Layihə

İlk dəfə uduzan “Qarabağ”la “Zirə”, azarkeşlərinə qovuşan “Kəpəz” – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı onüçüncü yazısı.

Azərbaycan Premyer Liqasında 9-cu tur da geridə qaldı. 8 komandalı çempionatımızın geridə qalan 8 turu ərzində ən maraqlı həftəsinin bu həftə olduğunu söyləsək hər halda yanılmarıq. Bunu demək üçün bir neçə əsas göstərmək mümkündü. “Qarabağ” və “Zirə”nin Premyer Liqada ilk məğlubiyyətlərini almaları, “Kəpəz”in 6 aylıq fasilədən sonra Gəncəyə qayıtması,debütant “Səbail”in nəhayət ikinci qələbəsini qazanması və s.


Böyüklərin dueli

Şübhəsiz turun ən maraq kəsb edən qarşılaşamsı Qəbələdə oynanılırdı. Premyer Liqada bir oyun az keçirən və bu görüşə qədər 19 xalla lider olan “Qarabağ” səfərdə Qəbələnin eyni adlı klubunun qonağı idi. 16 xalı olan “Qəbələ” isə qazanacağı qələbə ilə həm turnir cədvəlində Ağdam klubuna yetişmiş olacaq, həm də ilk məğlubiyyətini alan “Zirə”ni üstələyəcəkdi. I Dövrədə “Azərsun Arena”da keçirilən görüşdə 2:1 hesabı ilə qələbə qazanan “köhlən atlar”ın səfərdəki qarşılaşmada da qələbə qazanması, çempionatdakı mübarizənin müəyyən qədər maraqsızlaşması demək idi. Bu səbəbdən əyalət təmsilçisi üçün nəinki məğlubiyyət, xal itkisi belə çempionluq yarışının üstündən erkən xəttə çəkə bilərdi. Qarşılaşmaya sürətlə başlayan meydan sahibləri, yaratdıqları ilk hücumdaca hesabı açmağa müvəffəq oldular. 8-ci dəqiqədə Cavid Hüseynov, Elvin Camalov və Asif Məmmədov triosunun yaratdığı qol vəziyyətini sonuncu dəqiq zərbə ilə tamamladı. Çempionlar Liqasında “Atletiko” Madriddən xal alan komandaya vurulan qolun təsadüfü olmadığını göstərməyə çalışan meydan sahibləri hücumlarının kəsərini bir qədər də artırdılar. 2 dəfə rəqib futbolçuların qüvvətli zərbəsini dəf edən qonaqların qapıçısı Şehiç, 15-ci dəqiqədə Asif Məmmədova növbəti qol şansını tanımadı. Bosniyalı “əlcək sahibi” ilə təkbə-tək çıxan Məmmədov çərçivə qoruyucusunu aldatmaq istəsə də, bu onda alınmadı. Qurban Qurbanovun yetirmələrinin ilk yadda qalan hücumu 34-cü dəqiqəyə təsadüf etdi. Ramil Şeydayev status kvonu yaxalamağa yaxın olsa da, bu dəfə Bezatosnıy bacarığını nümayiş etdirdi.  Fasilədən sonra da bərabərlik qolu üçün irəli atılan “Qarabağ” qol vurmaq üçün şanslar əldə etdi. Lakin gah hücumçuların qeyri dəqiqliyi, gah da, qapıçı Bezatosnınin yaxşı oyunu hesabın dəyişməsinə mane oldu. Beləliklə cari mövsüm “Qarabağ” ilk məğlubiyyətini, “Qəbələ” isə 6-cı qalibiyyətini aldı.


“Zirə”nin ilk məğlubiyyəti

“Qarabağ”la yanaşı cari mövsüm ilk məğlubiyyətini alan digər komanda “Zirə” oldu. Səfərdə “Sumqayıt”ın qonağı olan “qartallar” qələbə qazanmaqla turnir cədvəlinin vahid lideri ola bilərdisə, “gənclik şəhəri”nin təmsilçisi ilə duel onlar üçün məğlubiyyətlə başa çatdı. “Qarabağ” – “Qəbələ” matçında olduğu kimi “Sumqayıt” – “Zirə” görüşü də qolla başladı. I dövrənin ortasında qəsəbə klubu ilə müqavilə bağlayan Sadio Tounkara start heyətində meydana çıxdığı ilk görüşün 4-cü dəqiqəsində meydan sahiblərini cəzalandırdı. İlk yarım saatın tamamına qədər görüşdə olduqca maraqlı məqamlar yaşandı. Əvvəlcə hərəyə bir dəfə qapıçı Kamal Bayramovla, Fərhad Vəliyev komandalarını olduqca real qoldan xilas etdilər. Bir epizodda isə “Zirə”nin oyuna mərkəzdən başlamasına qapı tiri mane oldu. Ev sahiblərinin heyətində Bəxtiyar Həsənəlizadənin vuruşu tirdən döndü. Matçın 28-ci dəqiqəsində isə görüşün baş hakimi İnqilab Məmmədov diqqət mərkəzinə düşdü. Belə ki, Cavid Tağıyevin cərimə meydançasına ötürməsindən sonra top qonaqların müdafiəçisi Adil Nağıyevin əlinə dəysə də, fit sahibi davam işarəsi verdi. Bununla belə tərəflər fasiləyə heç-heçə ilə yollandı. Amil Yunanov Kamal Bayramovun qoruduğu çərçivəyə yol tapdı. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Samir Abasovun yetirmələri qələbə qolunu da vurdular. Final fitinə 7 dəqiqə qalmış Amil Yunanov akrobatik vuruşundan sonra Vurğun hüseynova toxunan top tora daxil oldu. Bu qol görüş ərzində qapılara vurulan sonuncu dəqiq zərbə kimi yadda qaldı. Cari mövsüm 4-cü qələbəsini qazanan “Sumqayıt” turnir cədvəlindəki 4-cü yerini qorudu. “Zirə” isə uduzaraq 2-ci pilləni “Qəbələ”yə verdi.


“Kəpəz” azarkeşlərinə qovuşdu

Cari mövsümün ən zəifi olan “Kəpəz” 6 aylıq fasilədən sonra azarkeşlərinin görüşə getdi. Bakıda məskunlaşan, oyun günləri Nizami Yurduna təşrif buyuran “Kəpəz”, yenilənən stadionunun “tazə” ot örtüyündə ilk olaraq “Neftçi”ni sınağa çəkdi. 8000 min azarkeşin canlı olaraq stadiondan izlədiyi matça maraq olduqca böyük idi. Turun mərkəzi görüşü olan “Qəbələ” – “Qarabağ” qarşılaşmasını 3000 tamaşaçının izlədiyini də diqqətə çatdıraq. Turnir cədvəlinin son pilləsində qərarlaşan Gəncə klubunun heyətində bəzi futbolçuların zədəli olması və əsas müdafiəçilərdən Şəhriyar Əliyevin cəza səbəbindən meydana çıxa bilməməsi baş məşqçi şahin Diniyevi düşündürən məqamlardan idi. Bu səbəbdən təcrübəli mütəxəssis Gəncə futbol məktəbinin yetirməsi Fərid Məmmədovu ilk dəfə start heyətində meydana buraxmağı qərar aldı. Heyətlə bağlı problemi olmayan “Neftçi” isə son 2 turda qazandığı qələbənin ardını gətirmək niyyətində olduğundan, görüşə olduqca ciddi hazırlaşmışdı. Oyunda gəldikdə, qarşılaşmaya hücumlarla başlayan meydan sahibləri oldu. 20-ci dəqiqədə rəqib qolkiperlə duelə çıxan Viktor Osekeylın fərqlənməsi üçün heç kim maneə yaratmasa da, nigeriyalı oyunçu topu kənara vurdu. Qonaqların hücumları isə daha kəsərli alınmağa başladı və nəticədə fasiləyə 5 dəqiqə qalmış “ağ-qaralar” qol istəyini reallaşdırdı. Ruslan Abışov  özünün cari mövsüm üçün komandasının isə oyundakı ilk qolunu vurdu. İkinci hissədə meydanda ən yaxşı görünən komanda “Neftçi” olsa da, bir epizodda baş hakim Əliyar Ağayevin “Kəpəz”in əlehinə olan səhvi diqqətdən qaçmadı. Qapıçı Rəşad Əzizli ilə təkbə-tək çıxan Osekeylın qarşısını Kiril Petrov kobudluğla alsa da, Ağayevin fiti susdu. Oyunun qalan dəqiqələri ərzində matçda başqa qol olmayınca, görüş “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşdı. Bununla da ardıcıl 3-cq qələbəsini qazanan Tərlan Əhmədovun komandası turnir cədvəlində “Səbail” və “İnter”i ötərək 5-ci pilləyə yüksəldi.


Paytaxt klublarının qarşıdurması
Turun digər oyunu isə “Dalğa Arena”da oynanıldı. Elitanın debütantı “Səbail” ev sahibi qismində “İnter”i qəbul etdi. II tur çərçivəsində “Neftçi” üzərində qazandığı qələbədən sonra 3 xala həsrət qalan Samir Əliyevin başçılıq etdiyi komanda, yaxın günlərdə adı “Keşlə” ilə əvəzlənəcək “İnter”i üstələməyi bacardı. Taleyi bir qolla həl olunan matçda dəqiq zərbə 16-cı dəqiqədə Murtuz Abakarovun ayağına yazıdı.. Bu qalibiyyət sayəsində “Səbail” 9-a çatdıraraq turnir cədvəlində “İnter”i qabaqlayaraq 7-ci pilləyə yüksəldi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43