Ölkə futbolu

İtaliyalı bacarmır

İlk 15-20 dəqiqəni nəzərə almasaq, Belçikaya qarşı pis mübarizə aparmadıq. Millinin Avstriya və İsveç oyunları ilə dünənki görüş arasında müəyyən fərq var. Komanda seçmə mərhələdə ilk dəfədir ki, meydanda “cızma-qara” etdi. Xüsusən də mübarizə və oyun tempini ön plana çıxarmaq olar.

Yığma bəlkədə uzun illər sonra rəqib qapısına getməyə bu qədər istəkli göründü. Hesabda geri düşdükdən sonra reaksiya vermək, məğlubiyyətlə barışmamaq müsbət haldır. Müasir futbolla maraqlananlar haqlı olaraq sadalanan bu cəhədləri çox cılız görə bilər. Ancaq nə edəsən ki, Azərbaycan millisi hələ də işin əlifbasındadı. Və mövcud vəziyyətdə parıltı axtarır.

Hazırda ən vacib öhdəlik futbolçuların fərdi özünügöstərmə cəhdini kollektiv oyuna çevirməkdir. Mərkəz və hücum xətti oynamağı sevən futbolçulardan ibarətdir. Cinah da irəliyə kömək etməyi bacarır.

Emin Mahmudovun yaradıcılığını, Mahir Emrelinin driblinq bacarığını, Şeydayevin fiziki gücünü və Musanın az qala hər yeri ilə qol vurma qabiliyyətini bir yerə toplayıb yaxşı bir komanda formalaşdırmaq olar. Bütün bunları edəcək adam Canni De Byazidir. Müasir futbolu çox yaxşı bilən və arzuolunan komandanı yarada biləcək təcrübəyə malik mütəxəssisin bunu hələ də bacara bilməməsi çox təəccüblüdür. Məsələ zamandırmı? İnandırıcı deyil.

Kifayət qədər vaxt keçsə də, yığmada komanda oyunu görünmür. Hətta xırda bir-iki toxunuşla belə səviyyəni yüksəltməyin mümkünlüyü hiss olunur. Çünki əldəki heyət buna çox uyğundur. Amma təəssüf ki, bu qədər vaxt keçməsinə baxmayaraq, təcrübəli çalışdırıcı hələ də sistemi formalaşdıra bilməyib. Onun nə qədər zamana ehtiyacı var bilinməz. Amma vaxt illərdir uğura həsrət qalan Azərbaycan millisinin əleyhinə işləyir. Əlimizdəki bu heyətlə də uduzmağa vərdiş edən bir komandaya çevriləcəyiksə, nəticə nə vaxt olacaq?

Milli bu heyətlə Qara Qarayevi axtarmamalıdır. Bu saatdan sonra onun üslubuna qayıtmaq, geriyə addımlamaqdı. Çünki yığmanın hazırkı heyətində kifayət qədər sürətli, davamlı mövqe dəyişən, epziod axtaran və bunu yarada bilən oyunçular mövcuddur. Cinahları işləyən, irəlidə pressinq tətbiq etməklə dinamik oyun sərgiləmək potensialına malik komandaya “pauza” verəcək oyunçu lazım deyil. Düzdür, yığma hazırda bu cür çıxış edə bilmir. Ancaq çarə “Qara üslubu” oyuna qayıtmaq deyil, heyətin potensial gücündən maksimum istifadə etməkdir. İtaliyalıda bunu yaradacaq futbol savadı olsa da, həyata keçirəcək bacarıq görünmür.

İkinci hissədə Elvin Cəfərquliyevin topla bir xeyli məsafə qət edərək sonunu zay etdiyi bir epizod var. Elə həmin epizod oyunun icmalı olmalıdır. Komandada sürət, istək, fiziki güc olsa da, ondan düzgün istifadə etməyi bacarıb, bu xüsusiyətləri ağıllı oyuna çevirən baş məşqçi işi yoxdur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43