Kateqoriyasız

“İlk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir”

Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Kaxaber Tsxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çoxdandır Bakıda olmurdum. Azərbaycanda uzun illər ərzində çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir. Bu gəlişimdə Azərbaycan paytaxtını daha böyük və gözəl gördüm. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

Sabah maraqlı oyun olacaq. Hər biriniz matçdan həzz alacaqsınız. Hər iki tərəfi daha çətin oyun gözləyir. Çünki komandalar bir-birinin zəif tərəflərini gördülər. İlk oyunda “Neftçi”nin “Dinamo”dan güclü olduğunu deməzdim. Qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı dəf etdi. İki kobud səhvimiz oldu ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq.

Qələbəyə ümidimiz böyükdür. Sabah meydana bunun üçün çıxacağıq. Biz “Neftçi”nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir.

“Neftçi”nin zəif tərəfləri barədə danışmaq istəməzdim. Sabah hər iki komanda rəqib səhvlərindən istifadə edib qələbə qazanmağa çalışacaq. Heyət barədə danışmaq istəmirəm.

Oyunun keçiriləcəyi stadona gəlincə, bura sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Arena binaların arasında yerləşdiyindən futbolçular özlərini evlərindəki kimi hiss edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43