09 Avqust 2020
Kateqoriyasız

İlham Ələkbərov: “Klubun göstərdiyi nəticələr, qazandığı uğurlar kimlərisə qıcıqlandırır”

“Əzəli və əbədi  düşmənlərimiz olan Ermənilərin bayrağı həmin formada yoxdur. Çünki, diqqət etsəniz Ermənistanın bayrağında sarı yox, narıncı rəng var. Formada olan zolağı niyə məhz Ermənistanın bayrağına bənzədirlər? Əgər rənglərin ardıcıllığına baxırıqsa, orada Rumıniya bayrağında olan rənglər də var”. 

Bu sözləri son günlər bəzi KİV-lərdə “Azeryol” voleybol klubunun formasında erməni bayrağının təsvir olunması ilə bağlı  iddialara münasibət bildirərkən klubun mətbuat xidmətinin rəhbəri İlham Ələkbərov deyib.Klub rəsmisi daha sonra qeyd edib ki, formada heç bir ölkənin bayrağı əks olunmayıb, sadəcə olaraq geyimdə rəngarəngliy olması üçün bir neçə rəngdən istifadə olunub və bu daha çox göy qurşağını xatırladır:

“Formanın üzərində olan 3 rəng qırmızı, göy və sarının ard-arda düzülməsi bu klubu sevməyənlərə bir bəhanə olub və həmin an bunu Ermənistan bayrağına bənzədiblər. Öncə bildirim ki, Ermənistan bayrağının üzərində 3 – qırmızı, göy və narıncı rənglər var. Çox maraqlıdır ki, foto üzərində bunu bəziləri sarı yox, narıncı rəng kimi görüb. Əgər həqiqətən bu formadakı rəngləri hansısa ölkə bayrağına bənzətsək o zaman daha çox Rumınıya bayrağına bənzətmək olar ki, həmin ölkənin bayrağında olan 3 rəng – göy, sarı, və qırmızı uygunluq təşkil edir”.

İ.Ələkbərov məsələdə klub prezidenti Cavid Qurbanovun adının hallanmasına da münasibət bildirib.

“Azəryol”un prezidenti, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı və ən önəmlisi Aşıq Şəmşirin nəvəsi olan Cavid Qurbanovun imicinə xələl gətirməkdən başqa bir şey deyil. Necə ola bilər ki, Kəlbəcər rayonundan məcburi köçkün olan, ailəsi Kəlbəcərin Ağdaban kəndində ən çox şəhid verənlərdən biri olan, döyüşlərdə əzmkarcasına savaşan, vətənin müdafiəsi naminə hər şeyini qurban verən Cavid Qurbanov sahibi olduğu klubun geyimində dığaların bayrağını əks etdirsin? Müharibə zamanı döyüşlərdən qaçmayaraq sona kimi mübarizə aparan, buna görə də yaxınlarını itirən Cavid Qurbanov məhz bu amiləmi görə onların bayrağını “Azəryol”un geyimində əks etdirsin?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43