Ölkə futbolu

Kamran Quliyevin inkişaf dərdi (Yazı)

Topaz Premyer Liqasının XIII turunda “Neftçi” səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub etdi. Kifayət qədər maraqlı keçən qarşılaşmanın diqqət mərkəzindəki isim görüşün baş hakimi Rəhim Həsənov idi. Oyunun başından sonuna qədər idərə etməsini itirən ədalət təmsilçisi görüşün sonuna yaxın isə sözün əsl mənasında aləmi bir-birinə qatdı. Hər şeyə rəğmən qələbə qazanan “flaqman” əsl əzmkarlıq göstərərək qəbəyə layiq mübarizə apardı.

Əsl “mübarizə” isə oyunun ardından  koridorda var idi. “Neftçi” rəhbərliyi bütün gücü ilə hakimlərin onlara qarşı qərəzli olduğunu, ümummiyətlə bu niyyətlə stadiona gəldiklərini bildirirdi. Klub prezidenti Kamran Quliyev  jurnalistlərə “Yazın, niyə susmusunuz ?” deyir bu hakimin ölkə futboluna yaraşmadığını, ləkə olduğunu bildirirdi.  Sözdə özlərinin yox, ümumən futbolumuzun inkişaf etməməsini bu səviyyədəki hakimlərə bağlayırdı. Doğrudur, bu oyunda baş hakim Rəhim Həsənov “Neftçi”nin əleyhinə kifayət qədər ədalətsiz qərarlar verdi. Həqiqətdir ki, “Sabah”ın qazandığı penalti yanlış, Dabonun meydandan qovulması səhv qərar idi. Qələbə qazanılan oyundan sonra belə bu qədər kəskin etirazın da səbəbi başadüşüləndir.  Klub rəhbəri bununla gələcək oyunlardakı hakimlərə göz dağı verib “nə badə çaşarsınız” mesajını çatdırır. Ölkədə futbolun ən çox meydandan kənar “oynandığını” nəzərə alsaq buna da nisbətən normal yanaşırıq. Ancaq maraqlı bir həqiqət də odur ki, hələ ötən tur “Səbail”in qapısına verilən yalançı penaltinin göz yaşları qurumayıb. Görəsən həmin görüşdəki baş hakim Rauf Cabbarov ölkə futboluna yaraşırdı ? Və ya Kamran Quliyevin bügünkü hay-həşiri həmin oyun niyə yox idi ? Bəlkə də udmuşdular deyə Kamran müəllim buna rəva bilməyib. Bəs ölkə futbolu, inkişaf ? Bu söhbətlər harda qaldı ? Üstəlik məhz həmin oyun “Səbail”in məğlubiyyəti  ilə nəticələndi. “Neftçi” isə bu oyun qələbə qazandı.

Bəylər, ədalətli olun. Ədələtli olun ki, canınız yananda kimsə sizə inansın, etibar etsin. Əgər başqası diri-diri yananda səssizcə izləyirdinizsə, onun balaca bir qığılcımı sizə düşəndə aləmi bir-birinə qatmayın. Axı siz ölkə futbolun inkişafını düşünürsünüz…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43