Ölkə futbolu

İlin futbolçusu Kamran Ağayev seçildi

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri” layihəsi çərçivəsində keçirdiyi sorğuya yekun vurulub. 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşılarının seçimi məqsədilə sorğuya Azərbaycanın 34 KİV-ini təmsil edən idman jurnalistləri qatılıblar.

Son nəticəyə əsasən  “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov “İlin idman xadimi” seçilib. Klubun daha bir üzvü də mükafata layiq görülüb. “Bakı” futbol klubu və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev ilin futbolçusu elan olunub.

İdman jurnalistləri seçimlərində hər nominasiya üzrə biri olmaqla, ən yaxşı saydıqlarının adlarını göstəriblər. Səsvermənin yekununda “İlin əcnəbi futbolçusu” nominasiyasında Ağdamın “Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Reynaldo Dos Santos Silva aşkar üstünlüklə fərqlənib. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov “İlin idman xadimi”, şahmat üzrə Azərbaycanın kişilərdən ibarət millisi “İlin komandası”, “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov “İlin baş məşqçisi” nominasiyasında ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb.

Qalan 3 sorğu üzrə səsvermədə gərgin rəqabət yaşanıb. Yekunda “İlin futbolçusu” nominasiyasında “Bakı” klubunun qapıçısı Kamran Ağayev, “İlin idmançısı” nominasiyasında cüdo üzrə dünya çempionu Elxan Məmmədov qalib olub. “İlin idman jurnalisti” nominasiyasında isə “Azad Azərbaycan” telekanalının idman şərhçisi Sənan Şəfizadə və “apasport.az” saytının baş direktoru İxtiyar Əsgərov hamıdan çox səs toplayıb. Nəticədə hər iki həmkarımız qalib elan olunub:    

1. İlin idman xadimi – Hafiz Məmmədov (“Bakı” futbol klubunun prezidenti)

2. İlin idmançısı – Elxan Məmmədov (cüdo)

3. İlin futbolçusu – Kamran Ağayev (“Bakı”)

4. İlin əcnəbi futbolçusu – Reynaldo Silva (“Qarabağ”)

5. İlin komandası – Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi

6. İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

7. İlin idman jurnalisti – Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (apasport.az).

İdman Araşdırmalar Mərkəzi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43