Müsahibə

“İnter”in yeni transferi ilk dəfə idmanxeber.com-a danışdı: “Azərbaycan mənim üçün yeni bir səhifə olacaq” – MÜSAHİBƏ

Bakı "İnter"inin yeni çexiyalı hücumçusu İvo Taborskinin idmanxeber.com saytına müsahibəsi.

– "İnter"ə gəlişin necə reallaşdı?

"İnter"ə gəlməmişdən öncə internetdə ölkəniz və "İnter"lə bağlı məlumatlar əldə etdim. Gördüklərim məni sevindirdi və Azərbaycana gəldim.

– Azərbaycandan kimləsə əlaqə saxladınmı "İnter"ə gəlməmişdən öncə? 

Bəli. "İnter"də 5 il çıxış etmiş Branislav Çervenka ilə əlaqə saxladım. Ondan bura haqda məlumat əldə etdim. Çervenka ölkənizi və "İnter"i çox təriflədi.

– "İnter"də hücumçu problemi var.  Bu boşluğu sən doldura biləcəksənmi?

Burada yaxşı hücumçular var. Məşqdə də bunun şahidi oldum. Baş məşqçi də mənimlə fərdi söhbət edib. Bu işdə mənə çox yardımcı olacağını deyib. İnanıram ki, "İnter"in ümidlərini doğruldacam.

– Karyeran boyunca vətənində top qovmusan.  Cəmi 1 dəfə – Slavakiyanın "Slovan Bratislava" klubunun formasını geyinməklə ilk legioner həyatını yaşamısan. Burda isə uğurlu olmayıb – 9 oyun, 1 qol. Eyni aqibətlə "İnter"də üz-üzə gələcəyindən qorxmursan?

Mənim üçün Azərbaycan yeni bir səhifə olacaq. Yeni komandamda debüt edəcəyim günü səbrsizliklə gözləyirəm. Vuracağım qollarla yeni komandama lazımlı olduğumu isbatlamaq üçün burdayam. Mən bir çox klublarda forma geyinmişəm. Lakin inanıram ki, Azərbaycandakı karyeram ən yaxşılar sırasında olacaq.

– "İnter" sizinlə yaya kimi müqavilə imzalayıb. 6 ay özünüzü göstərməyə bəs edəcək?

Təbii ki, əsas məqsədim qol vurmaqdı və bu müddət ərzində özümü göstərərək, "İnter"də daha çox qalmağa çalışacam.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43