l Divizion

I Divizionun ən yaxşı qolu müəyyənləşdi – VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

İdmanxeber.com xəbər verir ki, PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir.
 
I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçib. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar.
 
PFL-in rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunda ən çox səsi Qeyrət Qənbərov toplayıb (68 faiz).
Lakin jurnalistlər arasında sorğuda qalib “Şərurspor”dan Fərmayıl Əliyev seçilib.
 
Belədə yekun nəticəni PFL-in əməkdaşları müəyyənləşdiriblər. Nəticədə ayın ən yaxşı qolunun müəllifi “Şəmkir”dən Qeyrət Qənbərov olub.
 
Bu gün keçiriləcək “Şəmkir” – MOİK oyunundan öncə Qənbərov mükafatlandırılacaq. Ona mükafatı PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edəcəklər. Bu məqsədlə adıçəkilən hər iki şəxs Şəmkirə yollanıb.
 
Qeyd edək ki, ayın ən yaxşı qolu nominasiyasında digər namizədlər MOİK-dən Orxan Həsənov, “Şərurspor”dan Mehman Məmmədov və “Şahdağ”dan Habil Nurəhmədov idi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43