Ölkə futbolu

“İngilislər gəlsələr, təkcə pivəylə bütün xərclər bağlanacaq” – Elxan Məmmədov

FFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın “Sovetski Sport” qəzetinə müsahibə verib. Assosiasiya rəsmisi Bakıda mayın 29-da keçiriləcək Avropa Liqasının finalı, gələn ilin yayında paytaxtımızda baş tuatacaq AVRO-2020-nin 4 matçı, habelə, millimizin şərəfini qorumaqdan imtima edən həmyerlilərimiz haqda fikirlərini bölüşüb.

– Yalnız mayın 9-dan sonra Bakıya gələcək finalçılar müəyyənləşəcək. Hələlik “pasyans”da iki İngiltərə komandası – “Çelsi” və “Arsenal”, Almaniya “Ayntraxt”ı və İspaniya “Valensiya”sı var. Bakı kimləri görmək istəyərdi?

– Şəxsən mən ingilis-alman finalını arzulayıram. Bildiyiniz kimi, 1966-cı ildəki dünya çempionatının finalına bizim insanlar birbaşa bağlıdırlar. Həmin matçın yaxn xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Tarixdən də məlum olduğu kimi, onun qərarı ingilislərə dünya çempionatlarının yeganə qızıl medalını qazandırıb.

 

– Həmin xəyali qol tez-tez xatırlanır. Ancaq bugünkü azarkeşlər – hansı ki, final üçün gələcəklər həmin görüşdə yaşananları o qədər də yaxşı xatırlamırlar…

– Məncə, xatırlayırlar. Hətta azarkeşlər üçün “Tofiq Bəhramov” xüsusi guşəsi hazırlayacağıq  və onları şəhərdəki abidəsini ziyarət etməyə aparacağıq.

 

– Bakı artıq beynəlxalq yarışların təşkili baxımından böyük təcrübəyə malikdi. Ancaq bu səviyyədə futbol yarışı olmayıb. Bir il sonra isə Bakıda AVRO-2020-nin 4 oyunu keçiriləcək!

– Əlbəttə, şanslıyıq ki, bir il əvvəl Rusiyada böyük futbol bayramı oldu. Həmin vaxt çox şey öyrəndik. Mütəxəssislərimiz, o cümlədən yarışın təşçilatçıları və təhlükəsizliyin təminatçıları hər şeyi yerində görmək üçün dünya çempionatı vaxtı Moskva və Sankt-Peterburqdakı bütün oyunlarda oldular. Bu, sadəcə, nümunəvi təşkil olunmuş bir turnir idi. Sizdə 64 oyun keçirilmişdisə, burda 1 görüş baş tutacaq, ancaq digər miqyasda. Ümid edirəm ki, öhdəsindən gələcəyik.

 

– Ümumilikdə nə qədər azarkeşin gələcəyi barədə təxmini anlayış varmı?

– UEFA martda onlayn satışı elan etdiyi zaman dərhal 21 min bilet dağıdıldı. Xüsusi qeyd edim ki, bu, hələ mart ayında olmuşdu və həmin vaxt heç yarımfinalçılar bilinmirdi. İnsanlar onlayn şəkildə bilet alıblar. Çünki onlar Bakıya gəlmək istəyirlər.

 

– Biletlərin qalan hissəsi necə paylanacaq? Stadionda 64 mindən çox oturacaq var…

– UEFA ilə razılığa görə, 15 min bilet yerli auditoriyaya satılacaq. 10 min bilet finala çıxacaq hər bir komandanın azarkeşləri üçün nəzərdə tutulub. Əminəm ki, stadion tam dolacaq və turistlər əsl futbol bayramını yaşamaq üçün bura gələcəklər. Təxminən bir ay əvvəl fan-zonanı genişləndirmək üçün prinsipial qərar qəbul etdik. Bütün infrastruktur hazırdı. Stadion 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün tikilmişdi. Yeni, rahat və müasirdi. Hər şeyə hazırıq, bizə yalnız mayın 9-nu gözləmək qalır.

 

– İqtisadi baxımdan finalda kimləri görmək daha sərfəlidi?

– Əlbəttə ki, ingilisləri. Təkcə pivəylə bütün xərclər bağlanacaq.

 

– Bəs AVRO-2020-dəki 4 oyun üçün?

– Bu barədə iyunun 1-dən düşünməyə başlayacağıq. Həmin vaxt AVRO-2020-nin Əməliyyat Komitəsi işə start verəcək. Bakıda qrup mərhələsinin oyunları gələn il iyunun 13, 17 və 21-də keçiriləcək. İyulun 4-də isə 1/4 final görüşü təşkil olunacaq. Bayram uzun müddət davam edəcək. Azərbaycan millisi iştirak edə bilməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik.

 

– “Formula-1” yarışının vaxtını AVRO-2020-nin oyunları ilə birləşdirmək ideyası var…

– Çox mürəkkəb andı. Bu yarışların tam fərqli azarkeşləri var. “Formula-1”-2020-nin hələ ki təqvimi yoxdu. İlkin qərar yayda veriləcək. Görək, necə edəcəyik ki, hər şey konfliktsiz ötüşsün.

 

– Azərbaycanla Rusiya yığmasını seçmək hüququ olan və Rusiyanı üstün tutan futbolçulara satqın gözü ilə baxılmır?

– Yox, qətiyyən. İnsan öz karyerası ilə məşğuldu. Karyerası baxımından bu, yaxşı olacaqsa, hər şey qaydasındadı. Aleksandr Səmədova eyham vurursunuzsa, onunla ideal münasibətlərimiz var. O, Avropa Liqası finalının səfiridi. Yeri gəlmişkən, mayın 29-da mütləq Bakıya gələcək.

 

– Azərbaycanda futbol hazırda hansı səviyyədədi? Populyardırmı?

– Bəli, populyardı. Amma nəticə baxımından güləşdən geri qalır.

 

– Futbolunuzda nə çatmır?

– Problem futbolçuların evdən kənara çıxmaq istəməməsidi. Hava yaxşıdı, hər şey ürəklərincədi – bu üzdən də getmirlər. Ancaq inkişaf üçün ölkə xaricinə yollanmaq lazımdı.

 

–  Aleksandr Kokorin və Pavel Mamayev kimi ərköyündürlər?

– Bizdə belə şey olmayıb. Elə Kokorinlə Mamayevə də toxunsaq, düşünürəm ki, bu, tək-tük haldı. Bu konfliktə görə Rusiya futbolu barəsində hansısa qənaətə gəlmək heç kimin fikrində yoxdu.

 

– Deməzdik ki, tək-tük haldı. Axı, Ayaz Quliyev tarixçəsi də var…

– Onun atasını tanıyıram, bir müddət öncə görüşmüşdük, söhbətimiz olmuşdu. Ayaz Rusiyayla taleyini bağlamış daha bir insandı. Ona uğurlar arzulayırıq. Bizim qapımız isə onun üzünə daim açıqdı. Ancaq hər zaman yadda saxlamaq lazımdı ki, emosional addım atmaq olmaz.

 

– Azərbaycan çempionatında limit var?

– Bəli, bu, sizdəki limitdən daha sərtdi. 6 əcnəbi və 5 yerli…

 

– Rusiyada da belədi!

– Xeyr, bizdə bir nüans da var: meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Klublar, məşqçilər, funksionerlər buna qarşı çıxırlar. Ancaq bizdə bu qayda tətbiq edilməkdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43