Ölkə futbolu

İdman jurnalistləri millinin oyununa üsyan etdilər

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Kosovo ilə oyundan sonra Malta ilə də heç-heçə etməsi (1:1) futbol ictimaiyyətini əməlli-başlı narazı salıb.

Malta – Azərbaycan qarşılaşmasından sonra idman yazarlarından bir neçəsinin sosial şəbəkədə paylaşımlarını sizə təqdim edirik:

Araz Əhmədov
“Bəli, yenə Kosovo ilə oyunda olduğu kimi, rəqibi düzgün analiz etmişdik. Sadəcə, bu analizləri edərkən, özümüzün “qolu necə vuraq?” xəstəliyimizə çarə tapa bilmirik. Hazırda Robert Prosineçkinin əzazil sifətini görmək üçün nələrdən keçmək olardı! Hə, unutmadan, Qurbanovun mətbuat konfransında deyəcəyi ilk cümləni yazım: “Futbolçularımın çıxışından razı qaldım”.

Kənan Məstəliyev
“Göydən yerə enirik, abilər. Avroliqanın qrupu bizi az qalmışdı aldatsın, Malta bu “yalan”ın ayaq tutub yeriməsinin qarşısını aldı. Sağ olsunlar. Sağ olsunlar maltalılar ki, bizə 5+3 komandalı biabırçı çempionatımızı, normal hücumçusu olmayan futbolumuzu “xatırlatdı”. Tez unuduruq axı hər şeyi. Gərək arada belə şillələr dəysin ki, unutmayaq, yatmayaq, bundan da dərin yuxuya dalmayaq”.

Saleh Arslan
“Millətlər Liqası da bizlik olmadı. Bəlkə UEFA-ya məktub yazaq, millimizi PFL-in təşkil etdiyi Regional Liqaya göndərsinlər?”

Tahir Mirzə
“Heç kim məsum deyil, Qurban hoca da həmçinin. Amma yığma üzvlərinin 90 faizi Azərbaycan çempionatında oynadığı halda, yığmanın nəticələrinə görə nə Qurbanov, nə də başqa məşqçilər məsuliyyət daşımır. Onların günahı sadəcə, bu vəziyyətdə olan yığmanı çalışdırmağa razılıq verməsidi”.

Rəşad Ergün
“UEFA Millətlər Liqasını yaratdı ki, Azərbaycan millisi kimi şikəst komandalar da bəlkə Avropa çempionatının final mərhələsini gördü. Amma Malta ilə oyun göstərdi ki, bizim kimi komandalar üçün Millətlər Liqası yox, Məhəllə Liqası yaradılmalıdır”.

Erkin İbrahimov
“Keçən seçmə mərhələdə ilk 2 oyundan sonra 6 xalımız var idi…”.  (komanda.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43