Bakının “İnter” klubu Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Son 6 matçda 17 qol vuran və cəmi 2 top buraxan paytaxt təmsilçisi 18 xal qazanıb.
“Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), “Xəzər Lənkəran”ın (4:0) ardından 32-ci turda “Bakı”nı 3 cavabsız qolla üstələyən “İnter” tarixinin rekordunu təkrarlayıb.
Əvvəllər 3 dəfə 6 qələbəni sıralayan bakılılar rekordunu 4-cü dəfə gerçəkləşdirdi. “İnter” 2008-ci ilin yazında – 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında – 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atmışdı. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə etmişdi.
3-dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda imza atmaq üçün “Sumqayıt”a qalib gəlməlidir. İndiyədək rəqibindən 1 top da buraxmayan bakılılar bunu bacarsa, həm də mövsümün rekordunu təkrarlayacaq.
Qeyd edək ki, qələbə seriyalarında mövsümün rekordu “Qarabağ”a (7 oyun), ölkə çempionatları tarixinin rekordu isə “Kəpəz”ə (20 oyun) məxsusdur.