29 Sentyabr 2024
Ölkə futbolu

“İstəyimiz son pillələrdə olmamaq idi” – Ayxan Abbasov

Misli Premyer Liqasının XVIII turunda səfərdə “Qəbələ”  ilə qolsuz heç-heçə edən “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Xal qazanmaq istəyirdik. İnamlı gəlmişdik. “Qəbələ” son oyunlarda yaxşı çıxış edirdi. Bilirdik ki, bizim üçün çətin olacaq. Mübarizəli oyun oldu. Xal ehtiyatımızı artırdıq. Düşünürəm ki, həm Kubok, həm də çempionatda pis nəticə göstərmədik.

– XVIII turun nəticələri nəyi üzə çıxardı?
– Mövsümün əvvəlində rəqibləri analiz edirdik. Real desək, bizdən üstün komandalar var idi. Biz yeni formalaşan komandayıq. Çətin olacağını bilirdik. İstəyimiz son pillələrdə olmamaq idi. Bəzi klublar gözlədiyimizdən aşağı çıxış etdi və biz xallar qazandıq. Düşündüyümüz yerlərdən yuxarıyıq. Amma daha üst sıralara çıxmaq çətindir. Real demək lazımdır ki, nəticələr gözlədiyimdən daha yaxşı oldu.

– Qışda komandanı gücləndirmək üçün neçə transfer lazımdır?
– Rəqiblər də güclənəcək. Baxırıq ki, müdafiə xəttində zədələr ardıcıl oldu. Bu mövqedə çətinlik çəkdik. Gənclərə şans verdik. Rəqabət olmalıdır. Üç transfer edə bilsək, mübarizə aparmaq olar.

– Natan Oduvanın əvəzlənməsi nə ilə bağlı idi?
– Zədəsi tam sağalmayıb. Bundan başqa, Runi Eva standart vəziyyətlərdə yaxın küncdə yer alır. Onu dəyişib, kimisə ora gətirmək istəmədim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43