Müsahibə

“Hazırda faciəvi durum yoxdur” – “Turan Tovuz”un kapitanı

“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyevin İdmanxeber.az saytına müsahibəsi

– Son 11 Premyer Liqa matçında cəmi bir qələbə qazanmısınız. Səncə, bu uğursuz seriyanın səbəbləri nədir?

– Elə oyunlar olub ki, qələbəyə layiq olsaq da, meydandan məğlub ayrılmışıq. Bəzən çətin səfərlərdən bir xalla qayıdaraq da uğurlu nəticə almışıq. Bütün oyunlarda meydanda qələbə üçün çıxırıq. Ən azından xal almaq üçün mübarizə aparmağa çalışırıq. Açığı, hazırda böyük bir faciəvi durum yoxdur. Premyer Liqaya yeni yüksəlmişik. Zədəli futbolçularımız da çox olur. Oyunlara tam tərkibdə çıxa bilmirik. Stabil heyət heç cür olmur.  Bizdə də vəziyyət elədir ki, 3-4 futbolçu olmayanda durum çətin olur.

– Qarşıda kubok oyununuz var. İki cəbhədə mübarizə aparmaq sizin üçün çətin olmayacaq?

– Geniş heyətimiz yoxdur. Hər nə qədər nəticə üçün çox çalışsaq da, bəzən alınmır. Dediyim kimi, zədəli futbolçularımız bizə çətinlik yaradır. Kubokda ilk oyunumuz səfərdə “Kəpəz”lə olacaq. Çalışıb mütləq yaxşı nəticə qazanmalıyıq. Kubokda daha da uğurlu çıxış etmək istəyirik.

– “Kəpəz”lə oyun həm də derbidir…

– Gəncədə mübarizə aparmaq daha çətindir. Çempionatda onlarla artıq iki dəfə qarşılaşmışıq. Evdə qalib gəldik, səfərdəki görüş isə heç-heçə bitdi. “Kəpəz” evdə çox yaxşı oynayır. Biz orada yaxşı nəticə alıb doğma meydanda mərhələni keçməliyik. Derbi olduğu üçün məncə çox maraqlı qarşılaşma olacaq. Onlar da bizim kimi mərhələni keçmək niyyətindədir.

– Gəncə səfərində sizi hansı nəticə qane edir?

– Dediyim kimi, ağır oyundur.  Kubok görüşlərində gözlənilməz nəticələr hər zaman var. Üstəlik burada mərhələni keçməyin taleyi iki görüşdən sonra bəlli olacaq. Yəni ilk matçda məğlub olub evdə də qalib gələ bilərik. Ancaq səfərdə mümkün qədər ehtiyatlı, soyuqqanlı olmaq lazımdır. Sözsüz ki, qələbə daha yaxşı olar. Yəqin ki, baş məşqçi rəqibi təhlil edib bizə öz məsləhətlərini verəcək. Əgər onları yerinə yetirə bilsək, yaxşı nəticə qazanacağıq.

– “Turan Tovuz” səfərdə daha yaxşı təsir bağışlayır. Doğma meydanda səfərdəki qədər gözəl oynaya bilməməyiniz süni örtüklə bağlı deyil?

– Deməzdim ki, meydan amilinə görədir. Biz süni meydanda məşq edirik. Rəqiblərin əksəriyyəti təbii ot örtüyündə mübarizə aparır. Onlar üçün Tovuzda oynamaq daha çətin olmalıdır. Biz isə bu örtüyə öyrəşmişik, bütün günü məşqlərimizi də burada edirik. Bizim məqsədimiz hər oyunda xal və ya xallar qazanmaqdır. Səfərdə nəticələrmiz yaxşıdır, ümid edirəm davamı da gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43