Ölkə futbolu

İbrahim Şehiç: “Yalnız bu halda Çempionlar Liqasında yolumuza davam edə bilərik”

“Çox yaxşı oyun keçirdik. İnanırdıq ki, qələbə qazana bilərik. Mərhələni keçmək üçün yaxşı şansımız var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniyanın “Klix” nəşrinə müsahibəsində deyib. O, Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”a qarşı keçirilən ilk oyununu (1:0) şərh edib.

Bosniyalı qapıçısı bildirib ki, Danimarka təmsilçisi öz meydanında yaxşı oynayır: “Cavab görüşündə stadionda xeyli azarkeş olacaq. Bu isə meydan sahiblərinə üstünlük qazandıracaq”.  
Şehiç qeyd edib ki, “Qarabağ”ın qələbəsi Azərbaycan xalqını sevindirib: “Burada hamı bizdən, o cümlədən məndən yazır. Mən isə gələcəyə inamla baxıram. Komandamızın uğur qazanacağına inanıram. Əsas odur ki, biz səhv etməməliyik. Buna haqqımız yoxdur. Yalnız bu halda Çempionlar Liqasında yolumuza davam edə bilərik”.

Şehiç bildirib ki, komanda həm daxili çempionatda, həm də avrokubokda mübarizə apardığından bəzən heyət dəyişir: “Yəqin ki, bu, növbəti oyunda da belə olacaq. Futbolçularımız “İnter”lə Premyer Liqa matçında hazır vəziyyətdə çıxacaqlar. Həmin oyunda da uğur qazanacağımıza inanıram”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43