mövqedə qalım. Amma indi çalışdığım televiziyada da, bundan əvvəl çalışdığım kanalda da (“İdman Azərbaycan” – red.) şəxslər var ki, onlara səs verə bilərdim.

– Reportyorluqdan sonra qəzetçilik, televiziya müxbirliyi və şərhçilik. Digərlərini sonuncudan fərqləndirən nədir və ən çətini hansıdır?

– Bəlkə şablon cavab olacaq, ancaq doğrudan hamısı çətindir. Reportyorluğa başlayanda 1999-cu il idi. Normal internet yox idi. Normal internet nədir, heç mobil telefon yox idi. Tutaq ki, Nadir Qasımovdan müsahibə almaq istəyirdiksə, zəng edirdik onun evinə, məlum olurdu ki, o, 10 dəqiqə əvvəl evdən çıxıb. Sonra onun oğlu və ya həyat yoldaşı ilə danışmalı olurduq ki, nə zaman evə gələcək, müsahibə verəcək? Yəni belə keşməkeşli yollar. Ona görə də çətin idi. Kimdənsə müsahibə götürməkçün onunla mütləq şəkildə görüşməli idin. İndi mobil telefonla, SMS-lə, “facebook”la müsahibə almaq mümkündür. İndi hamı müasir texnologiyadan istifadə edir və etməlidir, buna bir söz demirəm. Şərhçilik isə biraz fərqlidir. İşlətdiyin fikirlər bədahətən deyilir. Ağzından söz biraz başqa cür çıxdısa, vay halına. Məsələn, “Lill” – “Qəbələ” oyununda azərbaycanlı azarkeşlərin yanında xarici görkəminə görə fransıza oxşayan biri var idi. Kadrı, epizodu ifadə eləməkçün dedim, yəqin ki, bu, bizim azarkeşlərlə dostluq eləməz. Fransız gəlib, təbii ki, öz komandasına dəstək olar. Bir də gördüm, “inbox”a biri yazıb ki, gözləmirdim sizdən belə söz. Mən də izah elədim ki, o mənada demədim. Fikrim bu idi ki, yəni öz komandasına azarkeşlik edər. Mən o qədər dərin məsələlərə qarışmıram. İstəyir bizimkilər afrikalı ilə dostluq eləsin, ya eləməsin, mənimçün o qədər də fərqi yoxdur. Yəni şərhçilik biranlıq qərarlar tələb edən peşədir. Və o anda qərarı yanlış verməməlisən. Çətinlik baxımından sadəcə bu məsələ var.

– İlk dəfə hansısa peşəni seçəndə kumir hesab elədiyimizin sənətinə üstünlük verərdik. Elnur Məmmədlinin istəyi  hansı istiqamət olub?

– Uşaqlıq dövrüm hardasa 80-ci illərin sonlarına, 90-cı illərə düşür. O vaxt cəmi  bir televiziya var idi. Məhəllədə də hamı bir komandaya azarkeşlik edirdi. Hamıdan yaşda balaca olduğumdan sıralamada mənə “Torpedo” ( Moskva) düşürdü. Mən də məcburiyyətdən ona  azarkeşlik edirdim. O dövrdə hamı rus dilində şərh edirdi və təbii, biz də rusiyalı şərhçilərə qulaq asırdıq. Konkret deyə bilmərəm ki, kumirim Maslaçenko olub. Ancaq nəsə öyrənmək istəyəndə əsas nümunə o idi. Uşaq idik deyə, vaxt bol olurdu, bütün oyunları izləyirdik.

– Uşaqlıqda bizə rus ədəbiyyatı, musiqisi, jurnalistikası, hətta  məişəti təsir edib. Müstəqillikdən sonra Türkiyəyə də meyl artdı…

– Bir dəfə Utkin Bakıya gələndə demişdi ki,  siz bir tərəfdən şanslısınız ki, həm rus dilini bilirsiniz, həm də türk. Məncə, bu, bu həm də bir şanssızlıqdır. Əsas da şərhçilər üçün. Çünki oyunları həm rus, həm türk kanallarından izləmək azərbaycanlılar üçün daha rahat olur. Bu da bizim şərhçiliyimizi, işimizin reytinqini aşağı salır. Nə qədər eləsən, altşüurda türk və rus kanallarından futbola baxmaq daha prestijli hissdir tamaşaçı üçün sanki.  Bunu etiraf eləməliyik. Özüm də uzun illər futbolu  Rusiya kanallarında izləmişəm. Bunun da müsbət tərəfləri var.  Məsələn, Rusiyada şərhçi oyun zaman hansısa yazıçıdan elə bir sitat gətirir ki, həmin kitabın, həmin cümləsini 10 dəfə oxusaq, yadımızda qalmaz bəlkə də. Türkiyədə isə bu, yoxdur. Onlarda sadəcə sürətə əsaslanmış şərhçilik var. Yəni görünəni nəql etmək. Hərçənd, bunun da yaxşı tərəfi var. Tutaq ki, sürətli oyunda sən Nizamidən, Füzulidən sitat gətirsən, sabah hamı sənə lağ edəcək.

– Bizim şərhçiliyin “Old school”undan razısanmı?

– Desəm ki, bizdə şərhçilik məktəbi olmayıb… Vallah bizə çətin idi. İndi də çətindir. Çingiz İsmayılov bizi rahat şəkildə tənqid edir. Düz edir, əcəb edir, yaxşı edir. Tutaq ki, Aydın Əliyevdən AZTV-də mən çox şey öyrənmişəm. O da yeni nəsli qəbul eləmir, tənqid eləyir, yaxşı eləyir. Yaxşı, bəs Çingiz İsmayılov, Aydın Əliyev – siz bizə nə qoyub getdiniz ki? Hələ də “прострел”  sözünün dəqiq tərcüməsini tapa bilmirik. Biz “potkat”ı sürüşmə fəndi kimi  tərcümə edirik. Doğrudan da məktəb yox idi. Mən həmin insanları da başa düşürəm. O vaxtı ancaq “Neftçi”nin oyunları yayımlanırdı. Ajiotaj yox idi ki, söz axtarıb tapsınlar. Hazırda bizdə nə qədər xarici ölkələrin çempionatları yayımlanır. Olimpiyadalar, idman yarışları və s. Əminəm ki, Azərbaycanda 90 faiz idman jurnalisti bu növlərin qaydalarını tam dərindən bilmir. Bizim ağsaqqallar Maslaçenkonın rusiyalılara qoyduğu mirasdan bizə qoymamışdılar. Öyrətməyə də meyilli insanlar az idi həmin illərdə.

– Qısqanclıq?

– Qısqanc da demək olmaz  onlara. Bəlkə mən də onlar yaşa çatanda elə olacam. Öz dövrümüzün nəslindən başqa heç kimi bəyənməyəcəm. Onların öz ətrafı var idi və özlərini də bəyənirdilər.

– İdman  mediasında böyük qarışıqlıq var. Mizah itib sanki.  Yaxşılar da var, pislər də. Ancaq bu seçimi oxucu apara bilmir.  Təcrübəli bir həmkar kimi, səncə, idman mediasında hazırda köhnə nəsillə yeni nəsil arasında qarşılıqlı əlaqə varmı?

– Bir dəfə də bunu məndən soruşmuşdun. Sadəcə, bir neçə uşaq var, onların adını da çəkə bilərəm. Elmar Rza, Elmar Abdullazadə və Şəfi Şəfiyev. Potensiallı olduqları görünür. Heyf ki, mən bu uşaqları sırf sosial şəbəkələrdə izləyirəm. Asəf Zeynallı da şəkillər axtarıb tapır, maraqlı paylaşımları olur. Ancaq  bu uşaqlar hansısa qəzetdə, saytda otursun ciddi-ciddi araşdırma aparsın, işləsin – onu görmürəm. Bəlkə də onlara kimsə istiqamət versə, tam yaxşı olar. Amma sosial şəbəkə hələ tam mətbuat demək deyil. Vaxt gələcək, onlar da ciddi mətbuatda olacaqlar. Əsas işin ciddiyyətini anlamaq və məqsədli olmaqdır. Tutaq ki, sosial şəbəkədəki hər hansı iki cümləlik statusuna gülürlər və hamı bəyənir. Bəlkə bu misraları köşə yazılarında istifadə eləsələr, həmin yazı partladacaq.

– Maddiyyat yaradıcılığa təsir edir. Məsələn 10-15 il əvvəl maddiyyatı düşünməzdi jurnalistikaya gələn. Uzun müddət müxtəlif redaksiyalarda pulsuz belə işləməyə razı idik ki, təki öyrənək. Sovet sızıntılarından qalıb ki, maddiyyat yaradıcılığa təsir etmir. Səncə, indiki zamanda idman mediasının inkişafına/keyfiyyətinə pul nə qədər təsir edir?

– Təbii ki, çox təsir edir. Elə özümüzdən götürüm. Hansısa oyunu şərh edirsən və bankdan sənə SMS gəlir ki,  sabah kreditin vaxtıdır. Sənin fikrin oyunda necə qala bilər. Yalnız, “mən bunu necə ödəcəyəm” deyə, düşünürsən və pul tapmağı fikirləşirsən. Bu baxımdan bütün jurnalistlər, həmkarlarımız yaxşı dolansalar, yaxşı qazansalar, onlar ancaq yaradıcılığı düşünəcəklər. Oturanda ancaq bir şeyi düşünməsinlər ki, sabah 5-10 manat haradan tapım, hansısa problemimi həll edim.

– Şərhçilik niyə çox tənqid olunur?

– Düz deyirsən, çox tənqid olunur. Azərbaycanda bir hakimlər, bir də şərhçilər çox və rahat tənqid olunurlar. Bilirsiniz, biz gözümüzü açanda öyrəşmişik rus, türk dillərinə. Mənim övladımın 5 yaşı var, hələ də türk dilində danışır. Bu uşaq gözünü açandan türk çizgi filmlərinə baxır. Çünki Azərbaycanda hələ də uşaq kanalı yoxdur. Qınamaq da olmaz, çünki hələ hər şey təzə-təzə yaranır bizdə. “CBC Sport”un hələ 1 yaşı tamam olmayıb. “İdman Azərbaycan”  bir neçə ildir fəaliyyət göstərir və şərhçilər çatışmazlıqlarını aradan qaldırırlar. Əsas odu, proses gedir və müsbət istiqamətdədi, irəliləyişdədi. Zamana ehtiyac var. Bəzən də düşünürəm ki, bəziləri sırf bekarçılıqdan tənqid edirlər. Otururlar 24 saat televiorun qabağında və başlayırlar xırda detalları tənqid etməyə. Bəlkə özlərini bu sahədə bizdən yaxşı hesab edirlər.

– Bəlkə, loru desək, özlərini çox yaxın hiss edirlər? Yəni sosial şəbəkədə hesab mənimdir, Elnur Məmmədli burda bu qədər mənə yaxındır və sözümü açıq şəkildə deyirəm. Özünütəsdiq kompleksi və s. olmasın birdən bu…

– Əslində düz eləyirlər. Demokratiyadır, kim nə istəyir, desin. Evdə kompyuter böyründədir və telefon əlindədir, fikrinə gələni yazır. Ancaq  biraz daxili senzura olmalıdır. İnsan özlüyündə fikirləşməlidir ki, mən kimdən nə tələb edirəm. Bir misal deyim.  Media Komitəsinin mükafatını alanda öz dostluğumda olanların şərhlərini oxudum. Amma “CBC Sport”un səhifəsində bu haqda xəbər paylaşıldı, heç bir şərhə fikir vermədim, ki birdən qanımı qaraldacaqlar. Elə bilirdim, kimlərsə mütləq rişxənd edəcəklər.  Yazsınlar, tələb etmək yaxşı şeydir, inkişaf etdirir, amma şöyüşsüz, təhqirsiz etsinlər.

– Demokratiya, yoxsa mühafizəkarlıq?

– İlahiyyat fakültəsini bitirmişəm və müsahibədə səninlə oturub bir bokal pivə içirəmsə, bu, artıq mənim dünya görüşüm haqda nəyisə aydınlaşdırır (Gülürük). Əslində tarix fakültəsini istəyirdim. Elə oldu ki, bu fakültə düşdü və bir il Türkiyədə, 4 il burada təhsil aldım. Mühafizəkarlıq deyəndə, bəzi şeylərdə lazımlıdır, ancaq dəyişiklik olmalıdır. İnsanlar şablon şeylərdən bezirlər, yenilik istəyirlər.

– Təhsilin ilahiyyat..  səncə, həqiqətənmi “əsl İslam bu deyil”?

– Çox çətin sualdır. Əsl islamı görmüşük ki, bilək də nədir? Bilmirik axı…

– Ədəbiyyatda, mütaliədə hansı istiqamətə meyllisən?

– Çox oxuyuram. Yerli yazıçılar-filan. Məsələn, Seymur Baycanı da oxuyuram, Aqşini də, Əli Əkbəri də, Şərifi də,  Qan Turalı da.. Ümumiyyətlə çalışıram ki, yeni nə varsa, kim varsa, oxuyum.

– Haçansa özün kitab yazmaq istəmisən?

– Uşaq vaxtı daha çox istəyirdim. İndi isə get-gedə həvəsim ölür. Hardasa 5-10 il əvvəl istəyirdim ki, yazım. Sırf futbola aid yox, bədii bir əsər yazmaq istəyirdim. Nəsə, adamda olur elə şeylər. Ardıcıl 4-5 kitab  oxuyursan və və  istəyirsən ki, özün də nəsə yazasan.

– Rus ədəbiyyatı, yoxsa digərləri? Konkret bu cür qoyuluşa səbəb əvvəllər daha çox rus ədəbiyyatı təsirində olmağımız, sonra dünyaya açlış və s. hesab edək…

– Rusiya ədəbiyyatında Tolstoydu,  Dostoyevskidi – ən çox bizim cəmiyyətə təsir edən.  İndi də Dostoyevskinin adı çox hallanır və sanki hamı əsərlərini oxuyub. Onun yazdılarını anlamaq üçün, məncə, azı 2 dəfə oxumaq lazımdır.  Xüsusi də bizim kimi –  beyinlərində çoxlu informasiya olan insan gərək daha çox diqqətlə oxusunlar ki, anlasınlar. Bir də ölkədə çox böyük tərcümə problemi var. Bir dəfə Markesin bir kitabını oxudum və kitab mənə çox bəsit gəldi.  Dostumla həmin kitabı müzakirə edirdik və mən dedim ki, adi kitabdır axı, niyə bu qədər şişirdirsiz. O, səhv eləmirsə, ya rus, ya da ingilis dilində oxumuşdu və mənə izah elədi ki,  tamam başqa aləmdir. Onda anladım ki, kitab haqda o cür  fikri məndə yanlış tərcümə formalaşdırıb.  Xalid Hüseynin kitablarını oxuyanda adama çatır. Amma Markesin  əsərlərini oxuyanda elə bil ki, bəsit bir hekayə  oxuyursan.

– 2004-cu ildən sonra futbola pul axını hər şeyə təsir elədi. Həmçinin jurnalistikaya. Artıq maddi problem olduğuna görə bir sıra ələnmələr oldu. 5 il sonra Azərbaycan jurnalistikası necə görünür sənin təhlilində?

– Bir ara bizdə qəzetlər dəhşətli şəkildə çoxalmağa başladı və sonra yarıdan çoxu bağlandı. Düşünürəm ki,  elektron idman mediasında da belə olacaq. Bir neçə il sonra saytlar ya birləşəcəklər və ya maddi problem çıxacaq, bağlanmalı olacaqlar. AFFA yanında Media Komitəsi qurulanda bu proseslərin başlayacağını düşünürdüm. Artıq ilk addımlar atılır, ancaq davamı mütləq gəlməlidir. Bir sayta ki gün ərzində 50-60 nəfər girir, nəyə lazımdır fəaliyyəti? Əvvələr “7 Gün” qəzeti var idi. İndiki mediadan qat-qat üstündür mənim üçün. 16 ya 24 səhifəlik bir qəzet idi, çox maraqlı yazılar və məqalələr yazılırdı. 2004-dən  əvvəlki dövrdə media daha obyektiv idi. Hiss olunurdu ki, düzgün tənqid edirlər. İndiki dövrdə yazılarda hiss edirsən ki, filan dəsti-xətt var. Hansısa komandaya azarkeşlik hiss olunur. Olar, amma beynəlxalq yarışlarda.  Amma durub hər hansısa komandanın qoluna ayaqüstə əl çalmaq. Bu, düzgün deyil məncə.

– Beynəlxalq təcrübəyə əsaslanan jurnalistika kursu açılsa, hansı təcrübəni qazanmaq istəyərdin?

– Deyərdim ki, 10 gün Rusiyaya göndərin, 10 gün Türkiyəyə. Sırf televiziyaya görə götürsək, deyilənlərə görə, dünyanın ən yaxşıları fransızlardır. Onlar futbolu çox yaxşı çəkirlər. Almaniyada inkişaf göz qabağındadır. Məsələn, mənə çox maraqlıdır ki, Türkiyədəki studiya necədir. Pərdəarxasında nələr var. Bunları bilmək istəyərdim.

– Hər səfərdən sonra özündə dəyişiklik hiss edirsənmi?

– Bir çox insanın arzusudur ki, bütün dünya ölkələrini səyahət eləsin. Hər yeri görsün. Əvvəllər kanallar səfərlərə gedəndə uzaqbaşı 1-2 videoreportaj hazırlayıb, gələrdi. İndi “CBC Sport”da vəziyyət fərqlidir. Gündüz və Əbdürrəhman Türkiyə kubokunun finalını, mən Azərbaycan – Qazaxıstan matçını Türkiyədə birbaşa  stadiondan şərh elədik, Ziya, Rüstəm, Murad Avropa çempionatı zamanı Fransada oldular, verilişlər hazırladılar. Bu, tamam başqa hissdi. Əvvəllər biz gedirdik və millinin məşqini çəkdik, biraz oyuna baxdıq, mətbuat konfransı, oradan şərh eləmədik, bir dənə sual verdik. Bu elə eyni səviyyədə qalmaqdır. Təbii ki, gedib oradan şərh edəcəksənsə, bu böyük inkişafdır.

– “İlin şərhçisi”nin həm azarkeşlik etdiyi komanda, həm simpatiya bəslədiyi məşqçi oxuculara maraqlı olar.

– Xüsusi azarkeşlik etdiyim biri yoxdur. Mourinyoya simpatiyam var. İndi o, “Mançester Yunayted”ə getdi və mən bütün mövsüm bu komandanın oyunlarını izləyəcəm ki, görürm neyləyir.  Tutaq ki, Maradona o vaxt hansısa komandaya keçəndə o klubun oyunlarına baxmağa üstünlük verərdim. Heç vaxt “Zenit”ə azarkeşlik etməmişəm, etmərəm də, amma mənə maraqlıdır ki, Luçesku orada necə işləyəcək? Sırf belə şeylər maraqlıdır. Yoxsa konkret hansısa komandaya və ya məşqçiyə sevgi yoxdur.

– 5 il sonra Azərbaycan futbolunu hansı səviyyədə görürsən?

– Çempionatda 8 komanda qalıb. Say daha çox olmalı idi. Əyaləti təmsil edən cəmi ikisi –  “Kəpəz” və “Qəbələ” qalıb. Bunlar xeyrimizə işləməyən hallardır. Bu fikirlərlə də razılaşaq ki, 2004-2005-ci illərdə futbolçulara fantastik pullar verilirdi. “MKT Araz” var idi. Artyom Bezrodnı gəlib orada qəbirstanlıqda yatmışdı. O qədər anormal danışıqlar olurdu ki. O vaxt oyunçulara  real qiymətlər verilmirdi. Yaxud Əhməd Dursun  kimiləri.  6 ay oynayırdı, nə qədər pul alırdı. Bu, biraz da onu göstərir ki, “qılınc müsəlmanıyıq”, bizi gərək sıxasan ki, nəsə bir şey eləyək. AZAL nümunəsi götürək. Keçən il komandada ən yüksək maaş məbləği 1000 AZN idi, amma komanda az qala Avropa Liqasına gedəcəkdi.

– Belə düşünürsən ki, pulun çox olmağı əvvəldən kəmiyyət və keyfiyyətə  təsir etməyib, indi də təsir etmir – əsas məsələ işin düzgün qurulmağındadır?

– İş orasındadır ki, iş heç vaxt düzgün qurulmayıb. Bəlkə bundan sonra nələrsə düzəldi. Prezident ən yüksək vəzifəyə qardaşını qoyacaqsa, orada vəziyyət heç vaxt düzəlməyəcək. Qardaşdır, ən yaxşı halda evdə sənə kömək eləsin. Klub idarəçiliyində heç vaxt belə şeylərlə uğur qazanmaq mümkün deyil.

– Aparıcılıq dövründə proqramlarında yadda qalan nə olub?

– “İnter” – “Qarabağ” oyunu idi. Həmkarım kim idi, xatırlamıram. Dedi ki, Ələkbər Məmmədov “Milan”ın qapısına 4 qol vurmuşdu. Mən də dedim ki, rəhmətlik elə ömrünün axırına kimi o qollardan danışdı. Sabahı gün deyildi ki, bəs sən niyə belə elədin. Dedim ki, düz demişəm də, Ələkbər Məmmədovu harada görürsən, elə yalnız  o anı xatırladırdı. Bəhmən Həsənov haqda da nəsə demişəm. Fyodor Çerenkovun “Spartak”ın stadionun qarşısında heykəli qoyulub. “Rəvan” da nə vaxtsa normal, peşəkar klub olsa, Bəhmənə heykəl qoyulmalıdır ki, bu adam da bu qədər gəlib-gedib, klub üçün iş görüb. “CBC Sport”a təzə gələndə orada turnir keçirilirdi. Yan xətt hakimi Nağıbəyov idi. Gənc hakimlərdən biri idi. Mən də başladım danışmağa ki, rəhmətlik Əliskəndər Nağıbəyov da yaxşı hakimlərimizdən, daha sonra inspektorlarımızdan olub. Daha sonra hakim-inspektorlar komitəsinin sədri olub. Səhəri işə gələndə uşaqlar mənə baxıb gülürdülər. Mən də soruşuram, nə olub. Deyirlər, bəs Əliiskəndər Nağıbəyovun nəvəsi zəng edib ki, kişi efirə baxıb. Deyir ki, mən hələ sağam ölməmişəm. Mən onu sonuncu dəfə 99-cu ildə görmüşdüm  və hələ onda 60-dan yuxarı yaşı vardı. Fikirləşdim ki, kişi daha  qalmayıb da.

– Azərbaycanın futbol idarəçiliyində nə qane eləmir səni?

– Aydın məsələdir ki, çox adamı qane eləmir. Ümumilikdə götürəndə təkcə idarəçilik deyil, təfəkkür dəyişilməlidir. Bizdə heç bir klub klub olaraq formalaşmayıb da normal olaraq. İndi müşahidə şuraları yaradılıb. Amma bu da çıxış yolu deyil. Klub xırda bir dövlətdir. Əyani sübut kimi Türkiyəyə baxmaq kifayətdir. Orda klubların idarə heyətinin üzvləri və minlərlə qeydiyyatda olan adamlar var.
Futbol pulla doğru işlənən yerdə inkişaf edər.  İbrahimoviç transferinə xərclənən pul təkcə onun formalarının satışından çıxarılıb. Təzəlikcə açıqlandı ki, neçə milyon forma satılıb. Keçən dəfə 30 min azarkeş gəlmişdi Avroliqada “Qarabağ”ın oyununa dünən Premyer Liqada “İnter”lə oyuna isə 2500 adam. Bugün “Qəbələ”nin oyununa ümumiyyətlə adam gəlməmişdi.  Yəni klublar problemlidi, ancaq çatışmazlıqlar təkcə onlarla bağlı deyil, insanların təfəkkürü dəyişilməlidir, dünya görüşləri dəyişməlidir.

– Klubların avroliqalarda  uğuru PFL-in adına, millinin  nəticələri isə  AFFA boyuna biçilir. Bu yanaşma  nə qədər realdı?

– Yox, elə deməzdim. Klublarımızın uğuru PFL-likdir deyəndə, onda bu uğurlar daha çox  Aslan Şahgəldiyevindi, nəinki PFL-in.  Adam o qurumdan daha  çox iş görür orada (PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri). “Qəbələ”nin Ramin Musayevlə nə əlaqəsi. Onlar başqa-başqa cərəyanlardır. Qurban Qurbanovla aralarının yaxşı olması o demək deyil ki, “Qarabağ”ın uğurlarında Musayevin əli var. Tamam başqa-başqa şeylərdir. Yığma da ki, neçə illərdir gözlədiyimiz işartıları görmürük.

– Prosineçki məşqçi kimi səndə ümid yaradırmı?

– Bizdə ilk gələn dövrdə hamı yaxşı təsir bağışlayır, hamı işartı verir. Foqts da gələndə hiss olunurdu ki, işləyir. Sonra boşalma yarandı.  Prosineçki də yeni gələndə oyunların hamısını izləyirdi, amma son zamanlar onu nəsə görmürəm. Elə bir hamı bura gələndən sonra ab-havaya düşür.

– Jurnalistikanı, şərhçiliyi hansı peşəyə dəyişərdin?

–  Pul harda daha çox varsa, ona. Mənə elə gəlir ki, öz restoranım olsa, yaxşı işlədərdim. Dizaynda dəyişiklik edim, fərqli bir məkan yaradım.  Amma nə etsəm də, ağlım qalacaq ki, görən təzə nə xəbər var. Jurnalist elə həmişə jurnalistdir.

– Restoranında müştərilərçün hansı  musiqilərə üstünlük verərdin?

– Bilsəm ki, tutalım,  daimi müştərilərim qarabağlılardır, onlara uyğun mahnılar olardı. Kim daha çox pul verərsə, sifariş də o tərz musiqilər olardı (Gülür).

– Özün qonaq olsaydın?

– Onda Rusiya estradası. Məsələn,  Qriqori Leps. “Okean Elzi” qrupu da olsa, gözəl olar.

– Rok necə?

– Son vaxtlar “Dədə Baba” qrupuna qulaq asırdım. Sosial problemlərdən satirik tərzdə oxuyurlar, fərqlidi. 

– Bəs Azərbaycan repi?

– Açığı desəm, sonuncu dəfə repə nə vaxt qulaq asdığımı xatırlamıram.  Səhv eləmirəmsə, Elşad Xose və Anar Nağılbaz dövründə olmuşdu bu. Amma roka qulaq asıram. Yaxşı istedadlar var. Məsələn, Türkiyədə “Duman”,  Teoman var, indi də onlara qulaq asıram.

– Hansı ölkədə yaşamağı arzulamısan?

– Maraqlı sualdır. Yəqin ki, Türkiyədə yox (Gülür).  Rusiyanın hansısa əyalətində eksperiment kimi işləməyə getmək istəyərdim. Biraz mərkəzdən uzaq olsun, biraz da soyuq. 4 ay, 5 ay orda yaşayıb, həyat tərzini öyrənmək istəyərdim. Məsələn, Sibir tərəflərdə bir yer. Qarlı, mənzərəli yerlərinə getmək istəyirəm. Məncə, səfir göndərsələr, müxtəlif ölkələrə getmək maraqlı olar.(Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”da növbəti ŞOK!

admin

“Xəzər Lənkəran”ın daha iki futbolçusu milliyə çağrıldı

admin

“Neftçi” – “Keşlə”: Start heyətlər

admin