06 Dekabr 2019
Layihə

İki mövsümlük komanda – “Tərəqqi” (YAZI)

Bu tip yazılara başlamazdan əvvəl çox düşünürsən. Düşünürsən ki, necə başlamalı, hansı formada cümlənin əvvəlini gətirməli, nə cür fikrini izah etməlisən ki, yazını oxuyanlarda vicdan deyilən hissiyat az da olsa tərpənsin. 

Müzakirə mövzusu yaralı yerimiz olan bölgə futboludu. Daha doğrusu olmayan bölgə futbolumuz! Hansı ki, ölkəmizdə bölgə futbolunun inkişafına, yeni istedadların üzə çıxmasına, stadionlara azarkeşlərin toplaşmasına ən çox töhfə verə biləcək məsələdən gedir söhbət. Əfsuslar olsun ki, bu mövzu elitada çıxış edən klubları əhatə etmir. Çünki hazırda Premyer Liqada adı olan “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL və “Sumqayıt” komandalarından 5-i paytaxtı təmsil edir. 

Nəzərə alsaq ki, “Sumqayıt” və “Kəpəz” də AFFA-nın “qapazaltı”sıdı və adıçəkilən klubların müstəqil fikri yoxdu, söhbəti bağlamaq yerinə düşər. Belə olan halda, diqqəti I Diviziona yönəltmək daha məqsədəuyğun olardı. O I diviziona ki, çempion olan komanda yox, mövsümü 7, 8 və yaxud 11-ci pillədə başa vuran klub elitaya buraxılır. Eyni komandanın ardıcıl 2 mövsüm çempion adına yiyələnib, ancaq yenə də “aşağı dəstə”də qalması da, bizim futbola yaraşar.

Hər il mövsümün əvvəlində I Divizionun püşkü atılarkən siyahıda yeni komanda adlarına rast gəlməmək mümkün deyil. Əksər vaxtlarda, Bakı, nadir hallarda, isə bölgəni təmsil edən bu klublar ən çox 2, qoy olsun, 3 il ömür sürür. Bəs sonra? 

Yadda qalan bu cür hadisələrdən biri 2011-ci il təsadüf edir. Həmin vaxt “Gəncə”nin “Kəpəz” adını almasının ardından, “aşağı dəstə”də Nizami yurdunu təmsil edən ikinci klubun – “Tərəqqi”nin yaranması şübhəsiz hər kəsdə xoş təəccüb yaratdı. Çünki sonuncu dəfə Azərbaycanda bölgəni təmsil edən və peşəkar səviyyədə eyni vaxtda 2 bölgə klubunun fəaliyyət göstərməsi çox uzun illər öncəyə dayanırdı. Avropanın aparıcı futbol çempionatlarında hər zaman mövcud olan bu vəziyyətin Azərbaycanda da baş verməsi diqqətdən kənarda qalsa da, müasir futbolumuzda özünəməxsus yer tutdu. Tarix boyu klublarımız sponsor sarıdan əziyyət çəksə də, “Naxçıvan Avtomobil Zavodu”nun eyni vaxtda 2 komandaya himayədarlıq etməsi gəncəli azarkeşlərin ürəyincə olmuşdu. “Ağ-qırmızı” formada meydana çıxan və ev oyunlarını Gəncə şəhər stadionunda keçirən “Tərəqqi”nin xüsusi ilə yerli futbolçulardan təşkil olunması isə əsas komandaya böyük təkan olacağınadan xəbər verirdi. “Tərəqqi”nin matçları stadiona minlərlə azarkeş toplamasa da, Premyer Liqada yarışan “İnter”, AZAL və “Rəvan” kimi komandaların oyunlarına gələn tərəfdarların sayından qat-qat üstün olduğunu xatırlamaq olar.

Yarandığı ilk mövsüm 15 klub arasında 9-cu, növbəti ildə isə 6-cı olan Gəncənin 2-ci komandası, 2013-cü ildə “Kəpəz”in “yiyəsiz” qalması və “aşağı dəstə”yə düşməsindən sonra tarixin şanslı səhifələrinə köç edir. Halbuki, bir neçə il də diqqət ayrılıb, daha məsuliyyətli şəkildə üzərinə düşülsə, Gəncənin zədələnmiş futbol imicini bərpa etməklə yanaşı, yeni vidadi rzayevlər, yunis hüseynovlar, mehman allahverdiyevlər, azər məmmədovlar yetişdirmək olardı.

P.S: I Divizionda “Göyəzən” və “Energetik”in turnir cədvəlinin dibində nə vaxta qədər sürünəcəyi , Azərbaycan futbolunun güclülər dəstəsində hər zaman özündən söz etdirməyi bacaran “Şəmkir” və “Turan”ın nə vaxta qədər I Dəstədə gün keçirəcəyi, maliyyə sıxıntısı səbəbindən meydançaya 9 nəfərlə çıxan, ev oyunlarına ödənişli əsaslarla 2000-ə yaxın azarkeş toplayan “Şahdağ”ın aqibəti görən nə vaxta qədər belə davam edəcək?

Hidayət Qurbanov

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


Oxşar xəbərlər

Premyer Liqada yaranan fasilədə klublarımız nə etdi? – LAYİHƏ

admin

“1:0″lıq tur (LAYİHƏ)

admin

Rekord Gəncədə, antirekord Şüvəlanda (LAYİHƏ)

admin