Ölkə futbolu

“İstərdim ki, karyeramı da “Qəbələ”də bitirim”

“Arxada qoyduğumuz il mənim üçün həyatımın ən uğurlu ili oldu. Əsas komandada debüt etdim, bir çox vacib oyunlarda meydanda yer aldım. Necə deyərlər, həyatımın 21-ci ili yeniliklərlə, maraqlı hadisələrlə zəngin oldu”.

Bu sözləri yanvarın 15-də “Qəbələ”nin Antalya düşərgəsində ad gününü – 21 yaşını qeyd edən Müşfiq Teymurov deyib. “Qırmızı-qaralar”ın bugünkü səhər məşqində baş məşqçi Yuri Syomin və komanda yoldaşlarının təbriklərini qəbul edən gənc müdafiəçi gabalafc.az-a açıqlamasında futbolla bağlı arzularından və hədəflərindən danışıb. O, başlıca məqsədinin milli komandanın heyətində yer almaq olduğunu söyləyib:

“Gəncəm, deyərdim ki, peşəkar futbol həyatımda hər şey yeni başlayır. Arzularım çoxdur. Ən əsası, yaxşı və stabil oyun göstərib komandamın heyətində möhkəmlənməliyəm. Artıq illərdir ki, “Qəbələ”dəyəm. Bütün futbol həyatım “Qəbələ” ilə bağlıdır. Bu komanda mənə çox doğmadır. İstərdim ki, karyeramı da “Qəbələ”də bitirim. Əsas hədəfim, milli komandanın heyətinə cəlb olunmaqdır. Amma bunun üçün çox çalışmalıyam, özümü sübut etməliyəm. İnanıram ki, bu missiyanın öhdəsindən gələcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43