Müsahibə

İradə Quliyeva”Rəfiqəmə deyəndə ki, gedək futbol oynayaq, qəribə qarşılayırdı”

Əməkdar məşqçi İradə Quliyeva AFFA-nın saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– 2016-cı ilin sonunda “Əməkdar məşqçi” fəxri adı aldız. Təbrik edirik. Deyəsən, xoş sürpriz oldu?

– Açığı, gözləmirdim. Amma xəbəri eşidəndə çox sevindim. Əməyimizin qarşılığının dövlətimiz tərəfindən verilməsi mənim üçün xüsusi hadisədi.

– Artıq tarixin bir səhifəsinə çevrilən 2016-cı il yaddaşınızda daha nə ilə qalacaq?

– İlin heç də xoş xatirələrlə zəngin keçdiyini deyə bilmərəm. Amma fəxri adla təltif edilməyimiz yaşadığımız çətinlikləri bir qədər unutdura bildi.

– Karyeranızı heç vərəqləyirsizmi?

– Təbii ki, hərdən ötən günləri xatırlayıram. Futbol oynamağa 1980-ci ildə başladım və “Spartak” stadionunun daimi üzvünə çevrilmişdim. “Bakinka” komandasında çıxış edirdim. Kifayət qədər güclü heyətimiz var idi. Təsadüfi deyil ki, 1981-ci ildə SSRİ çempionatının bürünc medalını qazandıq. İlləri ardıcıllıqla xatırlamağa ehtiyac duymuram. Əsas yadda qalan məqam isə 2006-cı ildə “Kömrükçü” komandası ilə Çempionlar Liqasının 1/4 finalına yüksəlməyimiz oldu. Eyni zamanda, qadınlardan ibarət milliyə dəvət aldım, kapitan sarğısını da daşıdım, sona yaxın isə oynayan-məşqçi kimi kömək etdim.

– SSRİ dövründə də futbol oynamısz, müstəqillik illərində də. Futbola maraq necə idi, müqayisə apara bilərsizmi?

– SSRİ dövründə qızları futbola cəlb etmək çox çətin idi. Ailələri buraxmırdı, buna görə də komandalar əziyyət çəkirdi. Bir neçə il əvvələ qədər də eyni mənzərə hakim idi. Amma son illərdə görülən işlərin, aparılan təbliğatın effekt verdiyini çəkinmədən deyə bilərəm. Artıq valideynlər uşaqlarını futbolla məşğul olmaqdan çəkindiməyə cəhd etmirlər, əksinə, kömək etməyə çalışırlar.

– Futbolçu olmaq üçün siz hansı maneələri dəf etmisiz?

– Bəxtim onda gətirib ki, idmançı ailəsində göz açmışam. Atam SSRİ-nin əməkdar məşqçisidi. Anam da idman ailəsinin üzvüdü. Qardaşım futbolçu olub, hazırda məşqçi kimi fəaliyyət göstərir. Yəni ailədə əksəriyyət futbola bağlı olub. Buna görə də mənim futbolçu olmağıma kimsə qırmızı işıq yandırmayıb, yolum rahat olub. Düzdür, ictimai qınaq var idi. Bəzən rəfiqəmə deyəndə ki, gedək futbol oynayaq, qəribə qarşılayırdı.

– Çox vaxt ailələr futbolun “kişi işi” olduğunu deyib, qızlarının futbol oynamasına əngəl yaradırlar. Görülən işlər bu stereotipi dağıda bilibmi?

– Hazırda U-13 liqasında çıxış edən qızlardan ibarət komandamız var. Çətinliklər tam aradan qalxmayıb. Bəziləri deyir qızımızın ayağı əri, kobud olacaq, dərslərindən yayınacaq və s. Valideynlərlə mütəmadi söhbət edirik, bəzən onlarla mübahisə etməkdən də çəkinmirik. Çalışırıq ki, qızları bu sahədən yayındırmasınlar. Görüləsi işlər çoxdu.

– Ölkəmizdə qadın futboluna yaradılan şərait, görülən işlər və perspektivlər nə vəd edir?

– Yaradılan şərait, görülən işlər haqda xöş sözlər demək olar. Federasiya da dəstəyini əsirgəmir, istəyirlər qadın futbolu inkişaf etsin. Qadın futbolunda böyük perspektiv var. Əsas odu ki, valideynlər bu sahənin inkişafı üçün səylərini əsirgəməsinlər. İdman həm də sağlamlıqdı.

– Artıq məktəblərdə futbol dərsləri də təsdris olunur. Layihə məktəblilərin bu sahəyə axınına kömək edirmi?

– 2009-cu ildən məktəblərdə layihələr başlandı. İlk vaxtlar şagirdlərə deyəndə ki, sabah futbol oynayacağıq, qızlar üzümüzə baxıb, sual verirdilər ki, nə futbol?! Əksəriyyəti heç dərsə gəlmirdi, idman geyinləri gətirmirdilər. Amma bu gün özləri deyirlər ki, futbol oynayaq. Bu layihə sayəsində futbolun inkişafı üçün təməl qoyuldu, kütləvilik artdı.

– Seleksiya vaxtı necə, təəccübləndiyiniz və təəssüfləndiyiniz məqamlar olurmu?

– 2012-ci ildə ölkəmizdə keçirilən dünya çempionatı ilə əlaqədar seleksiya işlərinə cəlb edildik. Rayonlarda qızların futbol bacarığını yoxlayan zaman fərqli suallar eşidir, münasibət görürdük. Buna təəssüflənirdim, amma DÇ-yə görə komandanı mütləq formalaşdırmaq lazım idi. Çətinliklərə dözürdük ki, təki işimiz uğurla yekunlaşsın. Halbuki həmin uşaqların arasında bu gün istedadı ilə seçilən qızlar da vardı. Həmin qızların bir neçəsi xarici klublara keçdi.

– Valideyinlər necə, oyunlara gəlirlərmi?

– İndi maraq artıb. Hətta məşqlərimizi də izləməyə çalışırlar. Sayları az olsa da, maraq yaranıb. Bəzən valideyn özü gəlib, xahiş edir ki, qızımız məşqlərə qoşulsun.

– DÇ-2012-nin ölkəmizdə qadın futboluna marağın yaranmasına təsirinin izləri hiss olunurmu?

– Əsas axın bu yarışdan sonra başladı. Sanki SSRİ dövründəki qadın futbolu yaddan çıxdı, yeni səhifə açıldı. Əvvəllər cəmi 3-4 komanda var idi, amma bu gün 4 liqa təşkil edilir və komandaların sayı kifayət qədərdi.

– Kütləvilik artıb, qızların futbolçu kimi potensialı nə vəd edir?

– Çoxluq arasından seçim etmək daha rahatdı. Kütləvilik artıb, keyfiyyəti də yüksəlməyə çalışırıq. Bu, klub məşqçilərinin görəcəyi işdir. Yenə deyirəm, çox çalışmaq və səbrli olmaq lazımdı. Amma perspektivli futbolçularımız az deyil.

– Liqaları izləyirsizmi?

U-13 liqasında komandam iştirak edir. Boş vaxtım olanda digər liqaların oyunlarını izləyirəm. Yəni ömrümüzü bu sahəyə həsr etmişik, başqa cür mümkün deyil.

– Əsas millinin bir neçə üzvü xarici klublarda çıxış edir. Onlarla əlaqə saxlayırsızmı?

– Əlbəttə, yaş fərqimizin çox olmasına baxmayaraq, rəfiqəyik. Bir-birimizi dinləyir, ehtiyac yaranarsa, məsləhətləşirik. İndi elə dövrdür ki, ailə, ev üçün darıxmaq vaxtı deyil. İnternetlə hər gün əlaqə saxlamaq mümkündür. Əksinə, bu imkandan, fürsətdən maksimum istifadə etmək, uğurlu karyera qurmaq, daha güclü kluba keçmək lazımdı.

– Hazırkı futbolçulardan hansı sizin oyun üslubunuzu xatırladır?

– Əminə Heydərova. O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim. Oynadığı dövrdə mütəmadi ünsiyyətdə olurduq. Bildiyimizdən, təcrübəmizin qazandırdığından tövsiyələrimizi verirdik.

– Məşqçilik kurslarına qatılırsızmı?

– B kateqoriyalı məşqçi lisenziyasına sahibəm. AFFA-nın xətti ilə ölkə xaricində təşkil edilən bir neçə seminara qatılmışam. Razıyam ki, bu sahədə çalışırıqsa, mütəmədi yeniliklərlə tanış olmalı, üzərimizdə işləməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43