İdman

İdmançımız dünya kəməri uğrunda mübarizə aparacaq

Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev də kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, idmançımız bu gün Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq döyüşdə qüvvəsini sınayacaq. O, “Mix Fighter” klubunun təşkil etdiyi “Yeni üfüqlər” yarışının Qrand-final döyüşlərinin baş tutacağı gecənin iştirakçısı olacaq. Ümumiyyətlə isə burada 14 ölkədən olan idmançılar rinqə çıxacaq. Əvvəl “Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri arasında döyüşlər baş tutacaq. Abdullayev bunun ardınca baş tutacaq 4 superdöyüşdən birində gücünü sınayacaq. İdmançımız K1 qaydaları ilə baş tutacaq döyüşdə 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq. Kikboksinqçimiz planetin ən güclüsü olmaq uğrunda mübarizədə Mərakeş idmançısı Raşid Belani ilə üz-üzə gələcək. Hollandiyanın VOS GYM klubunu təmsil edən rəqibi ilə qarşılaşmanın qalibi İPCC-nin dünya çempionu adına da yiyələnəcək. Həmyerlimizin döyüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bütün döyüşlər “Boyets” televiziya kanalı ilə yayımlanacaq.

Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43