Müsahibə

İcra başçısı “Kəpəz”lə bağlı söz verdi: “Düzələcək!”

Xəbər verdiyimiz kimi, ötən gün Misli Premyer Liqasının 12-ci turunun “Kəpəz” – “Səbail” matçını izləyənlər arasında Gəncənin icra başçısı Niyazi Bayramov da olub.

İcra başçısı matçdan sonra İdmanxeber.az-a müsahibə verib.

– “Kəpəz”in bugünkü oyunu və qələbəsi ilə bağlı təəssüratlarınız necədir?

– Yaxşı oyun oldu, “Kəpəz” də yaxşı oynadı.

– Futbola həvəsiniz var? Yaxından maraqlanırsınız?

– Əlbəttə, maraqlanıram. Bu yaxınlarda klub rəhbərliyi ilə görüşmüşdük. Maraqlanırıq, maraqlanırıq.

– Növbəti ev oyunlarını da stadiondan izləməyi planlaşdırırsınız?

– Mütləq iştirak edəcəyik. Bu dəfə ayağımız yüngül oldu. Bundan sonra da iştirak edək ki, “Kəpəz” həmişə udsun (gülür).

– “Kəpəz”lə bağlı gələcək planlarınız nədən ibarətdir? Şəhərin icra başçısı kimi kluba, komandaya nə kimi köməklik etməyi düşünürsünüz?

– İlk növbədə stadionu təmir etmək lazımdır. İnsanların rahatlığı üçün stadionda şərait olmalıdır. Monitor yoxdur.

– Tablo, projektorlar…

– Bəli, tablo, projektor, heç nə yoxdur. Düzdür, meydanın vəziyyəti yaxşıdır. Amma şərait arzulanan səviyyədə deyil.

– Problemlər aradan qaldırılacaq?

– Sözsüz ki, düzələcək. Özü də gəncəlilər futbolu çox sevir. Gəncədəki oyunlarda azarkeşlərin sayı da çox olur.

– Birinci hissəni VİP-lojadan izləsəniz də, ikinci yarıda azarkeşlərin yanına gəldiniz. Bu, nə ilə əlaqədar idi?

– Ab-havanı hiss etmək üçün yerimiz dəyişdik.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43