Dünya futbolu

Kanibolotski: “Vorskla” “Qarabağ”ı məğlub edə biləcək gücdədi”

Ötən mövsüm “Qarabağ”da çıxış edən ukraynalı qapıçı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib.

Polşa təmsilçisi “Medz”də çıxış edən 30 yaşlı qapıçı bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu barədə də fikirlərini bölüşüb.

– Azərbaycan çempionundan niyə ayrıldız?
– Bunun səbəbləri var idi. İlk növbədə az oyun keçirməyim məni qane etmirdi. İkincisi isə Azərbaycanda 1 il yaşadım. Artıq Ukraynaya yaxın bir ölkəyə getmək istəyirdim. Bu səbəbdən də ayrıldım və Polşaya ayaq açdım.

– Maliyyə baxımından “Medz” və “Qarabağ”ı müqayisə etmək olar?
– Əlbəttə ki, yox. “Qarabağ”da hər şey qaydasında və yüksək səviyyədə idi.

– Azərbaycanda hansısa klubu “Qarabağ”ı “taxt”dan sala biləcəkmi?
– Əlbəttə, möcüzə hər zaman olur. Ancaq ən azı bu mövsüm dəyişiklik olacağını düşünmürəm. “Qarabağ” yenə çempionluğa ən real namizəd görünür.

– “Qarabağ”ın əsas gücü nədədi?
– Digər komandalardan fərqli olaraq, heyətində texnikalı futbolçu çoxdu. Komanda taktiki planda da çox savadlıdı.

– Bu gün “Vorskla” səfərdə “Qarabağ”la oynayacaq. Bu komandaya nə məsləhət görərdiniz?
– Onlar evdə çox yaxşı oynayırlar. “Qarabağ” ilk dəqiqələrdən hücuma atılsa, heç kim üçün sürpriz olmayacaq. Poltavalılar isə standart vəziyyətlərdən yararlanmalıdırlar. “Qarabağ”ın bununla bağlı problemləri var. “Vorskla”nın “Arsenal” və “Sportinq”lə oyunlarını görmüşəm. Ona görə də  deyə bilərəm ki, bugünkü qarşılaşma maraqlı olacaq.

– Bu oyunu “Vorskla” üçün qrupdan çıxmaq baxımından sonuncu şans saymaq olar?
– Hesab edirəm ki, “Vorskla” “Qarabağ”ı uda biləcək gücdədi. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Komanda şəklində də pis təsir bağışlamırlar. Taktiki planda yaxşı hazırlaşsa və ən yaxşı oyununu göstərə bilsələr, 3 xala ümid etmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43